NƏSR

 

Abdulla Şaiq ədəbiyyat tariximizdə görkəmli nasir kimi də tanınır. Onun “Məktub yetişmədi”, “Köç”, “Araz” və s. əsərləri XX əsr Azərbaycan nəsrinin klassik nümunələri sırasına daxildir. Təsadüfi deyil ki, XX əsrin əvvəllərində Azərbaycan ictimai-bədii fikrində mövcud olan yaradıcılıq təmayülləri özünü A. Şaiq yaradıcılığında, eləcə də bədii nəsrində bu və ya başqa şəkildə göstərir. Ideya-estetik əsasında maarifçilik duran həmin yaradıcılıq istiqamətlərinə realizmlə yanaşı, romantizm və sentimentalizm də daxil idi.

Elmi ədəbiyyatda A. Şaiq romantik bir ədib kimi dərk və qəbul edilir. Bununla yanaşı, onun yaradıcılığında sentimentalizmin də kifayət qədər çəkiyə malik olduğu son vaxtlar daha sistemli şəkildə təsdiq edilməkdədir. Ədibin istər poeziyasında, istərsə də nəsr və dramaturgiyasında romantizmlə sentimentalizm özünü paralel şəkildə göstərir. Belə əsərlərdən biri “İki müztərib, yaxud əzab və vicdan” romanıdır. Bu roman A. Şaiqin ilk nəsr əsəri olub, məktub şəklində yazılmışdır.

Bu romanın ideyası, üslubu, təsvir və təhkiyə tərzi, qəhrəmanların daxili, ruhi aləmlərinin ifadəsi baxımından sentimentalizm ədəbi cərəyanının tələblərinə uyğundur. Süjetin və hadisələrin inkişafı qəhrəmanların ümidsizliyi, hiss və duyğularının kövrəkliyi fonunda təqdim edilir.

A.Şaiqin yaradıcılığında sentimental keyfiyyət sonrakı mərhələdə öz yerini romantizmə tərk etsə də, müəyyən məqamlarda, məsələn, “Əsrimizin qəhrəmanları”nda Sona, “Araz”da Almas obrazlarının taleyində, “Qafqaz çiçəyi” və s. əsərlərdə özünü onunla (romantizmlə) paralel şəkildə ifadə edir. Eyni zamanda ədib özünün yaradıcılıq amalına sadiq qalaraq, sonrakı nəsr əsərlərində sınıq könüllərə, dərdli ürəklərə, uçuq-sökük daxmaların sakinlərinə daha artıq diqqət yetirir. Ancaq bu qəmgin aləmin sakinlərinin ağır güzəranı A. Şaiqi qəmləndirsə də onların daxili dünyalarının cazibəsi və ülviyyəti ədibin ruhuna qol-qanad verir. “Məktub yetişmədi”, “Köç”, “Əsəbi adam”, “Dursun”, “Əsrimizin qəhrəmanları”, “Araz” və s. əsərlər deyilənlərə dayaqdır.

A. Şaiq “Məktub yetişmədi” hekayəsində, “Əsrimizin qəhrəmanları” povestində və “Araz” romanında təsvir etdiyi sosial qütblərin – qurbanların, səfərlərin və kərbəlayi quluların ictimai-fikri və əxlaqi inkişaf yollarını və talelərini izləməyi qarşıya məqsəd qoymuşdur.

A. Şaiqin yaradıcılığında qadın qəhrəmanlar da ayrıca bir yer tutur və öz talelərinə, xarakterlərinə, həyat, yaşamaq əzmlərinə görə bir-birindən seçilməklə yanaşı, aralarında üzvi bir bağlılıq da var. Hətta onların bəziləri özlərindən əvvəlki bəzi surətlərin tale yolunun növbəti əsərlərdə tamamlanmasına xidmət edir.

“Qoçpolad”, “İki familiyanın məhvi”, “Köç”, “Dursun” əsərlərində XX əsrə qədərki və XIX əsrlə XX əsrin qovuşuq illəri də buraya daxil olmaqla böyük bir mərhələnin tarixi-etnokulturoloji proseslərinin bədii mənzərələri, işıqlı və qaranlıq səhifələri ilə tanış oluruq. Bütün hallarda xalqımızın milli etnik-mədəni keyfiyyətlərinə və mənəvi-əxlaqi dəyərlərinə A. Şaiqin sonsuz məhəbbətini və vətəndaş qayğısını görürük. Eyni zamanda o, öz soydaşlarında əcdadlarımızın qürur doğuran etnik-mədəni keyfiyyətlərini, qəhrəmanlıq, mərdlik, halallıq, əyilməzlik və s. xüsusiyyətlərini daim yaşatmağı, soyumuza layiq övlad olmağımızı istəyir və bu tarixi dəyərlərimizi təsirli bədii vasitələrlə oxucularına təbliğ və təlqin edirdi.

