Tərcümeyi-hal
Azərbaycan ədəbiyyatı bütün dünyada özünün görkəmli şəxsiyyətləri ilə tanınır. Abdulla Şaiq Azərbaycan ədəbiyyatı tarixində zəngin irs qoyub getmiş nümayəndələrdən biridir. O, Şərq və Qərb ölkələrində yaxşı tanınan çoxşaxəli yaradıcılığa malikdir. O, Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinə Şair, nasir, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, müəllim və ictimai xadim kimi daxil olmuşdur. A.Şaiq Azərbaycanda uşaq ədəbiyyatının yaradıcılarından biri, uşaq dramaturgiyasının banisidir. Ədibin çoxsaylı bədii, elmi, pedaqoji əsərləri hər bir yaş dövründə insanların mənəvi dünyasının zənginləşməsinə, əxlaqının formalaşmasına, milli özünüdərkin inkişafına xidmət edir.
Abdulla Talıbzadə 1881-ci il fevralın 24-də Zaqafqaziyanın mədəni mərkəzi Tiflisdə Axund Molla Mustafa Talıbzadənin ailəsində doğulmuşdur. Axund Molla Mustafa Şərq mədəniyyətinə dərin bələd olan din xadimi idi. Tiflis qazısının müavini, sonra isə ruhani idarəsində Şeyxülislamın birinci müavini olmuşdur. O, oğlu Abdullanı gələcəkdə din xadimi görmək arzusunda idi. 1893-cü ildə anası Mehri sonralar din xadimi, ziyalı və azadlıq mübarizi kimi tanınan böyük oğlu Yusifi və Tiflisdə altı sinifli şəhər müsəlman məktəbində ibtidai təhsilini yenicə başa vuran kiçik oğlu Abdullanı və qızını özü ilə İrana – Xorasan şəhərinə aparır və oğullarını urmiyalı Mirzə Yusifin yeni üsulla açılmış məktəbinə qoyur. Burada ərəb və fars dilini mükəmməl öyrənən Abdulla dini təhsil alsa da, dünyəvi elm və biliklərə, xüsusən klassik ədəbiyyata ciddi maraq göstərir. Fars dili və ədəbiyyatını, türk dilinin qrammatikasını, məntiq, psixologiya və ümumi tarix fənlərini dərindən-dərinə öyrənir. 16 yaşında ikən Məhəmməd Füzuli lirikasının təsiri altında qəzəllər yazır, rus satirik şairi Krılovun “Sazəndələr”, “Qarğa və tülkü”, “Meymun və gözlük”, “Qurd və pişik” təmsillərini fars dilinə tərcümə edir. Uğurlu tərcümələr onu bədii yaradıcılığa həvəsləndirir.
1900-cü ildə Xorasandan Tiflisə qayıdan Abdulla Şaiq burada qərar tuta bilmir. 1901-ci il aprelin 22-də atasına maddi və mənəvi kömək məqsədi ilə Bakıya gəlib burada müəllimlik hüququ almaq üçün imtahana hazırlaşır. Bu dövrdə Nəriman Nərimanov gənc Abdullaya qayğı və köməyini əsirgəmir.
Ailələri arasında əlaqə və yaxınlıq olduğu üçün Şaiq anası ilə Nəriman Nərimanovun yanına gəlir, Bakiya gəlməyinin səbəbini söyləyir. Nəriman Nərimanov onun fikrini bəyənir. Oxumaq üçün ona özünün yazdığı “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” (1899) kitabını bağışlayır. Həmçinin Şaiqə metodikanı, didaktikanı, Azərbaycan dilinin qrammatikası və ədəbiyyatını yaxşı öyrənməyi tapşırır. Abdulla Talıbzadə böyük bir həvəslə imtahana hazırlaşır. Nəhayət, bir neçə aydan sonra həmin gün gəlib çatır… 1901-ci il aprelin 22-də Birinci Aleksandriyski gimnaziyada komissiya qarşısında əla qiymətlə imtahan verib, orta məktəblərdə Azərbaycan dili müəllimi hüququ alır.
Abdulla Bakıda əvvəlcə rus-tatar məktəbində ana dilini tədris edir, ayrı-ayrı məktəblərdə müvəqqəti ehtiyat müəllimi kimi çalışır, sonra altı sinifli şəhər məktəbində müəllimlik fəaliyyətinə başlayır. O, ilk gündən öz işgüzarlığı, bilik və bacarığı ilə diqqəti cəlb edir.
