DRAMATURGİYA
1900-cü ilin payızında Bakıya gələn Abdula Şaiq tezliklə şəhərin mədəni mühiti ilə sıx əlaqə yaradır. O zaman burada fəaliyyət göstərən N.Nərimanov, S.M.Qənizadə kimi maarifçi müəllimlərlə, Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Məmmədağa Şahtaxtlı kimi dövrün görkəmli maarif və mədəniyyət xadimləri ilə yaxınlaşır. Gənc Şaiqin rus dilindən dərs deyən ziyalılarla əlaqə yaratması, dünya klassik ədəbiyyatı ilə tanış olması onun ədəbi görüşlərinin, yaradıcılıq istiqamətinin zənginləşməsinə təsir göstərir. Yeni təhsil sistemi əsasında nəşr etdirdiyi “Uşaq çeşməyi”, “Uşaq gözlüyü”, “İkinci il”(bir neçə müəlliflə) Şaiqə böyük şöhrət gətirir. Beləliklə, XX əsrin ilk onilliyində A.Şaiq çox sürətlə uşaq dünyasına daxil olur.
Abdulla Şaiq teatr sənətinə çox önəm verildiyi bir zamanda dramaturji fəaıiyyətə başlamışdır. Ədibin ədəbi-pedaqoji fəaliyyətinin təlim-tərbiyə məsələləri ilə bağlılığı ona Azərbaycan uşaq dramaturgiyasının əsasını qoymağa imkan vermişdi. Dram yaradıcılığına başlarkən ədib artıq bir şair, nasir, tərcüməçi və müəllim kimi məşhur idi. Uşaqların təlim-tərbiyəsində, onlarda esetik zövqün inkişaf etdirilməsində mühün rol oynayan çoxlu şeir, nağıl, hekayə və poemaları ilə yanaşı, Azərbaycan, fars və rus ədəbiyyatlarının ən gözəl nümunələrini təbliğ edən “Gülzar”, “Türk çələngi”, “Gülşəni ədəbiyyat”, “Ədəbiyyt dərsləri” və s. dərs kitablarını nəşr etdirmişdi. A.Şaiq ilk qələm təcrübəsi olan kiçik şeirlərindən başlamış, böyük həcmli əsərlərinə qədər bütün yaradıcılığında və peaqoji fəaliyyətində tərbiyəviliyi əsas götürmüşdür. Bu tərbiyəvi xətt milli özünüdərk, vətənpərvərlik, xalq məhəbbəti, qəhrəmanlıq kimi keyfiyyətləri özündə birləşdirmişdi. Əsil insan yetişməsi üçün vacib olan bu keyfiyyətlər onun səhnə əsərlərində də özünü bariz şəkildə göstərirdi.
A.Şaiq hələ 1910-cu ildən kiçik həcmli pyeslər yazmağa başlamış, həm də dünya klassik dramaturqlarının əsərlərindən tərcümə, iqtibas və təbdillər etmişdi. İstər tarixi hadisələri əks etdirən, istərsə də müasir mövzuda yazıılmış bu pyeslər ədibin yaradıcılığında çox mühüm bir yer tutur. Ədib dram yaradıcılığının ilkin mərhələsində “Gözəl bahar”, “Kimdir haqlı”, Çoban”, “Ürək tikmək, yaxud Qurban bayramı”, “Danışan kukla”, “İntiqamçı xoruz”, “Ay doğdu”, Aldanmış ulduzlar”, “Bir saatlıq xəlifəlik” “İldırım”, Azərbaycan Dövlət Darülfünunun yaradılmasına həsr edilmiş “Tələbə həyatı” kimi maraqlı pyeslər yaradır.
Abdulla Şaiqin Azərbaycan səhnəsində ən çox və uğurla oynanmış pyesi “Gözəl bahar”dır. Əsər ilk dəfə Bakıda ayrıca kitabça şəklində nəşr edilmişdir. “Gözəl bahar” pyesi 1910-cu ildə qələmə alınmış, o zaman şagirdlər tərəfindən səhnəyə qoyulmuşdu.
“Gözəl bahar” A.Şaiqin uşaqlar üçün yazdığı ilk pyesidir və ədib bununla Azərbaycanda uşaq dramaturgiyasının əsasını qoymuşdur. Ədib “Gözəl bahar”ın ilk tamaşasını şagirdləri ilə özü hazırlamışdı, onun ilk rejissoru, musiqi tərtibatçısı, ilk rəssamı da özü olmuşdu. Az müddət sonra pyes peşəkar səhnə ustaları tərəfindən dəfələrlə oynanılmışdı.
