Abdulla Şaiqin Mənzil-Muzeyində tədbir: “Bayırşəhərin görkəmli şəxsiyyətləri: Abdulla Şaiq”
25 sentyabr 2025-cı il tarixdə Abdulla Şaiqin Mənzil-Muzeyində “Bayırşəhərin görkəmli şəxsiyyətləri: Abdulla Şaiq” adlı tədbir keçirildi.
Tədbirdə Bakı şəhərinin tarixi mərkəzi, xalq arasında Qala və ya Qədim Qala adlanan İçərişəhər və qala divarlarının xaricində yerləşən Bayırşəhərin tarixi və tarixi əhəmiyyəti, burada yaşamış insanların həyat tərzi, Bayırşəhər mühiti və orada yetişmiş ziyalılar haqqında maraqlı müzakirələr keçirildi.
Tədbirdə ədəbiyyatşünaslar, memarlar, muzey əməkdaşları və media nümayəndələri iştirak etdilər. İştirakçılar mövzu ilə bağlı məruzələrlə çıxış etdilər.
İlk çıxış Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadəyə həvalə edildi. Ülkər xanım qonaqları salamlayaraq Bayırşəhərdə yerləşən Şaiq ocağının illərlə şahid olduğu ədəbi müzakirələrdən, bu ocağa toplaşan Azərbaycan ziyalılarından danışdı.
Tarix üzrə elmlər doktoru professor Minaxanım Əsədova “Abdulla Şaiqin ədəbi mühiti, nəsil şəcərəsi” adlı məruzəsində maraqlı məqamları qeyd etdi: “Məqsədimiz Bayırşəhər adının bərpa olunması və qorunmasıdır. Bayırşəhərdə Azərbaycan ədəbiyyatına bir çox görkəmli nümayəndələri yaşayıb, yaradıb. Burada Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Fikrət Qoca kimi şəxsiyyətlər yaşayıblar. Abdulla Şaiq də Bayırşəhərin görkəmli ziyalılarındandır. O ziyalı ki, tələbələri onu – sevimli müəllimlərini Bayırşəhərdə yerləşən bu evdən yubileyinin keçirildiyi yerə çiyinlərində aparıblar.
Günel Əsədova, Abdulla Şaiqin Mənzil-Muzeyinin baş fond mühafizi, ədibin pedaqoji və yaradıcılıq fəaliyyəti haqqında bunları dedi: “Mən yazıçılığımdan ziyadə müəllimliyimlə iftixar edirəm” deyən Abdulla Şaiq 1918-ci ildə ilk anadilli siniflərdən ibarət olan “Şaiq Nümunə Məktəbi”nin əsasını qoyub. Ataba Musaxanlı, Hüseyn Cavid, Rəmzi Yüzbaşov Abdulla Şaiqin pedaqoji fəaliyyətini yüksək qiymətləndirmişlər. 1923-cü ildə keçirilən yubiley tədbiri təkcə onun pedaqoji fəaliyyətinə deyil, bütövlükdə fəaliyyətinə, Şaiq şəxsiyyətinə verilən dəyərin göstəricisi idi.
Elminaz Məmmədli, Abdulla Şaiqin Mənzil-Muzeyinin böyük elmi işçisi, “Abdulla Şaiqin həyatı İçərişəhər və Bayırşəhərdə” adlı məruzəsində bunları qeyd etdi: “Şaiq ömrünün 18 ilini, 1900-1918-ci illər, İçərişəhərdə keçirir. 1918-ci ildə o, ailəsi ilə birlikdə Bayırşəhərə, Yuxarı Dağlıq küçəsinə köçür. Ədib xatirələrində İçərişəhərlə Bayırşəhəri belə fərqləndirir: “O zaman İçərişəhərdə yeni üsul ilə tikilmiş binalar barmaqla sayılacaq qədər az idi. Evlər, küçələr İran şəhərlərini xatırladırdı. Yeni binalar, geniş küçələr və böyük mağazalar ancaq Bayırşəhərdə idi”.
Memar Abdul Hüseynov çıxışında göstərdi ki, hələ 1806-cı ildə Bakının baş planında bu ərazi rəsmi olaraq Bayırşəhər adlandırılıb.
Ülkər Talıbzadə qeyd etdi ki, nəinki Abdulla Şaiq, həmçinin onun həyat yoldaşı Şahzadə xanım da ailəsiylə Dərbənddə baş qaldırmış Denikin vuruşmaları səbəbilə Bakıya köçmüş, Bayırşəhərdə bu binada məskunlaşmışdır.
Sonda Ülkər Talıbzadə onu da vurğuladı ki, istəyimiz Bayırşəhərdə qədimliyin nümunəsi, habelə 100 ildən artıq tarixə malik olan, Abdulla Şaiqin 40 il ömür sürdüyü bu binanın yenidən bərpa olunmasıdır.
Bədii hissədə Abdulla Şaiqin Mənzil-Muzeyinin kiçik elmi işçisi Fəridə Məmmədova ədibin “Canlı Dərbənd çiçəyi” şeirini səsləndirdi, slayd-şou nümayiş etdirildi.




Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.