ÜMUMİ MƏLUMAT

 

Abdulla Şaiq ömrünün 60 ilini çoxşaxəli, zəngin yaradıcılıq işinə sərf etmişdir. O, Azərbaycan romantizmini özünəməxsus motiv, süjet və detallarla zənginləşdirdiyi kimi, həm də həyatı və varlığı güclü müşahidə qabiliyyəti və duya bilmə bacarığı ilə dərindən dərk etməsi sayəsində realist əsərlər yazmağa nail olmuşdur.

“Bir quş”, “Yad et!”, “Niyə uçdu?”,”Bir nəğmə”, “Ülkər”, “Bir ulduza” kimi incə ruhlu romantik şeirlər yazan A.Şaiq həm də vahid, mənəvi, bölünməz Turan idealını tərənnüm edən “Vətənin yanıq səsi”, “Arazdan Turana”, “Türk ədəmi mərkəziyyət firqəsi “Müsavat”a ithaf – Marş”, “Neçin böylə gecikdin ?” kimi şeirlərin də müəllifidir.

Demək olar ki, bütün ədəbi janrlarda qələmini sınayan A.Şaiq “Məktub yetişmədi”, “Köç”, “Pirin kəraməti”, “Hitlerin yuxusu”, hekayələrinin, “Xasay”,”Dursun” povestlərinin, “Əsrimizin qəhrəmanları”, “Araz”, “İki müztərib yaxud əzab və vicdan” romanlarının yaradıcısıdır.

1939-cu ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrına ədəbi hissə müdiri vəzifəsinə təyin edilməsi A.Şaiqin dramaturq kimi parlamasına təkan verdi. Repertuar baxımından qıtlıq çəkən teatrda ədibin gəlişi ilə canlanma baş verdi. “Vətən”, “Eloğlu”, “Qaraca qız”, “Aydoğdu”, “Nüşabə”, “Aldanmış ulduzlar”, “Yazıya pozu yoxdur” və s. kimi dram əsərləri ilə A.Şaiq öz yaradıcılığını və teatrın repertuarını zənginləşdirdi.

Azərbaycanda məktəb və maarif işinin yüksəlişində A.Şaiqin müstəsna xidmətləri vardır. İlk anadilli siniflərin açılması kimi böyük hadisə bir neçə həmkarı ilə birlikdə A.Şaiqin çətin, ardıcıl zəhmətinin nəticəsi oldu. Çar hökumətinin 1917-ci ildə verdiyi “Məktəblərin milliləşdirilməsi haqqında” qərardan sonra A.Şaiq artıq bir neçə il gizli şəkildə həyata keçirdiyi işi leqal şəklə saldı. Bununla belə, senzura onun fəaliyyətinə yenə də maneələr törədirdi. A.Şaiq arzusunu Azərbaycan Demokratik Respublikası dövründə həyata keçirə bildi. 1919-cu ildə A.Şaiqin təşəbbüsü ilə 3 aylıq ana dili kursu açıldı. A.Şaiq, Q.R.Mirzəzadə, C.Cəbrayılbəyli, H.S.Səyyah və başqa müəllimlərin dərs dediyi həmin kursu bitirən 25 şagird üçün 49 rus sinfi olan Bakı birinci realnı məktəbinin nəzdində bir sinif açıldı. 1924-cü ildə həmin sinfi bitirən şagirdlər Azərbaycan maarifi tarixində ana dilində ilk orta təhsili alan şagirdlər oldular. Gələcəkdə Azərbaycanda elm, mədəniyyət, ədəbiyyat sahələrində görkəmli yeri və xidmətləri olan həmin şagirdlərin sırasında B.Talıblı, R.Axundov, T.Ş.Simurq, Ə.Bədəlbəyli, Niyazi, C.Cabbarlı, M.Müşfiq, A.Əfəndizadə, R.Yüzbaşov, S.Salayev və başqalarının adını çəkmək olar.

A.Şaiq tərəfindən təşkil olunan milli siniflərin əsasında 20- ci illərin əvvəllərində yaradılan “Şaiq Nümunə Məktəbi” Azərbaycanda milli kadrların yetişdirilməsində böyük işlər gördü.