Bakı mühiti gənc Abdullanın dünyagörüşündə, ədəbi-pedaqojı fəaliyyətində ciddi dönüş yaradır. O, 1903-1907-ci illərdə Həbibbəy Mahmudbəyovun müdir olduğu altı sinifli Sabunçu məktəbində ana dili müəllimi işləyir. Sabunçu qəsəbəsində dərs deyir. Bir ildən sonra üçüncü gimnaziyaya dəyişdirilir. Bu illərdə gənc Abdulla klassik Azərbaycan ədəbiyyatını öyrənir, şeir və hekayələr yazır, rus dili və ədəbiyyatına dərindən bələd olur.
Əbdürrəhim bəy Haqverdiyevlə və Süleyman Sani Axundovla tanışlığı, əməkdaşlığı və dostluq əlaqələri onun ədəbi-pedaqoji fəaliyyətinə səmərəli təsir göstərir. 1905-ci ildə üçüncü kişi gimnaziyasında ana dili müəllimi işləyən Abdulla Şaiq M.Ə.Sabir, A.Səhhət, M.Hadi və H.Cavidlə tanış olur.
1905-ci il inqilabından sonrakı ziddiyyətli dövrdə Bakı ictimai-siyası həyatında da oyanış, yenilik nəzərə çarpdı: şəhərdə müxtəlif məsləkli qəzet və jurnallar nəşrə başladı. Mətbuat təzadlı ictimai-siyasi aləmdə baş verən hadisələri ayna kimi əks etdirirdi. Gənc Abdulla Şaiq cəmiyyətdə baş alıb gedən ziddiyyətli məfkurə mübarizəsindən kənarda qalmırdı. Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi, Hüseyn Cavid ilə dostluq ünsiyyəti, “Molla Nəsrəddin” (1906-1931), “Füyuzat” (1906-1907) jurnallarının demokratik mövqeyi Abdulla Şaiqin ideya-fikri inkişafına aydınlıq gətirir. “Dəbistan”, “Məktəb”, “Açıq söz”, “Doğru söz”, “İqbal”, “Yeni iqbal”, “Nicat” və sair qəzet və jurnallarda çıxan əsərləri onun ədəbi-məfkurəvi mübarizədə demokratik mövqedə dayandığını göstərirdi. 1907-1910-cu illərdə yazdığı “Məktub yetişmədi”, “Hürriyyət pərisinə”, “Yad et”, “İntiharmı, yaşamaqmı?”, “Hamımız bir günəşin zərrəsiyik”, “Köç”, “Son bahar”, “Cəhalətdə mücadilə” və digər əsərlərində doğma xalqına məhəbbət, azadlıq motivləri başlıca yer tutur. Abdulla Şaiq Realnı məktəbdə müəllimliklə yanaşı, yeni dərs proqramlarını tərtib edir, “Uşaq ceşməyi” və “İkinci il” (bir neçə müəlliflə) dərslikləri üzərində işləyir. O, ədəbi yaradıcılığında da kiçik yaşlı uşaqların vətənpərvərlik ruhunda, vətəni və milli dəyərləri sevmək ruhunda tərbiyə edilməsinə qayğı ilə yanaşır. “Məktub yetişmədi”, “Hürriyyət pərisinə”, “Yad et” və sair əsərlərini yazır. R.Botşalın “Qafqaz çiçəyi” pyesini təbdil edir, “Nicat” xeyriyyə cəmiyyəti tərəfindən tamaşaya qoyulmasına nail olur. Litvalı müəllim V.Mitskeviçusla tanış olur, onunla dostlaşır. Gənc nəslin elm və biliklərə yiyələnməsi, sağlam ruhda, vətəndaş kimi böyüməsi problemi A.Şaiqin fəaliyyətində təxirəsalınmaz vəzifəyə, vətən borcuna çevrilir.
1906-1907-ci illərdə Şaiq Bakıda keçirilən müəllimlərin I və II qurultaylarının katibi və proqram komissiyasının üzvü seçilir.
1910-1913-cü illərdə Abdulla Şaiq “Gözəl bahar” adlı ilk Azərbaycan uşaq pyesini, “Yaxşı arxa”, “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Şələquyruq” mənzum və mənsur hekayələrini və ruscadan təbdil etdiyi kiçik həcmli səhnə əsərlərini qələmə alır. Onun “Gözəl bahar” (1910) adlı ilk uşaq pyesi müvəffəqiyyətlə tamaşaya qoyulur, yığılan pul məktəb avadanlığına, kitab, dəftər və digər ləvazimatın alınmasına sərf olunur.
