ŞAİQ NÜMUNƏ MƏKTƏBİ

 

Azərbaycanın ədəbi-ictimai fikir tarixində maarif və mədəniyyət xadimi, şair nasir, darmaturq, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi kimi tanınan Abdulla Şaiq Talıbzadə əvəzsiz şəxsiyyətlərdən biri olmuşdur. Yüz ilə yaxındır ki, onun haqqında saysız-hesabsız kitablar, məqalələr, xatirələr, elmi və bədii əsərlər yazmış, nəşr olunmuşdur. “Şaiq Nümunə Məktəbi”nin şagird və müəllimləri ədibin ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyinə həsr olunmuş təntənəli gecə keçirmiş və bir gecənin məhsulunu ayrıca kitab halında nəşr etmişdilər. “Şaiq Nümunə Məktəbi” adı bu tədris ocağına rəsmən, xüsusi qərar ilə verilmişdi. Bircə bunu demək kifayətdir ki, 1918-ci ildə Cümhuriyyət dövrünün azadlıq ruhu ilə çırpınan Azərbaycanda “Şaiq Nümunə Məktəbi”nin əsası qoyulmuşdu, milli təhsilimizdə Abdulla Şaiqin adı ilə bağlı bir dönüş, bir yenilik yaranmışdı.

Bu məktəbin, onu yaradan müəllimin-vətəndaşın da əsl qiymətini onlar vermişdilər.

“Şaiq Nümunə Məktəbi” necə yaranmışdı? Bütün varlığı ilə gəncliyə bağlı olan gənc Şaiq rus şovinist məmurları və müəllimləri ilə mübarizə apara-apara bu türkdilli təlim-tədris ocağını yaratmışdı. Ədib nağıl edirdi ki, 1918-ci ildə, Azərbaycan Cümhuriyyəti yarandığı dövrdə dərs dediyi Bakı realni məktəbində rəhbəri, mürəbbisi olduğu öz sinfini milliləşdirmişdi: yəni bütün fənləri həmişə rus dilində keçilən sinifdə dərslərin türk dilində tədris edilməsinə nail olmuşdu. Bu tədbir o zaman çox böyük zəhmətin, vətəndaş qeyrətinin hesabına başa gəlmişdi. Nəzərə almaq lazımdır ki, “Şaiq Nümunə Məktəbi” o dövrdə milliləşdirilmiş ilk Azərbaycan məktəbi idi. Şagirdlər və onların valideynləri ilə bir-bir, ayrılıqda görüşərək, danışaraq Şaiq onlardan övladlarının türk dilində oxumağa razılıqlarını almışdı. Bu o dövr idi ki, bütün ölkədə, idarələrdə işlər rus dilində aparılırdı və rusdilli məmurların hökmranlıq etdiyi bir vaxtda bu arzunu həyata keçirmək son dərəcə çətin, ağır idi. Ancaq gənc Şaiq nüfuzu və ardıcıl, fasiləsiz əməyi sahəsində rəhbəri olduğu sinfi türkləşdirməyə – milliləşdirməyə nail olmuşdu, bununla Azərbaycanda ilk orta milli təhsilin əsasını qoymuşdu. Bu Azərbaycan orta təhsilində böyük inqilab idi. Məhz bu təhsil mərkəzinin əsasında “Şaiq Nümunə Məktəbi” yaranmışdı.

Şaiq gecəsində “Nümunə Məktəbi” haqqında xatırə söyləyən, onun milli mövqeyini qiymətləndirən tələbələrin, demək olar ki, hamısı Şaiqin 1918-ci ildə milliləşdirdiyi sinfin şagirdləri idi, ətrafında toplanan türkçü, azərbaycanlı müəllimlər idi. Bu şagird və müəllimlər Şaiqin özünün müəllimliyini, təhsil-tədris sahəsindəki xidmətlərinin şahidi olmuşdular, çar Rusiyasının məmurları və rusdilli müəllimləri ilə necə ardıcıl mübarizə aparmasını əyani şəkildə müşahidə etmişdilər.

