Abdulla Şaiqin Mənzil-Muzeyində “Tarixi Yaşadan Abidələrimiz” adlı tədbir keçirildi

 

 

18 aprel 2025-ci il tarixində Abdulla Şaiqin Mənzil-Muzeyində “Tarixi yaşadan abidələrimiz” adlı tədbir keçirildi. Tədbirdə Turizm və Menecment Universitetinin Sosial Menecment fakultəsinin muzey işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri iştirak etdilər.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbirdə tarixi abidələrin qorunmasının əhəmiyyəti, onların mədəni irsimizdəki yeri və gələcək nəsillərə ötürülməsi məsələləri müzakirə olundu. Bu əlamətdar gün 1983-cü ildən etibarən UNESCO-nun tabeliyində fəaliyyət göstərən ICOMOS – Tarixi Yerlər və Abidələrin Qorunması üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə qeyd edilir.

Tədbirin açılışında Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə qonaqları salamladı və tədbirin məqsədi barədə məlumat verdi. O, çıxışında tarixi abidələrin xalqın yaddaşını və kimliyini yaşatmaq baxımından mühüm rol oynadığını vurğuladı.

Daha sonra muzeyin əməkdaşı Günel Əsədova çıxış edərək abidələrin yalnız memarlıq baxımından deyil, həm də mənəvi və tarixi dəyərə malik olduğunu bildirdi. O qeyd etdi ki, Qobustandakı qayaüstü rəsmlər, İçərişəhər, Qız Qalası, Şirvanşahlar Sarayı, Şəki Xan Sarayı, Qarabağ bölgəsindəki abidələr və digər tarixi nümunələr xalqımızın zəngin keçmişindən xəbər verir.

Muzeyin digər əməkdaşı Fəridə Məmmədova isə çıxışında Abdulla Şaiqin Mənzil-Muzeyinin əhəmiyyətindən danışdı. O, bu mənzilin vaxtilə Azərbaycan ədəbiyyatının tanınmış simalarının toplaşdığı bir ocaq olduğunu qeyd etdi. Fəridə xanım əlavə etdi ki, bu kimi ev muzeyləri milli-mədəni irsimizin qorunmasında və təbliğində əvəzsiz rol oynayır.

Turizm və Menecment Universitetinin Sosial Menecment fakültəsinin muzey işi və abidələrin qorunması ixtisasının 3-cü kurs tələbəsi Leyla Babayeva da çıxış edərək mövzu ilə bağlı fikirlərini və təkliflərini iştirakçılarla bölüşdü.

Tədbirin sonunda mövzu ilə bağlı sənədli film nümayiş etdirildi, xatirə şəkli çəkildi, tələbələrə ekskursiya təşkil olundu. Bu cür tədbirlər cəmiyyətin mədəni irsə olan marağını artırmaqla yanaşı, tarixi yaddaşımızın qorunmasına xidmət edir.

 



May 2025
BE ÇA Ç CA C Ş B
« Apr    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.