Azərbaycan Uşaq Ədəbiyyatının Günəşi Abdulla Şaiqə Həsr Olunan Tədbir Keçirildi

 

Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, uşaq dramaturgiyasının banisi Abdulla Şaiqin anadan olmasının 144-cü ildönümü münasibətilə 6 mart 2025-ci il tarixində Şəhid Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə maraqlı tədbir keçirildi. Tədbir məktəbin 2B sinfinin, Abdulla Şaiqin Mənzil-Muzeyi və onun nəzdində fəaliyyət göstərən “Vətən” yaradıcılıq dərnəyinin birgə təşkilatçılığı ilə baş tutdu.

Tədbirin əsas məqsədi Abdulla Şaiq şəxsiyyətini və yaradıcılığını məktəblilər arasında təbliğ etmək, onların ədəbiyyata və muzeylərə olan marağını artırmaq, bədii-estetik zövqlərini formalaşdırmaq idi. Məktəbin direktoru Könül Hüseynova və sinif müəllimi Aysel Cəfərova çıxış edərək, dahi ədibin pedaqoji fəaliyyətinə və onun gənc nəslin formalaşmasına verdiyi töhfələrə toxundular.

Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə çıxışında öz uşaqlıq xatirələrinə qısa səyahət edərək bildirdi ki, uşaq olarkən Azərbaycanın sevilən ədibi Abdulla Şaiqin nəvəsi deyə çağırılanda utanırdı. Ancaq zaman keçdikcə anladı ki, bu cür fədakar, maarifçi, ömrünün 34 ilini müəllimliyə həsr etmiş bir şəxsiyyətin nəvəsi olmaq əsl qürur qaynağıdır. O, vurğuladı ki, Abdulla Şaiq təkcə onun deyil, eləcə də tədbirdə iştirak edən müəllimlərin, şagirdlərin və valideynlərin, qələmi ilə qəlblərinə toxunduğu bütün balaca canların babasıdır.

Tədbirin sonunda Ülkər xanım tədbirin ərsəyə gəlməsində böyük zəhməti olan sinif müəllimi Aysel Cəfərovaya muzey adından təşəkkürnamə, məktəbin direktoru Könül Hüseynovaya “Abdulla Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərləri” kitabını hədiyyə etdi.

Tədbirdə Abdulla Şaiqin Mənzil-Muzeyinin kiçik elmi işçisi Fəridə Məmmədova da çıxış edərək muzeyin və onun kollektivinin uşaqlar üçün göstərdiyi fəaliyyətlərdən bəhs etdi. O, Abdulla Şaiqin irsini gələcək nəsillərə çatdırmaq üçün görülən işlərdən danışdı və bütün iştirakçıları muzeyə dəvət etdi.

Tədbir çərçivəsində məktəbin şagirdləri və “Vətən” yaradıcılıq dərnəyinin üzvləri Abdulla Şaiqin sevilən şeirlərini səsləndirdilər və onun əsərlərindən ilhamlanaraq səhnəciklər nümayiş etdirdilər. Balaca ifaçıların həvəslə səhnəyə çıxması, şeirləri məharətlə söyləməsi və səhnəcikləri böyük sevgi ilə təqdim etməsi tədbir iştirakçılarının marağına səbəb oldu. Çıxışlar bir daha sübut etdi ki, Abdulla Şaiqin yaradıcılığı bu gün də uşaqlar üçün əsl ilham mənbəyidir.

 

 



Mart 2025
BE ÇA Ç CA C Ş B
« Yan    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.