UŞAQ YARADICILIĞI
A.Şaiqin zəngin irsində uşaqlar və gənclər üçün əsərləri olduqca mühüm yerlərdən birini tutur.
Əsrin başlanğıcında Ə.Sabir, A.Səhhət, S.Sani, A.Şaiq kimi qabaqcıl müəllim-yazıçılar təlim-tərbiyə məsələlərinə dair fikirlərini müvəffəqiyyətlə həyata keçirmək üçün bir neçə sahəni öz fəaliyyətlərində birləşdirir, ədəbiyyatınn qüdrətli təsir vasitələrindən olduğunu nəzərə alaraq yaradıcılıqlarının bir hissəsini vətən balalarına məxsus əsərlər yaratmağa həsr edir, beləliklə də yeni uşaq ədəbiyyatını sağlam əsaslar üzrə möhkəmləndirirdilər. Azərbaycanda əsl uşaq ədəbiyyatının yaranması və təşəkkülü daha çox bu sənətkarların adları ilə bağlıdır. Həmin sahədə A.Şaiqi öz dostlarından, müasirlərindən fərqləndirən başlıca cəhət isə fəaliyyətə başladığı gündən ömrünün sonunadək hamıdan artıq və hamıdan ardıcıl məşğul olmasıdır. Təsadüfi deyil ki, bu da ona “uşaq ədəbiyyatının klassik yaradıcısı” (M.İbrahimov), “Azərbaycanda yeni uşaq ədəbiyyatının banisi” (M.Rzaquluzadə) kimi şərəfli ad qazandırmışdır.
A.Şaiq mürəkkəb xüsusiyyətli, genişsahəli tərbiyənin məqsəd və üsullarını aydınlaşdıran, iradə, əxlaq, ailə, məktəb, vərdiş, əmək tərbiyəsi məsələlərini və sairəni ətraflı şərh edən, yeni pedaqoji problemlər qaldıran xüsusi elmi-nəzəri əsərlər yazmışdır. İlk fəaliyyət dövründən müəllim-yazıçı Şaiq uşaqlarda sağlam anlayış, incə zövq, gözəllik duyğusu, nitq qabiliyyəti, böyüyə hörmət, əməyə, təbiətə, xalqa və vətənə məhəbbət hissi yaratmağa səy edir. O, uşaqların və gənclərin psixologiyasını yaxşı bilən, ruhunu duyan, tələblərini nəzərə alan, qəlblərinə yol tapmağı bacaran həssas sənətkar-müəllim idi.
Az uşaq tapılar ki, A.Şaiqin “Xoruz”, “Keçi”, “Quzu”, “Uşaq və dovşan” kimi bədii parçalarını (1906) xüsusi zövq və ləzzətlə oxumasın. “Çoxəsrlik şeir tarixində ilk dəfə idi ki, uşaqların dilindən oxunmaq üçün” bu cür sadə lirik parçalar yaranırdı (Ə.Mirəhmədov). Bu şeirlərdə sözçülük, nəsihətçilik, quru mühakimə yoxdur; son dərəcə konkretlik və canlılıq, sadəlik və aydınlıq, oynaqlıq və ahəngdarlıq vardır. Şaiq bu ilk uğurlarını uşaqlara məxsus başqa əsərlərində də qoruyub saxlamağa və inkişaf etdirməyə fikir vermişdir.
Müəllifin “Payız”, “Bahar”, “Payız gecəsi”, “Payızın axır ayı”, “Səhər” kimi şeirləri uşaqları təbiətin müxtəlif vəziyyəti, hadisə və xüsusiyyətləri ilə tanış edir, onların çox sevdikləri və meyl göstərdikləri bir aləmə marağını artırır, şüurlu münasibətini qüvvətləndirir.
A.Şaiq yaradıcılığında uşaq ədəbiyyatına doğru ciddi dönüş 1910-cu ildən başlanır. O, indi lirik şeirlərlə yanaşı nisbətən irihəcmli və müxtəlif janrlı əsərlər yazmağa keçərək Azərbaycan uşaq ədəbiyyatını “Tıq-tıq xanım”, “Yaxşı arxa”, “Tülkü və xoruz”, “Gözəl bahar” kimi pyes və mənzum nağıllarla zənginləşdirir.
