Tədbir şəhidlərin ruhuna bir dəqiqəlik sükutla başlayıb.
Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktoru Yeganə Məmmədova çıxışında 8 Noyabr Zəfərinin Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olduğunu bildirib. O, bu qələbəni xalq-ordu birliyinin və milli iradənin təntənəsi kimi dəyərləndirib.
Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə qeyd edib ki, Zəfər təkcə hərbi deyil, həm də mənəvi qələbədir. Muzeylərin əsas məqsədi bu tarixi gələcək nəsillərə elmi və mədəni formada çatdırmaqdır.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Əməkdar müəllim
Firdövsiyyə Əhmədova çıxışında Zəfərin müasir Azərbaycan tarixi üçün böyük əhəmiyyətini qeyd edərək, onu milli ruhun, birliyin və dövlətə sədaqətin simvolu adlandırıb.
Azərbaycan Turizm və Menecment Universitetinin professoru Minaxanım Əsədova Zəfər Gününün beynəlxalq müstəvidə təbliğindən danışıb. O, Fransada yaşayan tanınmış muğam-caz ifaçısı, pianoçu Etibar Əsədlinin şəhid Xudayar Yusifzadənin ifasını pianoda müşayiət etdiyi kompozisiyanın böyük təsir yaratdığını bildirib. Professor Əsədova əlavə edib ki, həmin ifa Zəfərin incəsənət vasitəsilə yaşadılmasının rəmzidir.
Qarabağ qazisi Yusif Əhmədov çıxışında döyüş xatirələrini bölüşərək deyib: “Zəfər yalnız döyüş meydanında deyil, ruhda qazanıldı.”
Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin üzvü Ramazan Abbasov və həkim Elçin Muxtarov da çıxış edərək xalqın həmrəyliyini, həkimlərin fədakarlığını və şəhidlərin qəhrəmanlığını qeyd ediblər.
Sonuncu Muğam müsabiqəsinin laureatı, istedadlı xanəndə Yusif Cəfərbəyli 44 günlük müharibənin musiqi simvoluna çevrilmiş “Xudayarın mahnısı”nı ifa edib.
Abdulla Şaiqin Mənzil-Muzeyinin nəzdində fəaliyyət göstərən “Vətən” Yaradıcılıq Dərnəyinin rəhbəri Arzu Nuraliyeva şəhidlər haqqında yazdığı kitabdan və keçirdiyi hisslərdən danışıb. Daha sonra dərnəyin gənc üzvləri — Uğur Nuralizadə, Gülay Əhmədli, Nur Nuralizadə və Kamil Hacıyev vətənpərvərlik kompozisiyası ilə çıxış ediblər.
Tədbirdə muzeyin gənc rəssam-bərpaçısı Dilarə Ələsgərova tərəfindən hazırlanmış, 10 şəhidin portretini əks etdirən “Tarix yaradan qəhrəmanlar” memorial lövhəsi təqdim olunub.
Sonda şəhidlərin xatirəsi bir daha ehtiramla yad edilib, xatirə şəkli çəkilib. Bu tədbir Zəfər yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm mədəni hadisə kimi qiymətləndirilib.