Abdulla Şaiqin Mənzil-Muzeyində Beynəlxalq Ev-Muzeyləri Günlərinə həsr edilmiş “Ev-muzeyləri – Muzeylərin sirrini ustadlardan öyrənək!” adlı tədbir keçirildi

 

17 aprel 2026-cı il tarixdə Abdulla Şaiqin Mənzil-Muzeyində Beynəlxalq Ev-Muzeyləri Günlərinə həsr edilmiş “Ev-muzeyləri – Muzeylərin sirrini ustadlardan öyrənək!” adlı maarifləndirici tədbir keçirildi¸. Beynəlxalq Ev-Muzeyləri Günləri
İtaliyanın Florensiya şəhərində yerləşən “Case della Memoria” Milli Assosiasiyası, Beynəlxalq Muzeylər Şurası (ICOM) DEMHIST – Tarixi Ev-Muzeylər üzrə Beynəlxalq Komitə) və ICLCM – Ədəbiyyat və Bəstəkarlar Muzeyləri üzrə Beynəlxalq Komitənin təşəbbüsü ilə təşkil olunur. Tədbir, ev-muzeylərinin mədəni irsin qorunması və təbliğində rolunu diqqətə çatdırmaq, həmçinin muzey işi sahəsində təcrübə və bilik mübadiləsini təşkil etmək məqsədi daşıyırdı.
Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə tədbir iştirakçılarını salamlayaraq Beynəlxalq Ev Muzeyləri Gününün əhəmiyyətindən, ev muzeylərinin məxsusi fəaliyyət özəlliklərindən bəhs etdi.
Daha sonra ADMİU-nun Muzeyşünaslıq və turizm kafedrasının müdiri Yeganə Eyvazova çıxış edərək muzey işində memorial muzeylərin özünəməxsus yerindən danışdı. O, memoriallığın “əbədiləşdirmə konsepsiyası”nın əsas tərkib hissəsi olduğunu deyərək ölkəmizdə bu sahənin inkişaf tarixindən danışdı.
Yeganə xanım vurğuladı ki, memorial əşyalar öz orijinallığı və unikallığı ilə seçilir. Bu əşyalar xüsusi yanaşma, qorunma rejimi tələb edir və təkrarı mümkün olmayan muzey abidələri hesab olunur. Çünki onlar yarandıqları və istifadə olunduqları dövrün tarixini, ruhunu və enerjisini özündə yaşadır.
ADMİU-nun müəllimi Nurlanə Bağırova da tədbirlə bağlı öz fikirlərini bölüşdü. O qeyd etdi ki, bu cür maarifləndirici tədbirlər tələbələrin dünyagörüşünün genişlənməsində mühüm rol oynayır. Xüsusilə interaktiv yanaşmanın tətbiqi dərs prosesini daha maraqlı və yadda qalan edir. Nurlanə xanım vurğuladı ki, ev-muzeyləri yalnız tarixi deyil, həm də mənəvi irsimizin qorunması baxımından böyük əhəmiyyət daşıyır.
ADMİU-da Almaniyanın Ludwig Maximilian University of Munich universitetindən dəvət olunmuş professor Lətifə Summerer tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, dərslərini interaktiv üsullarla təşkil etməyə üstünlük verir. Bu məqsədlə o, dünyanın ən məşhur ev-muzeylərinə həsr olunmuş slayd-şou təqdim etdi.
Slaydlar üzərindən aparılan təqdimat xüsusilə maraqlı və cəlbedici keçdi. Lətifə xanım muzeylərin şəkillərini nümayiş etdirərək auditoriyaya suallar ünvanlayır, iştirakçılar isə bu məkanları tapmağa çalışırdılar. Bu qarşılıqlı ünsiyyət sayəsində dinləyicilər həm aktiv şəkildə təqdimata qoşuldular, həm də məlumatları daha asan və yadda qalan şəkildə mənimsədilər.
Təqdimat zamanı Anne Frank House kimi tarixi məkanlar xüsusi vurğulandı. Beləliklə, Lətifə Summerer öz zəngin təcrübəsini bölüşərək, interaktiv tədris metodlarının öyrənmə prosesində nə qədər effektiv və təsirli olduğunu əyani şəkildə nümayiş etdirdi.
Sonda tədbir iştirakçıları təqdim edilən maraqlı fikir və önəmli müddəalar ətrafında müzakirələr apardılar.
Tədbirdə Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəylinin, Hüseyn Cavidin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Səməd Vurğunun, Bülbülün, Leopold və Mstislav Rostropoviçlərin ev muzeylərinin rəhbərləri və əməkdaşları, alimlər iştirak etdilər.

 



Aprel 2026
BE ÇA Ç CA C Ş B
« Fev    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
 

 

 

 

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.