Abdulla Şaiqin Mənzil-Muzeyində “Tıq-tıq xanımın qonaqları” adlı tədbir keçirildi
5 aprel 2025-ci il tarixdə Abdulla Şaiqin Mənzil-Muzeyində maraqlı və əyləncəli bir tədbir keçirildi. “Tıq-tıq xanımın qonaqları” adlı bu tədbir Abdulla Şaiqin Mənzil-Muzeyi yanında fəaliyyət göstərən “Vətən” yaradıcılıq dərnəyinin üzvlərinin iştirakı ilə baş tutdu.
Muzeyin direktoru Ülkər Talıbzadə qonaqları səmimiyyətlə salamladı və bu tədbirin əhəmiyyəti haqqında danışdı: Bu tədbir 27 ölkədən olan ev muzeylərinin qoşulduğu Beynəlxalq Ev Muzeyləri Günləri çərçivəsində keçirilir. Azərbaycanda 6 muzey bu çərçivəyə daxil edilib ki, onlardan biri bizim muzeyimizdir. Tədbirin keçirilməsi həm də rəmzi məna daşıyır. Abdulla Şaiqin Mənzil-Muzeyinin fəaliyyəti müxtəlif istiqamətlərdə tənzimlənir. Əsas diqqət isə uşaqlara yetirilib. Abdulla Şaiq bütün ömrünü onların maariflənməsinə həsr edib, ona görə biz də növbəmizdə ədibin məqsədini davam etdiririk. Məqsədimiz uşaqlarda bədii-estetik zövqün formalaşması və inkişaf etməsi, onların maariflənməsidir.
Muzeyin əməkdaşı Əskərova Nurxanım Beynəlxalq Ev Muzeyləri Günlərinin keçirilməsi təşəbbüsünün əsas məramını bildirdi: Bu, Florensiya (İtaliya) şəhərində yerləşən Milli Yaddaş Evləri Assosiasiyası tərəfindən təşkil edilən ilk buraxılışdır. Layihə ICOM Demhist (Tarixi Ev Muzeyləri üzrə Beynəlxalq Komitə), ICLM (Ədəbiyyat və Bəstəkarlar Muzeyləri üzrə Beynəlxalq Komitə), ICOM Italy və Avropa Görkəmli Şəxslərin Ev Muzeyləri Şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Tədbirin təşkilatçısı muzeyin əməkdaşı, “Vətən” yaradıcılıq dərnəyinin rəhbəri Nuralıyeva Arzu muzey əməkdaşlarını Ev Muzeyləri Günü münasibətilə təbrik etdi və uşaqların muzeyləri ziyarət etməyinin vacibliyini qeyd etdi. Sözü dərnəyin üzvlərinə verdi.
58 saylı tam orta məktəbin şagirdləri Abdulla Şaiqin “Tıq-tıq xanım” mənzum-nağılı əsasında hazırladıqları tamaşanı nümayiş etdirdilər. Dozanqurdu, tülkü, siçan, çoban kimi obrazları canlandıran istedadlı uşaqlar aktyorluq qabiliyyətlərini məharətlə göstərdilər. Onlar qonaqlara əyləncəli, eyni zamanda zövqlü dəqiqlər yaşatdılar. Tamaşanın sonunda Tıq-tıq xanım öz dostlarını şeirlər səsləndirməyə dəvət etdi:
Tıq-tıq xanımın dostları ədibin “Qərənfil”, “Qızıl gül”, “Bənövşə” və s. kimi şeirlərini ifa etdilər, başqa ziyalı şəxslərin Abdulla Şaiqə həsr etdikləri şeirləri səsləndirdilər.
Uşaqlar ədibin mənzum-nağılından başqa, “Oyan, oğlum!” şeirini də tamaşalaşdırılmış formada təqdim etdilər və marağa səbəb oldular.
Məktəbin müəlliməsi Ağaverdiyeva Mehriban çıxışında dedi ki, bizim məktəbdə öyrəndiyimiz ilk şeirlər Abdulla Şaiqin şeirləri olub. Bu gün sevinirəm ki, mən həmin şeirləri şagirdlərimə öyrədirəm. Məktəbimizdə keçirilən “Gözəl bahar” adlı tədbir, oxu saatı Abdulla Şaiqin əsərlərinin təbliğində mühüm əhəmiyyət daşıyır. Mehriban müəllimə bu tədbirdə iştirak etdiyinə görə məmnunluq hiss etdiyini bildirdi.
Tədbirin sonunda muzeyin direktoru tədbir iştirakçılarına təşəkkür etdi və onlara uğurlar arzuladı. O, uşaqlara Abdulla Şaiqin müəllifi olduğu əsərlərdən ibarət kitablar hədiyyə etdi.
İştirakçılarla xatirə foto şəkilləri çəkildi.
Tədbirdən sonra uşaqlara ekskursiya keçirildi, ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi.
Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.