“Nümunə məktəbi” şagirdlərinin xüsusi seçilən geyimləri, döş nişanları, çiyinlərinə taxılmış xüsusi paqonları vardı. Məktəbi bitirəndə şagirdlərə şəhadətnamə verilirdi. Bütün bu sadalanan əşya və sənədlər hazırda Abdulla Şaiq Mənzil Muzeyinin fondunda toplanmış və orada mühafizə olunmaqdadır.

Abdulla Şaiq məqalələrindən birində yazırdı: “Mən yazıçılığımdan çox müəllimliyimlə iftixar edirəm”. Abdulla Şaiq sözün əsl mənasında müəllim idi, başqa sözlə, böyük hərflə yazılan İNSAN idi, böyük Müəllim, böyük İnsan kimi də tələbələrinin, müəllim dostlarının yaddaşında həkk olunub qalmışdı. Gələcəkdə böyük şəxsiyyətlər kimi yüksəlmiş, ictimai həyatımızın, elmimizin, ədəbiyyatımızın müxtəlif sahələrində layiqli mövqelərə sahib olmuş bu ziyalıların hələ cavan yaşlarında öz müəllimləri haqqında dedikləri sözlər, fikirlər buna birər nümunədir:

– “Ədəbiyyatçılar nəyaparlar” – deyənlərdən “Şaiq nə yapdı?” – soracağım.
– Şaiq yazılarını adi qələmlə kağızlara yazmamış, qüdrətli bir əllə qəlblərə yazmışdır.

Mikayıl Rzaquluzadə. 1923.

– “Bəncə Şaiq nümunədir mələkə”.
İsmayıl Hikmət. 1923.

– “Abdulla Şaiqin varlığındakı əhəmiyyəti layiqilə idrak edə bilmək üçün bircə dəqiqlik yoxluğunu düşünməli”.
Qafur Əfəndizadə Qantəmir. 1923.

– “Yazıq Şaiqləri olmayanlara”.
Rəmzi Yüzbaşov. 1923.

– “Şaiq kimdir? Əvət hər kəscə o, çalışqan təcrübəli bir müəllim, həssas nazik bir şair, mehriban və səmimi bir insandır. Fəqət, məncə o bir heçdir ki, gözə çarpan bir çox yıldızlı varlıqlardan daha böyük, daha möhtərəmdir”.
Hüseyn Cavid. 1923.

– “Şaiqin bütün şəxsiyyətini təsvir və təcəssüm üçün özünə iki nöqtədən yaxınlaşmaq vacibdir: ” Şaiq – Şair! Şaiq – Müəllim”.
Atababa Musaxanlı. 1923.



İyun 2024
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
 

 

    1911-ci ildə dərs dediyim başqa məktəbləri buraxıb pedaqoji işimi ancaq realnı məktəbdə mərkəzləşmişdir. Bu işlərdə bir çox çətinliklərə baxmayaraq müəllimlik sahəsində çalışır, eyni zamanda, bədii əsərlər yazmaqla davam edirdim. Həm pedaqoji fəaliyyətim, həm də əsərlərimdə mən qardaşıma gənc nəsli yeni ruhda tərbiyələndirmək, ona mədəniyyətimizi, dil və ədəbiyyatımızısevdirmək məqsədini qoymuşdum. Bütün qüvətimi bu yolda sərf etməyə çalışırdım.

 


 

 


    Abdulla Şaiq daxili bir atəş və ilhamla bütün sinfi ələ alırdı. O, formula və cədvəllərdən yorulmuş beynimizə şeir və sənətin gözəl nümunələri ilə istirahət verirdi, danışarkən sinfə elə bir sükut köçürdü ki, dediyi sözləri dəftərə qeyd edən yoldaşlarımızın qələmlərinin səsi lap aydın eşidilirdi. Dərsini əsl sənətkar kimi aparırdı.


Mehdi Hüseyn  

 


 

 


    İyirmi il zərfində yorulmaqsızın müəllimlik vəzifəsini ifa edən Abdulla Şaiq ustadımız Azərbaycan ölkəsinə bir çox mədəni qüvvələr verməyə müvəffəq olmuşdur.


Tağı Şahbazi Simurq  

 

 

 

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.