POEZİYA

 

A.Şaiq yaradıcılığa şeirlə başlamışdır. Xorasanda Yusif Ziyanın məktəbində oxuduğu illərdə o ilk qəzəllərini yazır, eyni zamanda Krılovun iki təmsilini rus dilindən fars dilinə çevirir. Qəzəllərini əvvəlcə Valeh, sonralar Şaiq təxəllüsü ilə yazır.

Kuyi-dildar imiş, ey zahid, o cənnət dediyin,
Qaməti-yar imiş, əlbət, o qiyamət dediyin.
Bu məqamata deyirsən yetişər əhli-hüda,
Şaiqi-zar imiş o əhli-hidayət dediyin.

XX əsrin əvvəllərində o, şair kimi daha məhsuldar fəaliyyət göstərir. A.Şaiq bu dövrdə ictimai-siyasi mövzuları özünəməxsus romantik pafosla şeirə çevirir. 1905-ci il inqilabına bəslənən ümidlər və gözlənməyən nəticələr şairi məyus edir və bu ictimai kədər onun “Vətən”, “Bir quş”, “Niyə uçdu?”, “İyirminci əsrə xitab”, “Hürriyyət pərisinə” şeirlərində əks olunur.

Söndun nə çabuk, ruhuma qüvvət verən ey nur,
Ümmidi-vüsalınla sənin bən yaşayırdım,
Şövqünlə o daşqın dərələrdən həm aşırdım,
Hicran bəni, ah, etdi yenə xəstəvu rəncur.

Türk tənzimat ədəbiyyatından təsirlənən A.Şaiq yaradıcılığının ilk mərhələsində bu cərəyanın böyük nümayəndəsi Mahmud Əkrəm Rəcaizadəyə bir sıra nəzirələr yazır. Yaradıcılığının ən gözəl nümunələrindən hesab edilən “Yad et!”, “Bu da bir seri-faniyi-digər”, “Bir quş” şeirləri Mahmud Əkrəmə nəzirədir.

Vəqta ki, gülər bahari-amal,
Hər yerdə yaşıllanar çəmənlər,
Vəqta ki, olar müsaid iqbal,
Bülbüllər ötər, susar zəğənlər,
Parlaq bir işıq alar fəzanı,
Dünyanın üzü dönər cinanə,
Gəzdikcə o aləmi ziyanı,
Baxdıqca o gülşəni-cəhanə,
Yad et məni – şairanə yad et!

A.Şaiq Azərbaycan ədəbiyyatının turançı şairlərindən biridir. Onun həm lirik, həm də epik poeziyasında Turan idealı vəsf olunur. Belə əsərlərdə Qızıl alma vahid, mənəvi, bölünməz Turanın simvolu kimi təqdim edilir. Nicatı türklərin birliyində görən şair 1918-ci ildə Türk ədəmi mərkəziyyət firqəsi “Müsavat”a ithaf etdiyi “Marş” şeirində soydaşlarını bu partiya, onun ideologiyası, tutduğu yol ətrafında birləşməyə çağırırdı:

Birləşəlim, türk oğlu, bu yol millət yoludur,
Ünlə, zəfərlə, şanla tariximiz doludur.

“Neçin böylə gecikdin?”, “Vətənin yanıq səsi”, “Arazdan Turana”, “Yeni ay doğarkən” kimi poetik nümunələrdə A.Şaiqin turançı mövqeyinin şahidi oluruq.

30-cu illərdə romantik ruhlu şairin kövrək qəlbi repressiya kabusunun təsirinə məruz qaldı və o “Gəmirik”, “Xalq düşməninə”, “Bu qürurlu boyun burulmazmı?” adlı şeirləri ilə mövcud rejimə, onun hakimlərinə etirazını ifadə etdi.

Bir zaman haqq-hesab çəkərkən el
Bu cinayətlərin sorulmazmı?
Verdiyin bu cəzalara qarşı
Sənə də məhkəmə qurulmazmı?

A.Şaiqin poeziyası yüksək humanizm, millilik və bəşərilik ideyalarını təbliğ edir. A.Şaiq yaradıcılığının manifesti hesab edirlən “Həpimiz bir günəşin zərrəsiyiz” şeirində insanlar arasında dini, milli, irqi ayrıseçkilik rədd edilir, insanlar birliyə, həmrəyliyə dəvət edilir.

Həpimiz bir yuva pərvərdəsiyiz!
Həpimiz bir günəşin zərrəsiyiz!
Ayramaz bizləri təğyiri-lisan,
Ayramaz bizləri təbdili-məkan,
Ayramaz bizləri İncil, Quran…

Arzu Hacıyeva
Filologiya üzrə fəlsəfə doktoru



İyun 2024
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
 

 

“Layla”


    Layla, mələyim, körpə balam, sevdiciyim, yat!
    Bir də ələ düşməz bu cocuqluq dəmi, heyhat!
    Türk oğlusan, əcdadım ulu, şanlı, sərəfraz,
    Doğma vətənindir başı qovğalı bu Qafqaz.
    
    ...Müzlim gecə, ulduzları sarmış qara sislər,
    Bayquşlar ötər, ölkəmin ənginləri inlər.
    Sən şimdi uyu, alnını yavrum, səhər erkən
    Al telli şəfəqlər öpəcəkdir oyanırkən.

1909   

 


 

 


    Xarakterinin uysallığı etibarı ilə hər növ siyasi həyatdan uzaq duran Şaiq məfkurə baxımından tamamən milliyətçi, türkçü, hətta turançı bir münəvvərdir.


Əbdülvahab Yurdsevər, 1959  

 


 

 


    “Gövhəyi-məsumanə”nizi martın ortalarına doğru oxudum, həm mütəəddid kərrələr... Zəki adaşın, lövhənizi həqiqətən bəyəndim. Təbrik edirəm, müvəffəqiyyətiniz əsaslı.., üslubunuz lətif.., təsviriniz bədii! ...


Abdulla Sur, 1910  

 

 

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.