Abdulla Şaiq “Gözəl bahar” pyesi ilə Azərbaycanda uşaq dramaturgiyasının təməlini qoymuşdur. Bundan sonra milli teatr repertuarını zənginləşdirmək məqsədilə “Danışan kukla”, “Çoban Məmiş, “Kimdir haqlı”, “Yazıya pozu yoxdur”, “Aydoğdu”, “Həqiqətə doğru”, “İldırım”, “Şair və qadın” pyeslərini qələmə almışdır. 1913-cü ildə onun “Şələquyruq”, “Murad” kitabçaları cıxır.
Bu dövrdə Abdulla Şaiq təkcə bədii əsərləri ilə deyil, tərtib etdiyi “Türk çələngi”, “Türk ədəbiyyatı”, “Milli qiraət kitabı” dərslikləri ilə də ədəbi ictimai fikrin, maarifçiliyin inkişafına çalışırdı. 1912-ci ildə “Gülzar” dərsliyi çapdan çıxır. O, gəncliyin məfkurəvi yüksəlişi üçün geniş meydan axtarırdı. “Dan ulduzu” (1914) ictimai-siyası və ədəbi jurnalını nəşr etmək istəyi də mətbuatdan tribuna kimi istifadə məqsədi güdürdü. Bu təşəbbüsü N.Nərimanov bəyənsə də, onun həyata keçirilməsinin çətinliyini, irticanın buna yol verməyəcəyini söyləmişdi.
A.Şaiq 1916-cı il oktyabrın 15-də Bakıda müsəlman uşaqları üçün bağça açılmasına icazə alır. Lakin bu təşəbbüs səmərəsiz qalır. 1918-ci ildə o, Realnı məktəbdə ilk milli siniflər yaradır. “Əsrimizin qəhrəmanları” romanını başa çatdırır. “Ülkər” (1919), “O sən idin” (1919), “Həyat sevməkdir” (1919) və s. şeirlərini yazır. Eyni zamanda “Müntəxabat”, “Türk çələngi”, “Ədəbiyyat dərsləri” adı ilə dərslikləri tərtib edib nəşrə hazırlayır.
1920-1034-cü illərdə A,Şaiq yorulmaz maarif xadimi kimi yeni məktəblərdə, altıaylıq kurslarda, birillik şərq fakültələrində dərslərin keçirilməsinə və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun təşkilinə kömək edir, tədris vəsaiti hazırlayır, metodiki, elmi-pedaqoji məqalələrlə vaxtaşırı çıxış edir, müəllimlik fəaliyyətini davam etdirirdi. “Türk ədəbiyyatı” (1920), “İkinci il” (1921), “Milli qiraət” (1922), “Qiraət kitabı” (1924), şərikli hazırladığı “Ədəbiyyatdan iş” (1928) və “Dördüncü il” (1930) dərslikləri nəşr olunur. Eyni zamanda istedadlı ədəbi gəncliyin qayğısına qalırdı. Rəhbərlik etdiyi ədəbiyyat dərnəklərində, keçirdiyi disput və müsamirələrdə tələbələrə milli mənəvi dəyərlərimizi, klassik ədəbi irsi dərindən öyrətməyə çalışırdı.
1934-cü ildən A.Şaiq Azərbaycan Dövlət Nəşriyyatının uşaq ədəbiyyatı şöbəsində redaktor, 1937-ci ildən Gənc Tamaşaçılar Teatrında bədii-pedaqoji hissə müdiri vəzifələrində işləyir. “Xasay” (1937), “Eloğlu” (1939), “Vətən” (1941) pyesləri bu dövrdə teatr səhnəsində müvəffəqiyyətlə tamaşaya qoyulur.
A.Şaiq gərgin pedaqoji fəaliyyəti ilə yanaşı bədii yaradıcılıqla da məşğul olur, “Gənclik marşı” (1921), “Üsyan et” (1921), “Şərq gözəlinə” (1921), “Qızım Altunsaç” (1922), “Bizimdir” (1922), “Azadlıq pərisinə” (1924), “Əmək pərisinə” (1924) və s. şeirlərini yazır. 1923-cü ilin dekabrında A.Şaiqin ədəbi-pedaqoji fəaliyyətinin iyirmi illik yubileyi təntənə ilə keçirildi. Bu münasibətlə Azərbaycan Pedaqoji İnstitutunun nəzdində onun müəllimlik etdiyi məktəbə “Şaiq nümunə məktəbi” adı verilir. Bu hər şeydən öncə Azərbaycan təhsilinin təşkilində, pedaqoji fikrin inkişafında onun böyük xidmətini sübut edirdi.