A.Şaiq boz keçi, körpə quzu, yetim cücə, məstan xoruz, dəcəl dovşan haqqındakı şeirlərində uşaqlara faydalı quş və heyvanlara qayğı ilə yanaşmaq hissi aşılayırsa, mənzum hekayələrində başqa heyvanlardan söhbət açıb, tərbiyənin məqsəd və vəzifələrini də ona müvafiq istiqamətə yönəldir.
Balacalar üçün ilk maraqlı səhnə əsərini də A.Şaiq yazmış və “Gözəl bahar”la (1910) Azərbaycan uşaq dramaturgiyasının əsasını qoymuşdur. Pyesdə iştirak edən surətlər ilin fəsilləri, təbiət qüvvələridir. Qış, Bahar, Günəş, Yer, Su, Yel aydın bədii dillə danışaraq özlərini mənalı şəkildə səciyyələndirirlər. Əsər bir tərəfdən uşaqların təbiət hadisələri haqqındakı təsəvvürünü genişləndirirsə, digər tərəfdən daha mühüm məqsəd və qayə izləyir. Qış surətində mütləqiyyət, zülm, istismar, Bahar surətində isə azadlıq və səadət nəzərdə tutulmuş, iki fəsil arasındakı “düşmənçilik” də buradan irəli gəlmişdir.
A.Şaiqin inqilabadək yazdığı uşaq əsərləri cərgəsində “Yeni köməkçi”, “Çoban mahnısı”, “Alma oğrusu”, “Şələquyruq”, “Murad”, “Cümənin qəzəbi”, “Danışan kukla” kimi müxtəlif formalı nümunələrə də rast gəlirik. Bu əsərlərdə müəllifi düşündürən başlıca məsələ uşaqların əxlaqı, təlim-tərbiyəsidir. Şıltaqlıq, dəcəllik, tənbəllik, tamahkarlıq, oğurluq kimi yaramaz hərəkətləri pisləyən, bunun konkret zərərli nəticələrini göstərən yazıçı uşaqlara mərdlik, namusluluq, çalışqanlıq, qayğıkeşlik, mehribançılıq, düzlük, əməksevərlik və b. nəcib sifətlər aşılayır, onları mənəvi-əxlaqi cəhətdən yüksəltmək, ləyaqətli və gərəkli adamlar kimi yetişdirmək məqsədi izləyir.
Filologiya üzrə fəlsəfə doktoru Yaqub İsmayılovun
tədqiqatı əsasında tərtib edilib
Qışam, mənim böyük adım, sanım var;
Qardan, buzdan iliyim var, qanım var.
Ayaz, Boran, külək mənim əsgərim,
Dünyada tək bunlardır sevdiklərim.
Qanadımı çarpdıqca mən hər zaman,
Qüvvətlənir Külək, Ayaz, Qar, Boran.
Hər ölkəyə yayılır bu qanadım,
Ağızlarda gəzir şöhrətim, adım.
Payız girər, mənə zəmin hazırlar,
Günəş artıq sönük-sönük parıldar.
“Gözəl bahar” uşaq pyesindən Qışın monoloqu, 1910
Çobanların haqqında yazdığınız şeirlər mənim çox xoşuma gəldi, neçə kərəm onları özüm üçün və şagirdlər üçün oxumuşam. Onlara da şox xoş gəlib, üzünü götürüblər. Onların xoşa gəlməsinə səbəb şeirlərin sadəliyi və həqiqi hissiyatdan doğub vücuda gəlməsidir.
Firidunbəy Köçərli, 1911
Sizi yaxından tanıyanlar yaratdığınız əsərlərlə şəxsiyyətiniz arasında qəribə bir uyğunluq olduğunu görürlər. Siz öz mənəvi ülviyyətinizlə nadir adamsınız. Siz gənc nəslimiz üçün bir örnək olmağa layiqsiniz.
Məmməd Arif, 1946
Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.