23 fevral 2026-cı il tarixdə Abdulla Şaiq adına Uşaq Kitabxanasının 2 saylı filialında görkəmli ədib, böyük maarifçi və Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri olan Abdulla Şaiqin anadan olmasının 145 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri, Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşları, Abdulla Şaiq adına 54 nömrəli tam orta ümumtəhsil məktəbinin, Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının müəllim və şagird kollektivi, 225 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri, eləcə də ziyalılar və fəal oxucular iştirak edirdilər.
Tədbirin aparıcısı, kitabxananın əməkdaşı Afət Ağayeva çıxış edərək Abdulla Şaiqin şəxsiyyəti və yaradıcılığı haqqında geniş məlumat verdi. Qeyd olundu ki, Abdulla Şaiq təkcə yazıçı deyil, həm də millətin maariflənməsi uğrunda mübarizə aparan bir ziyalı idi. O, ana dilimizin saflığını qoruyaraq uşaqlar üçün səlis, anlaşıqlı və eyni zamanda yüksək ideyalı əsərlər qələmə almışdır. Onun qələmindən çıxan hər bir əsər gənc nəslin tərbiyəsinə xidmət edən mənəvi məktəbdir.
Kitabxananın direktoru Yəmən Əmirova qonaqları səmimi salamlayaraq belə bir əlamətdar gün münasibətilə tədbirin keçirilməsinin böyük qürur və məsuliyyət olduğunu vurğuladı. O bildirdi ki, Abdulla Şaiq kimi dahilərin yubileylərinin qeyd olunması gələcək nəsillərə milli-mənəvi irsimizin ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Arzu Hacıyeva – Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru çıxışında Kamal müəllimin xatirələrinə istinad edərək qeyd etdi ki, Abdulla Şaiq türkçülük ideologiyasına həsr olunmuş şeirlərini çətin siyasi şəraitdə yazır, hətta təhlükədən qorunmaq üçün onları divarda gizlədirdi. O dövrdə “Gülzar” dərsliyinə Əli bəy Hüseynzadənin daxil edilməsi böyük cəsarət nümunəsi idi. Bu addım milli ideyanın qorunmasına xidmət edən tarixi mövqe kimi dəyərləndirildi. Arzu xanım “Türk çələngi” dərsliyini transfoneliterasiya edərkən yaşadığı duyğusal anları xatırlayaraq bildirdi ki, Şaiqin toxunduğu mövzuların dərinliyi insanı kövrəldir və heyran edir. Şaiq yaradıcılığı milli ruhun, vətən sevgisinin, türkçülük ideologiyasının və mənəvi dəyərlərin bədii təcəssümüdür.
Ülkər Talıbzadə – Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru və ədibin nəvəsi çıxışında türk alimi, Şaiqin yaxın dostu İsmayıl Hikmətin onu “mələyə bənzətməsi” faktını diqqətə çatdırdı. O vurğuladı ki, Abdulla Şaiqin mələk xislətli vücudunda möhkəm əqidəli, cəsarət dolu bir ürək döyünürdü.
O, ədəbiyyatşünas-alim professor Asif Rüstəmlinin sözlərini misal gətirərək qeyd etdi ki, Abdulla Şaiq repressiyaların hökm sürdüyü bir dövrdə belə türkçülük ruhunda yazılmış kitabları şəxsi kitabxanasında qoruyub saxlayırdı. Ədibin oğlu, akademik Kamal Talıbzadə həmin zəngin irsi qoruyaraq gələcək nəsillərə ötürmüş və nəticədə bu gün fəaliyyət göstərən nadir eksponatları ola olan zəngin fonda malik ev muzeyinin əsasını qoymuşdur.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Solmaz Həyatova çıxışında Abdulla Şaiqin uşaq aləminə nüfuz edən nadir sənətkarlardan biri olduğunu bildirdi. O vurğuladı ki, şairin şeirlərinin sadə, axıcı və yadda qalan olması səbəbilə onlar məktəblilərin dilində əzbər yaşamaqdadır. Şaiq milli ruhumuzu yaşadan, uşaqların dünyasını anlayan və onların qəlbinə yol tapa bilən dahi sənətkardır.
54 nömrəli tam orta ümumtəhsil məktəbin kitabxana müdiri çıxış edərək Abdulla Şaiq adını daşımağın böyük şərəf olduğunu bildirdi və məşhur film ifadəsinə istinad edərək: “Bu cılız bədənə bu canı necə sığdırmısan?!” fikrinin sanki Şaiq üçün deyildiyini vurğuladı.
Səid Pircanov – Turizm və Menecment Universitetinin tələbəsi və kitabxananın fəal oxucusu çıxışında Abdulla Şaiqin “Araz” romanının gənclər arasında böyük maraq doğurduğunu qeyd edərək əsərin ideya-bədii dərinliyindən danışdı.
Tədbirin bədii hissəsində məktəblilər Abdulla Şaiqin şeirlərini böyük həvəslə ifa etdilər. Səslənən misralar zalda duyğusal və qürur dolu anlar yaşatdı.
Sonda iştirakçılar ədib haqqında ürək sözlərini bölüşərək belə tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğuladılar. 145 illik yubiley tədbiri bir daha göstərdi ki, Abdulla Şaiq adı Azərbaycan ədəbiyyatında əbədi yaşayır və yaşayacaqdır.