Abdulla Şaiqin Mənzil-Muzeyinin və Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə tədbir keçirildi

 

 

27 may 2025-ci il tarixdə Cəlil Məmmədquluzadənin Ev-Muzeyində Abdulla Şaiqin Mənzil-Muzeyi və Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatında dövlət rəmzlərinin tərənnümü” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar olaraq baş tutdu.

Tədbirin məqsədi Azərbaycan ədəbiyyatında dövlətçilik ideyalarının, suverenlik anlayışının və milli rəmzlərin bədii əksini önə çəkmək, vətənpərvərlik ruhunu təbliğ etmək, klassik və müasir ədəbiyyat nümunələri vasitəsilə milli kimliyi və dövlət rəmzlərini gənc nəslə tanıtmaqdır.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsilə başladı. Daha sonra Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Aparıcı Nurxanım Əskərova qonaqları salamlayaraq, bayrağın dövlət rəmzi kimi əhəmiyyətindən danışdı: Bayraq yalnız bir parça deyil, minlərlə şəhidin canı, qanı bahasına ucaldılmış müqəddəs bir dəyərdir. Hər millətin bayrağı onun tarixi, mədəniyyəti və milli kimliyi ilə sıx bağlıdır. Bayrağa olan sevgi, əslində vətənə, millətə olan məhəbbətin ifadəsidir.

Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktor əvəzedicisi Yeganə Məmmədova açılış nitqi ilə çıxış etdi. O, ev muzeyinə gələn qonaqları salamlayaraq bu tədbirin baş tutmasının əhəmiyyətindən danışdı: Biz fəxr edirik ki, dövlətimiz bütün dünyada tanınır. Dövlətçilik dedikdə Şah İsmayıl Xətaidən, Dədə Qorquddan başlayaraq Azərbaycan dövlətinin indiyədək keçdiyi şərəfli yol nəzərdə tutulur. Bu baxımdan bu gün burada toplaşmağımız əbəs deyil.

Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə də həmçinin açılış nitqi ilə çıxış etdi: Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Nəriman Nərimanov kimi şəxsiyyətlər eyni dövrdə yaşayıblar, onlar birlikdə xalqımızın maariflənməsi, rifahı yolunda bir yerdə əl-ələ verib, mübarizə aparıblar.

Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşı Günel Əsədova ədəbi mövzuda çıxışında Azərbaycan ədəbiyyatında Abdulla Şaiq, Cəlil Məmmədquluzadə kimi ədiblərin yaradıcılıqlarının vətənpərvərliyin təbliği baxımından dərin məna kəsb etməyindən danışdı.

 

Tədbirin bədii hissəsində Abdulla Şaiqin Mənzil-Muzeyinin nəzdində fəaliyyət göstərən “Vətən” yaradıcılıq birliyinin üzvləri Azərbaycan şairlərinin poeziyasından nümunələrlə çıxış etdilər. Nuralizadə Uğur “Bayrağımız”, Allahverdiyev Xəlil “Vətən nəğməsi”, Abbasova Nuranə “Ordumuz” şeirlərini,  Nuralizadə Nur və İsmayılzadə Gülay Səməd Vurğunun “Azərbaycan ” şeirinə hazırlanmış kompozisiyanı ifa etdilər.

Dərnəyin üzvü Hacıyev Kamil Pərviz oğlu şeirləri sazla müşayiət edərək, bir-birindən gözəl aşıq havaları səsləndirdi. Nuralizadə Nurun ifasında skripkada həzin pyes dinləndi.

Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin əməkdaşı Yeganə Məhərrəmova Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Bayraq oğlu” şeirini səsləndirdi. Muzeyin rəhbəri Yeganə Məmmədova milli qəhrəmanın müharibədə göstərdiyi qəhrəmanlıq şücaəti haqqında danışdı: Natiq Qasımov təkbaşına sanki bir ordu tək düşmənə qarşı vuruşaraq onları heyrətə gətirib. Və şəhid olduğu zaman müqəddəs bayrağımıza sarılıb.

Yeganə xanım Məhərrəm Qasımlının (Orxan Paşa) müəllifi olduğu “Əllərini uzat mənə” kitabını “Vətən” yaradıcıq birliyinin rəhbəri, Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşı Arzu Hacızadəyə hədiyyə etdi.

Sonda dərnəyin rəhbərinə və bədii hissədə çıxış edən üzvlərinə tədbirdə fəal iştirak etdiklərinə və gözəl çıxışlarına görə təşəkkürnamə təqdim edildi, xatirə fotoları çəkildi.

Tədbir çərçivəsində qonaqlar üçün muzey ekspozisiyasında xüsusi bələdçi turu təşkil edildi.

 

     



İyun 2025
BE ÇA Ç CA C Ş B
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.