Abdulla Şaiqin bədii və elmi-nəzəri irsi Azərbaycan ədəbiyyatı tarixinin ən qiymətli nümunələrindəndir. Onun poeziya və dramaturgiyasında olduğu kimi, nəsrində də xalqımızın müəyyən bir tarixi inkişaf və düşüncə mərhələsinin bədii-estetik mənzərəsi ilə tanış oluruq. Ədibin “İki familiyanın məhvi”, “Qoçpolad”, “Qafqaz çiçəyi”, “İldırım”, “Dursun” və s. əsərlərində xanlıqlar və feodolizm dövrünün ictimai-tarixi mənzərəsi məişət və düşüncə tərzi, mədəni-mənəvi sistemi ilə qarşılaşır, “Məktub yetişmədi”, “Köç”, “Iki müztərib, yaxud əzab və vicdan” əsərlərində real həyat həqiqətlərindən doğan yanğılı, sentimental təsvir və təhkiyə üsulu arxasında yazıçının incə və həssas qəlbinin çırpıntılarını duyuruq. “Ovçu bağalar”, “Timsah ovu”, “Lovğa ovçu”,”Meşə gözətçisi” hekayələrində ətraf aləmin cazibədarlığı müqabilində, qəhrəmanların bu gözəlliyə, canlılara qayğıkeş münasibəti fonunda oxucuda təbiətə məhəbbət və qədirşünaslıq təbliğ olunur. “Sözün qiyməti”, “Usta Bəxtiyar”, “Cümənin qəzəbi” əsərlərində müəllif folklor motivlərinə söykənib, xalq hikmətindən qidalanırsa, “Hitlerin yuxusu”nda faşizmin iç üzü, vəhşi təbiəti ifşa edilir, “Xasay”, “Vəzifə” və digər nəsr əsərlərində müəllim və cəmiyyət, tərbiyə və gənclərin taleyi problemləri diqqət mərkəzində dayanır.

Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlunun
tədqiqatı əsasında tərtib edilib



İyun 2024
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
 

 


    Bu yerlərin səhərləri, axşamları mənə hər şeyi unutdururdu. Axşamlar qoyun-quzu mələşə-mələşə obaya dönərkən, səsdən qulaq tutulurdu. Xüsusən yavaş-yavaş nəfəs alan səhərlərin, axşamların qanadları ucundan yayılan sərinlik, dağ çiçəklərinin, cökə ağaclarının rayihəsi, qoruqlarda, tarlalarda biçilmiş təzə otların gözəl ətri, meşənin axşamlara, səhərlərə məxsus rütubət qoxusu, bulaqların şırıltısı, quşların ötüşməsi, quzuların mələşməsi, itlərin hürüşməsi bir-birinə qarışaraq, obaya başqa bir rəng, başqa bir şəkil verirdi. Bir saat əvvəl səssizlikdən ölgün görünən təbiət birdən-birə canlanırdı. Hər şeydə bir yenilik, bir təravət görünürdü. Bundan böyük məşğələ nə ola bilərdi?
 

“Köç”, 1910   

 


 

 


    Əgər Şaiq olmasaydı, “Milli qiraətimiz” yox idi. “Müntəxabat” nəşr olunmamışdı, “Ədəbiyyat” dərsliyindən məhrum idik. “Türk çələngi”ni görməmiş, “Türk ədəbiyyatı”nı eşitməmişdik. Əgər bu kitablar olmasaydı, məktəblərimiz yoxsul, müəllimlərimiz yalavac qalmışdı. Sözün qısası: onun varlığındakı əhəmiyyəti layiqilə idrak edə bilmək üçün bircə dəqiqəlik yoxluğunu düşünməli!..


Qafur Əfəndizadə Qantəmir, 1923  

 


 

 


    “Ədəbiyyatçılar nə yaparlar? – deyənlərdən “Şaiq nə yapdı!?” – soracağım.
    Şaiq yazılarını adi qələmlə kağızlara yazmamış, qüdsi bir əllə qəlblərə qazmışdır.


Mikayıl Rzaquluzadə, 1923  

 

 

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.