Abdulla Şaiqin Mənzil-Muzeyində “Elmdə iz qoyan ömür – Kamal Talıbzadə” adlı anım tədbiri keçirildi.
21 yanvar 2026-cı il tarixində Abdulla Şaiqin Mənzil-Muzeyində görkəmli Azərbaycan ədibi Abdulla Şaiqin oğlu, ədəbiyyatşünaslıq elminin tanınmış nümayəndəsi, Azərbaycanda ədəbi tənqid məktəbinin banilərindən biri, akademik Kamal Talıbzadənin vəfatının 20-ci ildönümünə həsr olunmuş “Elmdə iz qoyan ömür – Kamal Talıbzadə” adlı anım tədbiri keçirildi.
Tədbiri aparıcı Günel Əsədova açaraq iştirakçıları salamladı. Azərbaycan tarixinin qan yaddaşı olan 20 Yanvar faciəsi şəhidlərinin, eləcə də görkəmli alim Kamal Talıbzadənin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edildi. Ardınca Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyevin ifasında Zeynəb İsmayılzadənin Abdulla Şaiqin məşhur şeirinə yazdığı “Şaiqanə yad et!” mahnısı səsləndirildi.
Akademik Kamal Talıbzadənin qızı, Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə qonaqları Azərbaycanın görkəmli ədibi Abdulla Şaiqin ocağında salamlayaraq qeyd etdi ki, Kamal Talıbzadənin vəfatından 20 il keçməsinə baxmayaraq, onun xatirəsi bu gün də insanların qəlbində yaşayır. Bildirdi ki, Kamal Talıbzadə təkcə böyük ədəbiyyatşünas alim deyil, həm də əsl mədəniyyət xadimi idi. O, atası Abdulla Şaiqin zəngin irsini yaşatmaq naminə böyük zəhmət çəkərək bu muzeyi yaratmış, ömrünün sonunadək ədəbiyyatşünaslıq elminə və milli mədəniyyətimizin inkişafına xidmət etmişdir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, Kamal Talıbzadənin aspirantı, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı çıxışında vurğuladı ki, ədəbiyyatşünaslar Abdulla Şaiq irsinə və bu irsin ən böyük davamçılarından biri olan Kamal Talıbzadə şəxsiyyətinə daim minnətdardırlar. O, Kamal müəllimin ədəbiyyat tarixində apardığı tədqiqatların bu gün də öz elmi əhəmiyyətini qoruyub saxladığını diqqətə çatdırdı.
Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov çıxışında Kamal Talıbzadənin Azərbaycan ədəbiyyatşünaslığına verdiyi mühüm töhfələrdən danışdı. Qeyd etdi ki, Kamal müəllimin əsərləri bu gün də dərslik səviyyəsindədir. Xüsusilə Abbas Səhhətin yaradıcılığı ilə bağlı apardığı araşdırmalar elmi dövriyyəyə yeni faktlar gətirmiş və bu gün də geniş şəkildə istifadə olunur. Bədirxan Əhmədov “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabını muzeyə hədiyyə etdi.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Musayev Kamal Talıbzadəni həm mükəmməl alim, həm də yüksək mənəvi keyfiyyətlərə malik insan kimi xarakterizə etdi. O vurğuladı ki, Azərbaycan ədəbi tənqidinin tarixi Kamal Talıbzadə şəxsiyyəti olmadan təsəvvür edilə bilməz. Bildirdi ki, alim hələ sovet dövründə Əhməd Ağaoğlunun əsərlərini çapa hazırlamış, Firudin bəy Köçərli, Abdulla Sur və Atababa Musaxanlı haqqında dəyərli elmi araşdırmalar ortaya qoymuşdur.
Filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti Razim Məmmədov çıxışında Abdulla Şaiqin Mənzil-Muzeyinin bünövrəsinin qoyulmasında Kamal Talıbzadənin misilsiz əməyindən bəhs edərək qeyd etdi ki, bu muzeyin yaradılması Bakıda digər ev-muzeylərinin fəaliyyətə başlamasına da mühüm töhfə verib.
“Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri Ramiz Həsənov çıxışında Kamal Talıbzadənin Borçalı gənclərinə göstərdiyi mənəvi dəstəyi xatırlatdı. Bildirdi ki, vaxtilə Borçalıdan təhsil almaq üçün gələn gənclər üçün Kamal müəllimin tövsiyələri və qayğıkeş münasibəti böyük dayaq olub. O, Kamal Talıbzadənin vəfatını xalqımız üçün böyük itki kimi qiymətləndirdi. R.Həsənov Borçalı Cəmiyyəti adından üzərində Kamal Talıbzadənin portreti həkk olunmuş kiçik xalçanı muzeyə hədiyyə etdi. Cəmiyyətin üzvü şairə Səadət Novruz qızı Borçalıya həsr edilmiş şerini söylədi.
Tədbirin bədii hissəsində qonaqlar muzeyin əməkdaşı Fəridə Məmmədovanın təqdimatında Abdulla Şaiqin oğlu Kamal Talıbzadəyə həsr etdiyi “Ata öyüdü” şeirini dinlədilər. Daha sonra “Muğam” Televiziya Müsabiqəsinin laureatı, istedadlı xanəndə Yusif Cəfərbəylinin, tar ifaçısı Səxavət Məmmədovun və kamança ifaçısı Mahir Quliyevin ifasında xalq mahnıları səsləndirildi. Akademik Kamal Talıbzadənin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirildi.
Anım tədbiri akademik Kamal Talıbzadənin elmi və mədəni irsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağını bir daha nümayiş etdirdi.



















Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.