“İşıq Saçan Ömürlər”. Hüseyn Cavid və Abdulla Şaiq
“İşıq Saçan Ömürlər”
Hüseyn Cavid və Abdulla Şaiq
30 oktyabr 2025-ci il tarixdə Hüseyn Cavidin Ev-Muzeyində “İşıq Saçan Ömürlər” adlı tədbir keçirildi. Hüseyn Cavidin Ev-Muzeyi və Abdulla Şaiqin Mənzil-Muzeyinin birgə təşkilatı ilə baş tutmuş tədbir görkəmli ədiblər Hüseyn Cavid və Abdulla Şaiqin maarifçilik, pedaqoji və mədəni irslərinin təbliğinə həsr olundu.
İlk söz Hüseyn Cavidin Ev-Muzeyinin direktor vəzifəsini icra edən filologiya üzrə fəlsəfə doktoru Validə Həsənovaya verildi. Validə xanım
qonaqları salamladı:
Sizi muzeyimizdə görməkdən böyük məmnunluq duyuram. Bu gün biz görkəmli ədiblər — Hüseyn Cavid və Abdulla Şaiqin zəngin irsinə həsr olunmuş tədbirdə bir araya gəlmişik.
Onlar Azərbaycan ədəbiyyatının iki parlaq siması kimi milli düşüncəmizin, azadlıq və humanizm ideyalarının daşıyıcısı olublar.
Ümid edirəm ki, bu görüş həm onların yaradıcılığını daha yaxından tanımağa, həm də gənc nəsildə ədəbiyyata sevgi oyatmağa xidmət edəcək.
Tədbirin açılış nitqini söyləmək üçün aparıcı ilk sözü Abdulla Şaiq Mənzil-Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadəyə verdi. Ülkər xanım tədbir iştirakçılarını salamlayaraq iki ictimai xadimin, yaradıcı insanın yaxın dostluğunun sübutu kimi Ərtoğrul Cavidin atasına yazdığı məktubu xatırladı. Ərtoğrul Cavid yazırdı : “Keçmiş dostlarından yalnız Şaiq əmi bizə gəlir, bizi başa çıxır”.
Ülkər xanım dedi ki, “daha çox atam danışardı Hüseyn Cavid və Müşkünaz xanımdan. Müşkünaz xala deyə xitab edərdi ona. İki ailə bir-birinə çox bağlı idi. Onlar bir-birlərinin evini ziyarət edib uzun-uzun söhbətlər edərdilər.
Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı çıxış etdi:. Abdulla Şaiq və Hüseyn Cavid arasında əqidə və şəxsiyyət birliyi var idi. Azərbaycan dilində dərsliyin olmadığını görən hər iki edib “Ədəbiyyat dərsləri” kitabını hazırlayırlar. Biz sonradan dərsliyə ikinci həyat vermək qərarına gəldik, onu transfoneliterasiya edik. Bir sıra alimin araşdırmasına əsasən bu kitab mənbələrdə “Ədəbiyyat qaydaları” adlanır. Kitabın içindəkilərə əlavə olaraq orada oxucuların anlaşılmayan sözləri başa düşmələri və kitabı asanlıqla oxumaları üçün lüğət bölməsi tərtib etdik. Kitaba Ön söz yazdım.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, şaiqşünas alim filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva “Əbədiyyət meyarları – Hüseyn Cavid və Abdulla Şaiq” adlı məruzə ilə çıxış etdi: Şaiq, həm də sədaqətli dost idi. Müasirlərinin və oğlu Kamal Talıbzadənin xatirələrinə əsasən, Hüseyn Cavidin həbs olunduğu ərəfədə bir gün Müşkünaz xanım hövlnak Şaiqgilə gəlir və bildirir ki, sabah saat səkkizdə Cavidi dəmiryol vağzalından Sibirə aparacaqlar. Müşkünaz xanım Şaiqdən xahiş edir ki, hazırladığı bağlamanı Cavidə çatdırsın. Ertəsi gün səhər saat 8-də Şalq vağzalda olur və deyilənə görə, axşama qədər orada gözləyir. Ancaq Cavid görünmür. Məlum olur ki, bu xüsusi orqan tərəfindən hazırlanmış və Cavid tərəfdarlarını müəyyən etmək üçün qurulmuş bir qurğu idi.
Hüseyn Cavidin Ev-Muzeyinin baş mütəxəssisi Nuranə Nərimanova “Maarif və mədəniyyətin qovşağında iki böyük ədib” adlı məruzə ilə çıxış etdi: Hüseyn Cavid 1919-cu ildə Bakıya qayıtdıqdan sonra Qızlar məktəbində işlədiyi dövrdə onlara şəriət dərsləri əvəzinə ədəbiyyatı tədris etmişdi. Bu, o dövr üçün cəsarətli və maarifçi addım idi. O inanırdı ki, xalqın gələcəyi anaların savadında gizlidir. Onun bu təşəbbüsü təkcə pedaqoji deyil, həm də mənəvi, sosioloji baxımdan da mütərəqqi idi.
Abdulla Şaiqin Mənzil-Muzeyinin böyük elmi işçisi Elminaz Məmmədli “Abdulla Şaiq və Nümunə Məktəbi” adlı məruzə ilə çıxış etdi: Əsrlərlə yadelli hücumlarına məruz qalmış millətimiz separatizmin qurbanı olmuş torpaqlarımız bəhs edilən dövr ərzində yenə də rus müstəmləkəçilik siyasətinin qurbanına çevrilmişdi, əvvəla dilimiz sonra isə dinimiz, əqidəmiz tapdaq altına alınmışdı. Milli adətlərimiz, bayramlarımız, bir sözlə milli kimliyimiz yad təsirlər altında idi. Öncə ana dilimiz başqa bir dil tərəfindən sıxışdırılmalı, sonra isə unudulub tarixə qovuşmalı idi. Türk, Azərbaycan sözlərinin işlədilməsi yasaq olduğu bir ağır tarixi dövrdə ana dilimizi və millətimizi tatar adlandırırdılar. XX əsrdə Azərbaycan dili həftədə bir-iki dəfə realni məktəblərdə keçirilir və məcburi olmayan fənn hesab olunurdu. Bu cür çətin bir dönəmdə məhz Abdulla Şaiq ilk sinifləri milliləşdirdi. Şaiqin əsasını qoyduğu milli siniflər milli pedaqofi mərhələnin əsasını təşkil etdi.
Hüseyn Cavidin Ev-Muzeyinin böyük elmi işçisi Fəridə Quliyeva çıxışında dedi: Çox sevindirici haldır ki, burada təcrübəli muzeyşünaslarla yanaşı, gənc muzey işçiləri də iştirak edirlər. Gənclərə tövsiyəm odur ki, təcrübəli mütəxəssislərin fəaliyyətindən, biliyindən faydalansınlar. Muzeylərin fəaliyyəti gənc muzeyşünaslara örnək olacaq bir formadadır.
Tədbirin bədii hissəsində Hüseyn Cavidin Ev-Muzeyinin əməkdaşı Sevda Quliyeva ədibin “Sevinmə , gülmə , quzum”, Abdulla Şaiqin Mənzil-Muzeyinin kiçik elmi işçisi Fəridə Məmmədova ədibin “İrəli” şeiri səsləndirdi. Hər iki ədibə həsr edilmiş slayd-şou nümayiş etdirildi.
Sonda tədbir iştirakçıları ilə xatirə fotoşəkilləri çəkildi.