ELMİ YARADICILIĞI

 

Abdulla Şaiqin çoxşaxəli yaradıcılığının mühüm bir qolunu onun elmi fəaliyyəti təşkil edir. Məqalələri, xatirələri, dərsliklərinə daxil etdiyi oçerklər Abdulla Şaiqə sanballı alim kimi istinad etməyə əsas verən qiymətli elmi-nəzəri məxəzlərdir. Abdulla Şaiq ədəbiyyatşünaslığın bütün sahələrində qələmini sınamışdır. Onu ədəbiyyat tarixçisi, ədəbiyyat nəzəriyyəçisi, həm də tənqidçi hesab etmək olar.

XX əsrin əvvəllərində ədəbiyyatşünaslıq bir elm kimi yeni-yeni formalaşdığı üçün onun nəzəri sütunları qoyulurdu. Ədəbiyyatşünaslıq elminin elmi-nəzəri bazasını yaradan alimlərdən biri də Abdulla Şaiq olmuşdur. Bu illərdə ədəbiyyatşünaslar ədəbiyyat tarixi yaratmaq təşəbbüsünü göstərirdilər. Ədəbiyyat tarixinin yaradılması üçün onun haradan başlayıb, hansı mərhələlərdən keçdiyini müəyyənləşdirmək, klassik və çağdaş irsə münasibəti formalaşdırmaq kimi vəzifələrin həyata keçirilməsi zərurəti meydana çıxırdı. İsmayıl Hikmətin, Atababa Musaxanlının, Abdulla Surun, Bəkir Çobanzadənin və b. milli ədəbiyyatımızın mənşəyi, dövrləşdirilməsini əks etdirən ədəbiyyat tarixi konsepsiyaları yarandığı kimi Abdulla Şaiq də özünün ədəbiyyat tarixi konsepsiyası ilə ədəbi-estetik fikir tariximizin tərtibi və təbliği işində mühüm işlər görmüşdür. Onun konsepsiyası XX əsrin ümumi ədəbi-elmi atmosferini əks etdirsə də, üslub, fikir baxımından özünəməxsusluqları vardır.

Alim Şaiq Vaqif poeziyasını milli yazılı ədəbiyyatımızın təməli hesab edir. Milli dilə, ədəbiyyata bağlılıq Abdulla Şaiqdə o qədər qüvvətli idi ki, o, fars dilində yazdıqları üçün Nizami Gəncəvi, Əfzələddin Xaqani və başqalarının yaradıcılığını Azərbaycan ədəbiyyatını “zinətləndirməyəcəyini” təəssüflə yazırdı. Abdulla Şaiq, eyni zamanda Salman Mümtazın tapıntısı olan XV əsr Azərbaycan şairi Həbibi haqqında da məlumat verir.

Alim Şaiq Azərbaycan ədəbiyyatının yarandığı dövrdən üç mərhələdən keçib gəldiyini qeyd edir:

I. Xalq ədəbiyyatı dövrü (islama qədər)
II. İxtilat dövrü (islamdan M.F.Axundov yaradıcılığına qədər)
III Təqlid və iqtibas dövrü (M.F.Axundov yaradıcılığından Sabir yaradıcılığına qədər)

Alimin məqalə, oçerk və dərsliklərində klassik Azərbaycan ədəbi irsi öz həqiqi obyektiv elmi qiymətini almışdır. Abdulla Şaiqin ədəbi-tənqidi görüşləri həm Qərb, həm də Şərq ədəbi-estetik fikri zəminində formalaşmışdır. Bu baxımdan onun elmi mülahizələri geniş miqyaslı ümumiləşdirmələrə söykənməsi ilə maraqlı və orijinaldır.

Yaradıcılığının bütün sahələrində bəzən realist fikirlər əks olunsa da, Abdulla Şaiq fitrətən romantik idi. Ədəbi hadisələri romantizm yaradıcılıq metodunun estetikasından çıxış edərək dəyərləndirməsi Şaiq tənqidinin aparıcı xüsusiyyətlərindəndir. Romantik tənqidin nümayəndəsi kimi Abdulla Şaiq tədqiqat obyekti olaraq, romantik yazıçıları və əsərləri seçir; sənətin mahiyyətini romantikcəsinə izah edir; təhlil etdiyi əsərlərdə kədər axtarışlarında olur və s. Onun mülahizələrinə görə, insan ruhunu həyəcana gətirən bədii əsər mükəmməl hesab edilə bilər. Həyəcan yaradan xüsusiyyət kimi, alim “həzz” və “ələm”in rolundan danışır. Abdulla Şaiq tənqidinin və romantizminin ən bariz cəhətləri müəllifin “Cavidin “İblis” nam hailəsi haqqında duyğularım” məqaləsində əks olunub. Məqalə faciə janrının nəzəri-estetik prinsiplərinin ilk dəfə şərh edilməsi baxımından əhəmiyyətlidir.