Pedaqoq kimi böyük və səmərəli işlərə imza atan A.Şaiq bu istiqamətdə başqa bir boşluğu doldurmağa nail oldu. Anadilli dərsliklərin yazılması, tərtib olunması A.Şaiqin adı ilə bağlıdır. O, 20-yə yaxın dərslikdən bəzilərinin müəllifi, bəzilərinin həmmüəllifidir. “Uşaq çeşməyi”(1907), “İkinci il”(1908), “Gülşəni-ədəbiyyat”(1910), “Uşaq gözlüyü”(1919), “Gülzar”(1912), “Ədəbiyyat dərsləri”(1919), “Türk çələngi”(1919), “Türk ədəbiyyatı”(1920), “Milli qiraət kitabı”(1922), “Ədəbiyyatdan iş kitabı”(1928), “Ədəbiyyat dərsləri”(1934) və s. dərsliklərin hazırlanmasında şagirdlərin yaş və maraq dairəsi, milli kökə bağlılıq, elmi və informativ biliklərin ötürülməsi nəzərə alınırdı. Dərsliklərdə əsas yer ümumtürk mədəniyyətinə verilirdi, lakin rus və Avropa klassiklərinin yaradıcılığından nümunələr də təqdim olunurdu.

Müəllim-yazıçı A.Şaiq təlim-tərbiyəyə dair fikirlərini böyük təsir vasitəsi olan ədəbiyyatla – əsərlərilə şagirdlərə təlqin edirdi. Bir neçə sahəni öz fəaliyyətində birləşdirən ədib Azərbaycanda uşaq ədəbiyyatının yaranması və təşəkkülü sahəsində böyük işlər gördü. O, bu işi ömrünün sonunadək ardıcıl şəkildə həyata keçirdi və uşaq ədəbiyyatının qızıl fonduna daxil olan əsərlərini yazdı. Təsadüfi deyil ki, “Tıq-tıq xanım”, “Yaxşı arxa”, “Tülkü həccə gedir”, “Xoruz”,”Keçi”, “Uşaq və dovşan” neçə-neçə böyüyən nəslin nümayəndələrinin dillərinin əzbəri olmuşdu.

A.Şaiq Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən biridir. XX əsrin əvvəllərində professional mərhələyə qədəm qoyan ədəbiyyatşünaslıq elminin mühüm, fundamental məsələləri ilə məşğul olan A.Şaiq həm də müasirlərinin, həmkarlarının tədqiqatçısı və bioqrafı olmuşdur.

O həm də folklorşünasdır. A.Şaiq Azərbaycan şifahi xalq ədəbiyyatına dair ilk məqalələrdən birinin müəllifi, xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatımız arasındakı tarixi və məntiqi əlaqəni bərpa edən alim, folklor süjet və motivlərindən sıx-sıx barınan yazıçıdır.

Tərcümə sahəsində də A.Şaiqin əvəzsiz xidmətləri vardır. Ədəbi fəaliyyətə tərcümə ilə başlayan ədibin ilk çeviriləri Xorasanda Yusif Ziyanın məktəbində oxuduğu zamanlara təsadüf edir.

A.Şaiq adını Azərbaycan ədəbi-estetik fikir tarixinə səmərəli, məhsuldar işləri ilə qızıl hərflərlə yazan böyük sənətkarlardan biridir. Onun apardığı böyük miqyaslı ideoloji iş xalqının mədəni təkamülünə, xoşbəxt gələcəyinə xidmət etmək missiyasını həyata keçirmişdir.A.Şaiq bütün çoxcəhətli fəaliyyətini bu missiyanı yerinə yetirməyə yönləndirmişdir.

Arzu Hacıyeva
Filologiya üzrə fəlsəfə doktoru



Dekabr 2024
BE ÇA Ç CA C Ş B
« Okt    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
 

 

“Vətən”


    Ey keçmişimin önündə mücəssəm, Vətən, Vətən!
    Qəlbim kimi aləmlərə həmdəm, Vətən, Vətən!..
    Axşam-səhər o gül üzünü isladan nədir?
    Göz yaşlarınmı, yoxsa ki, şəbnəm, Vətən, Vətən!
    Dəhşət içində cismi-şərifin donub durur.
    Nolmuş vücudi-pakinə bilməm, Vətən, Vətən!..
    Övladi-naxələfmi səni saldı bu günə?
    Eyvah, bu dərd, möhnətə dözməm, Vətən, Vətən.
    Aç, aç o qəmli köksünü, öy məxzəni-məlal,
    Bas bağrına bu Şaiqi möhkəm, Vətən, Vətən!

1905   

 


 

 


    Yeni ədəbiyyatın təməl daşını qoyanlardan birisi Abdulla
    Şaiqdir.


Seyid Hüseyn, 1923  

 


 

 


    Şaiq kimdir? Əvət hər kəscə o, çalışqan və təcrübəli bir müəllim, həssas, nazik bir şair, mehriban və səmimi bir insandır. Fəqət, məncə, o heçdir ki, gözə çarpan bir çox yıldızlı varlıqlardan daha böyük, daha möhtərəmdir.


Hüseyn Cavid, 1923  


 

 

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.