Abdulla Şaiqin Mənzil-Muzeyində tədbir keçirildi

 

21 yanvar 2025-ci il tarixində Abdulla Şaiqin Mənzil-Muzeyi və Azərbaycan Türk Ocağının birgə təşkilatçılığı ilə “Yusif Ziya Talıbzadə – 148, Türkçülüyün Unudulmayan Şəxsiyyəti” adlı tədbir keçirildi. Tədbir Azərbaycanın görkəmli ictimai və siyasi xadimi, pedaqoq, hərbçi, dramaturq, Abdulla Şaiqin böyük qardaşı Yusif Ziya Talıbzadəyə həsr olunmuşdu.

Tədbirdə Azərbaycan Türk Ocağının rəhbərliyi və üzvləri, muzey xadimləri, ədəbiyyatçı və tarixçi alimlər, həmçinin KİV nümayəndələri iştirak etdilər.

Aparıcı Günel Əsədova qonaqları salamlayaraq, tədbirin əsas məqsədinin azərbaycançılığın və türkçülüyün unudulmaz şəxsiyyəti Yusif Ziya Talıbzadənin 148-ci ildönümünü qeyd etmək olduğunu vurğuladı. Tədbir 20 Yanvar şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. İlk söz Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadəyə verildi.

Ülkər Talıbzadə çıxışında tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, Yusif Ziyanın adı o dövrdə qadağan olunmuş adlar siyahısında idi. Bu səbəbdən də Abdulla Şaiq və Kamal Talıbzadə keçən əsrin əvvəllərində dəfələrlə Dövlət Təhlükəsizliyi Komitəsinə çağırılmış və sorğu-sual edilmişdilər. O, Kamal Talıbzadənin əmisi ilə bağlı apardığı araşdırmalardan və bu sahədəki əzmkarlığından söz açdı. Kamal Talıbzadə Ulu Öndər Heydər Əliyevlə telefon danışığında Yusif Ziyanın adının ictimaiyyətə tanıdılmasına köməklik göstərilməsini xahiş etmişdi. Nəticədə, Kamal Talıbzadənin səyləri ilə Yusif Ziyanın adı bərpa olundu və əmisinin xidmətləri ictimaiyyətə tanıdıldı.

Tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı çıxışında Türk Ocaqlarının fəaliyyəti barədə danışdı və vurğuladı ki, Yusif Ziya Talıbzadə bu ocaqların əsas qurucularından biri olub. Onun avtobioqrafik dram əsərində türkçülük və birlik ideyalarına həsr etdiyi fəaliyyəti əks olunub.

Muzeyin böyük elmi işçisi Elminaz Məmmədli “Yusif Ziya Talıbzadə xatirələrdə” mövzusunda məruzə ilə çıxış edərək professor Zeki Vəlidi Toğanın xatirələrində Yusif Ziyanın geniş təsvirinə yer verildiyini bildirdi. O, Yusif Ziyanın Ənvər Paşanın tapşırıqlarını həyata keçirən fövqəladə komissar kimi fəaliyyət göstərdiyini vurğuladı.

Professor Minaxanım Əsədova çıxışında Yusif Ziyanın mətbuatdakı fəaliyyətindən söz açaraq qeyd etdi ki, o, “Həyat”, “İrşad”, “İqbal” və “Yeni Füyuzat” kimi nəşrlərdə o dövrün ictimai və siyasi həyatının aktual mövzularına dair məqalələr dərc etdirirdi.

Tarix elmləri doktoru, professor Solmaz Tohidi, DİA-nın Tarix kafedrasının müdiri, tarix elmləri doktoru Firdovsiyyə Əhmədova, Milli Azərbaycan Tarixi Muzeyinin  elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru  Fərhad Cabbarov Yusif Ziyanın çoxşaxəli ictimai və siyasi fəaliyyətinin təbliği, zəngin irsinin xalqımıza tanıdılması, qorunması kimi mühüm məsələlər ətrafında fikirlərini bölüşdülər. Qonaqlar arasında filologiya elmləri doktoru, professor Təranə Rəhimli, BDU-nun professoru tarix elmər doktoru Sevda Süleymanova, Yusif Ziya Talıbzadənin nəvəsi Zemfira Talıbzadə də iştirak etdilər.

Tədbirin bədii hissəsində Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşı Fəridə Məmmədova Abdulla Şaiqin türk ordusunun Azərbaycana gəlişinə həsr etdiyi “Neçin böylə gecikdin” adlı şeirini səsləndirdi.

Sonda Yusif Ziyanın 2027-ci ildə keçiriləcək 150 illik yubileyinə hazırlıq məqsədilə onun elmi-publisistik və ədəbi irsinin nəşri və şəxsiyyətinin təbliği məqsədilə konfrans, simpozium və digər tədbirlərin keçirilməsinin zəruri olduğu qeyd edildi. Bu məsələ ətrafında müzakirələr aparıldı.

Tədbir Yusif Ziya Talıbzadənin həyat və fəaliyyətinin gənc nəslə tanıdılması baxımından böyük əhəmiyyət kəsb etdi.



Fevral 2025
BE ÇA Ç CA C Ş B
« Yan    
 12
3456789
10111213141516
17181920212223
2425262728  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.