Abdulla Şaiqin H.Cavidlə birlikdə yazdığı 1919-cu ildə çap olunmuş “Ədəbiyyat dərsləri” kitabı Azərbaycan ədəbiyyatşünaslığında ilk nəzəriyyə kitablarındandır. Əsasən, Şərq nəzəri fikrinə söykənən bu poetika kitabı elmi tutumu ilə bu gün də müasirdir.

Abdulla Şaiq ədəbiyyatşünaslığa dair problem məqalələrlə yanaşı S.Ə.Şirvani, M.Füzuli, M.F.Axundov, A.Səhhət, M.Ə.Sabir, M.Hadi, T.Fikrət, M.P.Vaqif və b. barədə portret məqalələrin müəllifidir. Abdulla Şaiq onlardan bir çoxunun ilk bioqrafı olmuşdur.

Arzu Hacıyeva
Filologiya üzrə fəlsəfə doktoru

____
A.Şaiqin elmi əsərləri

1. Dilimiz və ədəbiyyatımız
2. Ələkbər Sabirin ədəbiyyatımızdakı əhəmiyyəti və mövqeyi
3. Məhəmməd Hadi Əbdüssəlimzadə
4. Tofiq Fikrətin türk ədəbiyyatı tarixində əhəmiyyəti
5. Insanların həyatında şeir və ədəbiyyatın mövqeyi və əhəmiyyəti
6. Füzuli ilə Nəfinin əsərlərində şəkil və mənaca müsabihət və ayrılıq cəhətləri
7. Mirzə Fətəli Axundov haqqında mülahizələrim
8. Cavidin “İblis” nam hailəsi haqqında duyğularım
9. M.F.Axundovun “Aldanmış kəvakib”I haqqında mülahizələrim
10. 1905-ci il inqilabından sonra yetişmiş ədəbiyyatımıza səthi bir nəzər
11. Mirzə realist və sənətkar bir şairdir
12. Lirik el yaradıcılığının xüsusiyyətləri
13. Hacı Seyid Əzim Şirvani



İyun 2024
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
 

 


    Cavidcə həyat yaşamaq və yaşatmaqdan ibarətdir. Iblis əsərin ilk və son pərdəsinin nəhayətində xalq içində məruf olan əsatiri iblis olaraq göstərilirsə də, Cavidcə iblis öz nəfsinə məğlub olan və yalnız özünü yaşatmaq üçün bəşəriyyəti və onun bir ailəsi olan millətləri zəhərləyən, hürriyyətinə, yaşamasına əngəl olan xain, xudbin adamcıqlar və millətlərdir.
 

“Cavidin “İblis” nam hailəsi haqqında duyğularım” məqaləsindən, 1925   

 


 

 


    Abdulla Şaiqin yaradıcılığı xalqımızın həyatının yarıməsrlik bir dövrünün ədəbi salnaməsidir. Abdulla Şaiqin əsərləri Azərbaycan klassik ədəbiyyatı və xalq yaradıcılığının ən yaxşı ənənələri əsasında yaranmışdır.


Mirzə İbrahimov  

 


 

 


    ...Abdulla Şaiqdən tək bir yazıçı, pedaqoq və maarif xadimi, yalnız tənqidçi, ədəbiyyarşünas və dilşünas kimi, yaxud dərsliklər müəllifi, yüksək əxlaqi-mənəvi keyfiyyətlərə malik vətəndaş və şəxsiyyət kimi ayrı-ayrılıqda danışmaq onun haqqında tam təsəvvür oyada bilməz, buna ancaq ədibin çoxşaxəli fəaliyyətini tam halda əhatə etmək və mənalandırmaqla nail olmaq mümkündür.


Kamal Talıbzadə, 1981  

 

 

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.