ÜMUMİ MƏLUMAT
“Mən yazıçılığımdan ziyadə müəllimliyimlə fəxr edirəm” – deyən Abdulla Şaiq Azərbaycanda məktəb və maarif işinin yüksəlişində, milli uşaq dramaturgiyasının yaranmasında əvəzsiz xidmətləri olan ictimai xadimdir.
1902-ci ildən 1934-cü ilə qədər Abdulla Şaiq pedaqoji fəaliyyətini sürdürmüşdür. 1902-ci ildə o, Bakı üçüncü gimnaziyasında tatar dili müəllimi kimi işə başlayır. 1903-cü ildən 1910-cu ilə qədər Abdulla Şaiq yeddinci şəhər məktəbində, Sabunçu məktəbində, dördüncü gimnaziyada və realnı məktəbində işləyir. 1917-ci ildən Abdulla Şaiq Ali Pedaqoji İnstitutda, Abdulla Şaiq adına nümunə məktəbində, pedaqoji məktəbdə müəllimlik edir.
Abdulla Şaiqin fəaliyyəti təkcə dərs tədrisi ilə kifayətlənmir. O, uşaqların yaş və maraq dairəsinə uyğun dərsliklər tərtibçisidir. Uşaq psixologiyasının bilicisi olan Abdulla Şaiq pedaqoji fəaliyyətindən qaynaqlanan başqa bir sahənin – uşaq ədəbiyyatının banilərindən birinə çevrilir.
1907-ci ildə keçirilən II müəllimlər qurultayının dərsliklər haqqında qərarından sonra Abdulla Şaiq digər müəlliflərlə birlikdə “İkinci il” qiraət kitabını hazırlayır. Bunun ardınca o, “Uşaq çeşməyi” (1907), “İkinci il” (1908), “Gülşəni-ədəbiyyat” (1910), “Gülzar” (1912), “Uşaq gözlüyü” (1915), “İkinci il” (1918), “Türk çələngi” (1919), “Türk ədəbiyyatı” (1920), “Qiraət kitabı” (1924), “Ədəbiyyat dərsləri” (1928), “Ədəbiyyatdan iş kitabı” (1928) dərsliklərindən bəzilərinin müəllifi, bəzilərinin həmmüəllifi olur.
Dərsliklərdə Azərbaycan, rus, türk klassik ədəbiyyatının ən dəyərli nümunələri təqdim olunurdu. Abdulla Şaiq tərtib etdiyi dərsliklərə M.Füzuli, M.P.Vaqif, M.F.Axundov, S.Ə.Şirvani, Ə.Hüseynzadə, Ə.Cavad, H.Cavid, M.Hadi, A.Səhhət kimi ədiblərimizin; Krılov, Puşkin, Lermontov kimi rus sənətkarlarının tərcümeyi-hallarını və əsərlərindən nümunələr daxil etmişdir. Abdulla Şaiq klassik, eləcə də çağdaş türk ədəbiyyatını müntəzəm olaraq izləmiş, Türkiyə şair və yazıçılarından Ə.Hamid, M.Əlkazımi, S.P.Sezai, Q.Bəxtiyar, Ş.Nihal, Ə.Hikmət, T.Fikrət, Z.Göyalp və başqalarının yaradıcılığından nümunələri dərsliklərinə daxil etmişdir.
Abdulla Şaiq tələbələrini daim iftixarla yad etmişdir. Onun yetirmələri arasında Azərbaycan ictimai fikri tarixində xüsusi yeri olan bir sıra şəxsiyyətlər, o cümlədən H.Əlizadə, S.Rüstəm, R.Axundov, H.Talışinski, T.Ş.Simurg, B.Talıblı və b. olmuşdur. Abdulla Şaiq tələbələrinə həm müəllim, həm də valideyn qayğısı ilə yanaşmışdır. O, auditoriya xaricində də şagirdlərinin həyat, məişəti ilə maraqlanmış, onlardan mənəvi və maddi yardımını əsirgəməmişdir.
A.Şaiqin pedaqoji fəaliyyətində “Şaiq Nümunə Məktəbi”nin də rolu əvəzsizdir. Bu ad həmin tədris ocağına rəsmən, xüsusi qərar ilə verilməmişdi. Onu da müəllim və tələbələr özləri, valideynlər “Şaiq Nümunə Məktəbi” adlandırmışdılar. Bütün Azərbaycan ictimaiyyəti də bu adı o vaxt təsdiqləmişdi.
Mən yazıçılığımdan ziyadə müəllimliyimlə fəxr edirəm.
* * *
Şaiqin bütün şəxsiyyətini təsvir və təcəssüm üçün özünə iki nöqtədən yaxınlaşmaq vacibdir: “Şaiq – Şair! Şaiq – Müəllim!”
Atababa Musaxanlı, 1923
Mən Şaiq müəllimin tələbəsi olub onun tərbiyəsi ilə böyümüşəm. Mənim tərcümeyi-halımı onda soruşun.
Cəfər Cabbarlı
Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.