Abdulla Şaiqin Mənzil-Muzeyində “Ədəbiyyat və İnsan Hüquqları” adlı tədbir keçirildi.

 

12 iyun 2025-ci il tarixdə Abdulla Şaiqin Mənzil-Muzeyində “Ədəbiyyat və İnsan Hüquqları” adlı tədbir keçirildi. Ümummilli lider Heydər Əliyev tərəfindən 18 iyun 1998-ci il tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunduğu nəzərə alınaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmişdir. Tədbirdə ATMU-nun professoru, tarix elmləri doktoru Minaxanım Əsədova, hüquqşünas Elnur Mansurov, “Peşə Təhsili, Tələbə və Məzunlar Cəmiyyəti” İctimai Birliyinin sədri Şahin Əliyev və Birliyin gənc üzvləri iştirak etdilər.

Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə qonaqları ürəkdən salamlayaraq qeyd etdi ki, tədbirimizin məramı ədəbiyyatın, ədəbi nümunələrin insan hüquqları baxımından əhəmiyyətini diqqətə çatdırmaqdır.

Tədbirin aparıcısı muzeyin əməkdaşı Günel Əsədova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə 18 may – 18 iyun “İnsan Hüquqları Aylığı” elan edildiyini, bu günkü tədbirin də həmin ay çərçivəsində keçirildiyini və tədbirin həyata keçirilməsinin əsas məqsədinin ədəbiyyatın insan hüquqlarının təbliğindəki yerini və əhəmiyyətini önə çəkməkdən ibarət olduğunu dedi. O, çıxışında vurğuladı ki, ədəbiyyat tarix boyu insan hüquqlarının müdafiəsində səs olmuşdur – istər bədii obrazlar, istər publisistika, istərsə də poeziya vasitəsilə. Bizim fondumuzda da bu mövzuya toxunan, cəmiyyətin vicdanını oyadan əsərlər geniş yer tutur. Ədəbiyyat – sadəcə yazı deyil, həm də çağırışdır, etirazdır, maarifləndirmədir. Ədəbiyyat tarix boyunca cəmiyyətin ədalətə olan ehtiyacını əks etdirib. Hüquq bəzən rəsmi sənədlərlə yazılır, amma insanların hüquq anlayışı çox vaxt ədəbiyyat və mədəniyyət vasitəsilə formalaşır.

Elnur Mansurov “Ədəbiyyat və mədəniyyətin nikah anlayışının formalaşmasında və ictimai şüura təsiri” mövzusunda çıxış etdi: “İnsan hüquqları ən ali mövzudur. Texnologiyanin, süni intellektin inkişaf etdiyi bir dövrdə yeni nəsil hüquqlar yaranıb. Nigah hüququna gəldikdə isə, ailə qanunvericiliyinə əsasən ailə ümumbəşəri dəyərlərə əsasən könüllü şəkildə qurulmalıdır. Təəssüflə qeyd etmək istərdim ki, bu gün, xüsusilə bölgələrdə erkən yaşlardan qız uşaqları nigaha məcbur edilirlər. Nəticə olaraq, bu gün məhkəmələr daha çox boşanma işlərilə məşğuldur ki, bunun da kökündə tərəflər arasında mənəvi dəyər problemlərinin olması durur. Gənclər arasında mütaliənin yox dərəcəsində olması, kitaba maraq göstərilməməsi, hər sahədə süni intellektin idarəçiliyi insanları mənəvi dəyərlərdən uzaqlaşdırıb. Bu gün gənclərin intellektual, mənəvi və mədəni inkişafları üçün ədəbiyyatın rolu əsasdır. Bədii əsərlərdə vicdansızlıq, ədalətsizlik kimi halların pislənməsi, yüksək mənəvi dəyərlərin aşılanması cəmiyyətdə boşluqların yaranmaması, aradan qaldırılması baxımından vacibdir”.

Minaxanım Əsədova, gənclərlə sosial hüquqlar mövzusunda müzakirə təşkil etdi və öz fikirləri ilə bölüşdü: “Münasibətlərdə ortaq yol tapmalıyıq. Əsas sual bu olmalıdır: Necə edək ki, həm övladlarımıza diktə etməyək, həm də milli-mental dəyərlərdən çıxmayaq? Ailə münasibətlərində də tərəflər bir-birini olduğu kimi qəbul etsə, nə qədər ailələr dağılmaqdan xilas olar.  Elə olan halda, tərəflər bir-birilərinə güzəştə də gedirlər, səhvlərini də bağışlayırlar. Məhəbbət hiss olaraq qida istəyir. Təkcə nişanlılıq, ailə dövründə yox, hər zaman. Münasibət inkişaf etdikdə qidanın forması dəyişir. Qida isə qayğıdır, diqqətdir.”

Sonda moderatorlar və gənclər tədbiri diskussiya şəklində davam etdirdilər.  Günün aktual problemləri ilə səsləşən müxtəlif mübahisəli fikirlər müzakirə olundu. Nigah və ailə münasibətləri, xüsusilə də valideyn və uşaq münasibətlərinin hüquqi əsasları kimi mövzuların müzakirəsi daha çox marağa səbəb oldu.

Tədbirdən sonra qonaqlarla xatirə foto şəkilləri çəkildi və onlara muzeydə ekskursiya təşkil edildi.

 

 



İyul 2025
BE ÇA Ç CA C Ş B
« İyn    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.