Ümumiyyətlə, A.Şaiqin dram yaradıcılığını üç əsas mərhələyə bölmək olar. Birinci mərhələ yuxarıda qeyd etdiyimiz uşaqların tərbiyəsinə, məişətinə, psixologiyasına həsr etmiş, bəziləri məktəb səhnəsi üçün nəzərdə tutulmuş uşaq pyesləridir. İkinci mərhələ ədibin Gənc Tamaşaçılar Teatrı üçün yazılmış dram əsərləridir. Üçüncü mərhələ isə tarixi dramlardır.
Abdulla Şaiqin dram yaradıcılığının 1937-ci ildən sonrakı dövrü bilavasitə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə bağlı olmuşdur. O dövrdə Xalq Komissarlığının İncəsənət şöbəsinin müdiri vəzifəsində çalışan Mirzə İbrahimovun təqdimatı ilə Teatrın ədəbi-pedaqoji şöbəsinin müdiri təyin edilməsi, onun yaradıcılığında dönüş yaratdı. Tezliklə teatrın rəhbərliyi və aktyorları ilə səmimi ünsiyyət yaradan A.Şaiq bir-birinin ardınca dəyərli pyeslər yazdı. Həm A.Şaiq teatrı şöhrətə çatdırdı, eyni zamanda teatr da ədib üçün əsil yaradıcılıq meydanına çevrildi.
Şaiqin teatra gəlişi bir çox yaradıcı insanların, eləcə də teatr mühitinin sevicninə səbəb oldu. Azərbaycanın xalq artisti Kazım Ziya yazırdı ki, Abdulla Şaiq kimi böyük bir simanın teatrımıza gəlməsini xüsusi qeyd etməliyik. Bu qocaman yazıçımız və müəllimimizin Gənc Tamaşaçılar Teatrına gəlməsi, nəinki teatrın repertuarında böyük dönüş yaratdı, hətta istedadlı bəstəkar və rəssamların teatrımıza cəlb edilməsinə səbəb oldu.
A.Şaiq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işə başladığı zaman repertuarda məktəblilərin həyatından, təlim, tərbiyə işindən, yaşayışlarından bəhs edən səhnə əsəri yox idi. Ədib özü bu barədə yazırdı:”1937-ci ildə Gənc tamaşaçılar Teatrında bədii-pedaqoji hissənin rəhbəri vəzifəsində çalışmağa başladıqdan sonra mən bir-birinin ardınca “Xasay”, “Eloğlu”, “Vətən”, “Qaraca qız”, “Fitnə”, “Ana” pyeslərini yazdım… Mən orada çalışdığım ilk illərdə teatrda repetuar çox kasıb idi. Əsasən tərcümə əsərləri oynanırdı”.
A.Şaiqin teatra təqdim etdiyi hər bir əsər böyük yaradıcılıq ruhu ilə qarşılanırdı. Belə əsərlərdən biri də Milli Dram Teatrının səhnəsində oynanılan “Nüşabə” dramı idi.
Ümumiyyətlə, A.Şaiqin teatrla bağlı yaradıcılığı saatlarla söhbətlərin mövzusudur. Hazırda A.Şaiqin Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Ədibin adını daşıyan Kukla teatrlarının repertuarında bu gün də maraqlı, öz aktuallığını itirməyən əsərləri tamaşaya qoyulur. İnanıram ki, Ədibin əsərlərinin ömrü Azərbayan xalqının və mənəviyyatının ömrü qədər olacaq.
Tarix üzrə elmlər doktoru Minaxanım Əsədovanın
tədqiqatı əsasında tərtib edilib
“Nüşabə” pyesindən
“Köç”, 1910
Abdulla Şaiq kimi böyük bir simanın teatrımıza gəlməsini xüsusi qeyd etməliyik. Bu qocaman yazıçımız və müəllimimizin Gənc Tamaşaçılar Teatrına gəlməsi, nəinki teatrın repertuarında böyük dönüş yaratdı hətta istedadlı bəstəkar və rəssamların teatrımıza cəlb edilməsi işinə səbəb oldu.
Kazım Ziya,
SSRİ Xalq artisti
Bu dünyada gözəl şair, həssas müəllim, nəcib bir insan yaşadı. Zaman ömrün qələmi ilə tarixə “Ş A İ Q” sözü həkk etdi. O, “şövq” kimi nur saçdı, “Günəşin zərrəsi” kimi kövrək, narın, zərif bir işığa bənzədi; yandı, xəfif-xəfif, zərrə-zərrə... Bu parlaq ziyanı, “günəşin zərrəsini” tarixdə yeni bir dövrün sabahı, məktəb, maarif və sənət sübhü al bir şəfəqə boyadı!
Yaşar Qarayev, 1971
Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.