“Abdulla Şaiq – 145” – Azərbaycan Yazıçılar Birliyində tədbir keçirildi
Abdulla Şaiq – 145
29 aprel 2026-cı ildə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin anadan olmasının 145 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Yazıçılar Birliyi və Abdulla Şaiqin Mənzil-Muzeyinin birgə təşkilatçılığı ilə baş tutdu. Abdulla Şaiqin 145 illiyinə həsr olunmuş yubiley tədbirində Azərbaycan Yazıçılar Birliyinin, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri, Borçalı Cəmiyyəti İctimai Birliyinin, Türk Ocaqları Cəmiyyətinin nümayəndələri, Bakı şəhərində fəaliyyət göstərən Ev Muzeylərinin rəhbərləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid açdı və tədbirin idarə olunmasını AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirə həvalə etdi. Ə.Cahangir çıxış üçün ilk sözü AYB-nin sədri, Xalq yazıçısı Anara verdi. O, ədibin genişdiapazonlu ədəbi fəaliyyəti, Azərbaycan ədəbiyyatındakı xidmətləri və yüksək qiymətləndirdiyi şəxsi məziyyətləri haqqında danışdı.
Tədbirdə iştirak edən tanınmış alimlər ( filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı, filologiya elmləri doktoru, şair Zahid Xəlil, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, filologiya üzrə fəlsəfə doktoru Arzu Əhməd Hacıyeva və əməkdar elm xadimi, pedaqoji elmlər doktoru Fərrux Rüstəmov çıxış etdilər. Onlar Abdulla Şaiqin cümhuriyyət dövrü, uşaq yaradıcılığı, dramaturgiyası, ədibin əsasını qoyduğu “Şaiq Nümunə Məktəbi”, “Şaiq ədəbiyyatşünas kimi” mövzuları haqqında qonaqlara ətraflı məlumat verdilər.
Bədii hissədə Abdulla Şaiqin Mənzil-Muzeyinin nəzdində fəaliyyət göstərən “Vətən” yaradıcılıq dərnəyinin və Bakı şəhər 3 nömrəli Uşaq Gənclər Mərkəzinin “Çiçəyim” uşaq teatrının üzvləri iştirak etdilər. Onlar Abdulla Şaiqin vətənpərvərlik mövzusunda yazdığı şeirləri ifa etdilər.
Sonda Abdulla Şaiqin nəvəsi, Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə çıxış etdi. Ülkər xanım Abdulla Şaiqin Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, onun zəngin irsinin bu gün də əhəmiyyətini qoruyub saxlamasından bəhs etdi. Eyni zamanda rəhbərlik etdiyi muzeyin fəaliyyəti, ədibin irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər haqqında məlumat verdi. O, tədbirin təşkilində əməyi keçən hər bir kəsə və qonaqlara təşəkkürünü bildirdi.
Sonda qonaqlarla xatirə fotoşəkilləri çəkildi.

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.