“Həqiqətə dair” (1921), “Yazıya pozu yoxdur” (1921) kiçik həcmli pyeslərinin “Tənqid-təbliğ” teatrında tamaşaya qoyulması, “İldırım” kitabının nəşri (1927), V.Şekspirin “Maqbet” əsərini tərcümə etməsi (1939), “Xasay”, “Eloğlu” (1939) pyeslərini nümayiş etdirməsi A.Şaiqə dramaturq kimi şöhrət qazandırır.
Abdulla Şaiqin Gənc Tamaşaçılar Teatrına ədəbi hissə müdiri dəvəti onun dram yaradıcılığına təkan verir. Gənc Tamaşaçılar Teatrının repertuarı Abdulla Şaiqin “Vətən”, “Ana”, “Nüşabə”, “Fitnə”, “Bir saat xəlifəlik” pyesləri ilə zənginləşir.
1940-cı ildə Abdulla Şaiq Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülür.
İkinci Dünya müharibəsi dövründə Abdulla Şaiq arxa cəbhədə çalışan əmək adamlarında qələbəyə inam və vətənpərvərlik duyğuları oyatmağa çalışır. Bədii yaradıcılığında, eləcə də məqalələrində müasir həyatın mühüm hadisələrinə toxunan Abdulla Şaiq klassik bədii irsə də müraciət edir. Nizami Gəncəvinin “Xəmsə” poeması motivi əsasından onun qələmə algığı “Nüşabə” (1945), “Fitnə” (1946), Süleyman Sani Axundovun eyni adlı əsəri əsasında yazdığı “Qaraca qız” pyesləri rəğbətlə qarşılanır. Şeir və hekayə topluları ilə yanaşı, Şərq və Avropa ədəbiyyatından etdiyi rətcümələr də əbidə şöhrət qazandırır. Onun Firdovsi, Şekspir, Puşkin, Krılov, Lermontov, Qorki, Çexov, Marşak kimi klassik yazıçıların əsərlərindən doğma dilimizə etdiyi tərcümələr bu gün də diqqəti cəlb edir.
Abdulla Şaiqin sağlığında onun əsərləri Azərbaycanın hüdudlarından kənarda da geniş yayılmışdı. Onun xarici ölkələrdə türk, rus, ingilis, fars, ərəb və bir sıra dünya xalqlarının dillərinə tərcümə olunan əsərləri sevilə-sevilə oxunmuşdur.
Abdulla Şaiq xidmətlərinə görə ümumxalq məhəbbəti qazanmışdır. O, 1946-1956-cı illərdə SSRİ Ali Sovetinin deputatı seçilmiş, “Qırmızı Əmək Bayrağı” ordeni (1956) və medallarla təltif olunmuşdur. “Qabaqcıl maarif xadimi ” fəxri adına layiq görülmüşdür.
Abdulla Şaiq 1959-cu il iyulun 24-də 78 yaşında vəfat edib, Bakı Fəxri Xiyabanında dəfn olunub.
Abdulla Şaiq Azərbaycan xalqının qəlbində görkəmli yazıçı, müəllim və ictimai xadim kimi yaşayacaqdır.
Ölkəmizdə Abdulla Şaiqin adının əbədiləşdirilməsi üçün tədbirlər görülmüşdür. 2001-ci il fevralın 24-də ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Abdulla Şaiqin ev muzeyi açılmışdır. Bakının Yuxarı dağlıq küçəsi, 54 saylı şəhər məktəbi, Dövlət Kukla Teatrı, Mingəçevir şəhər kitabxanası Abdulla Şaiqin adını daşıyır. Bakıda “Abdulla Şaiqin ev muzeyi”nə axın-axın ziyarətə gələnlər onun şərəfli həyat yolunu, çoxcəhətli fəaliyyətini əks etdirən eksponatlarla yaxından tanış olur, onu ehtiramla yad edirlər.
Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun
tədqiqatı əsasında tərtib edilib
“Yad et”
Atəşli, münir əməllərimlə,1908
Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.