15 oktyabr 2024-cü il tarixdə Abdulla Şaiqin Mənzil-Muzeyində “Füzuli rindü-
şeydadır…” adlı ədəbi-bədii musiqili tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü ildə dahi Azərbaycan şairi və
mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə imzaladığı
Sərəncama əsasən təşkil olundu.
Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer
tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli
sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin
məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran
çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş
etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın
mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək
yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-
sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və
müəllifinə dünya şöhrəti qazandırmışdır.
Füzuli istedadlı nümayəndələri ilə tanınan bütöv bir ədəbi məktəb
formalaşdırmışdır. Öz müasirlərindən başlayaraq, sonrakı dövrlərdə Füzuli
ənənələrinin davamçısı olmuş bütün görkəmli sənətkarlar bu nəhəng söz ustasının
adını hər zaman ehtiramla yad etmişlər.
Tədbiri Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Şəms-
Qəmər” kamera xoru açdı. Xorun ifasında dahi Üzeyir Hacıbəylinin “Leyli və
Məcnun” operasından “Şəbi-hicran” xoru səsləndi.
Tədbirin təşkilatçısı və aparıcısı muzeyin fondların baş mühafizi Günel Əsədova
qonaqları salamlayandan sonra Məhəmməd Füzulinin həyat yaradıcılığı ilə bağlı qısa
məlumat verdi. Muzeyin direktoru Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə “Füzulinin
musiqi dünyası” mövzusunda danışdı.
Tədbirdə Füzuli yaradıcılığı haqqında elmi məruzlər dinlənildi. ADPU-nun
professoru, filologiya elmləri doktoru Yaqub Babayev, filologiya elmləri doktoru
Təranə Turan Rəhimli çıxışlarında dahi şairin yaradıcılığını təhlil etdilər. Y.Babayev
şıxışında Məhəmməd Füzulini eşq, məhəbbət şairi kimi təqdim edib dedi ki,
mübaliğəsiz demək olar ki, dünyada Füzulidən böyük lirik şair yoxdur. O, lirik şeirin
ilk və son peyğəmbəridir.
“Kamal Talıbzadə və Məhəmməd Füzuli irsinə ədəbi-nəzəri münasibət”
mövzusunda çıxış edən T.Rəhimli belə bir fikri ilə bölüşdü ki, “Bəkir Çobanzadə
Füzulini türk dünyasının şairləri kontekstində ifadə edərək, onu böyük türk şairi
adlandırmışdı. Kamal Talıbzadə B.Çobanzadənin bu fikrini dəstəkləyib demişdi ki,
Füzuli türk şairlərinin atası idi. 60-cı illərdə hələ Azərbaycan ədəbiyyatının
mövqeyinin sual altında olduğu bir dövrdə belə fikir səsləndirmək böyük cəsarət tələb
edirdi.
Abdulla Şaiqin Mənzil-Muzeyinin böyük elmi işçisi Məmmədli Elminaz
“Məhəmməd Füzuli yaradıcılığı Abdulla Şaiqin təhlilində” mövzusunda məruzə etdi:
Həqiqətən dünyada ən böyük məktəb həyatdır. Həyatın bütün acılıqlarını dadmış
Füzulinin ruhunda qüvvət, qənaət, alicənablıq və mətanəti doğuran və onu həyata
bağlayan iztirablarıdır. O, Abdulla Şaiqin qəzəl dəftərini nümayiş etdirərək, ədibin
yaracılığa Füzuli yaradıcılığının təsiri ilə lirik qəzəllə başladığını vurğuladı.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının
aktyorları “Leyli və Məcnun” əsəri əsasında hazırlanmış tamaşadan bir parça ifa
etdilər. AMK nəzdində İncəsənət Gimnaziyasının tələbəsi Rzayev Nurlan Məhəmməd
Füzuli obrazında lirik qəzəl söylədi. Azərbaycan Milli Konservatoriyasının 4-cü kurs
tələbəsi Nağıyev Hüseyn kamançada Süleyman Ələsgərovun “Vətənimdir” romansını
xüsusi məharətlə ifa etdi. Daha sonra AMK nəzdində İncəsənət Gimnaziyasının
müəllimi İsmayılov Elnur və gimnaziyanın şagirdi Mənsimzadə Rəhimənin ifasında
Füzulinin “Leyli və Məcnun” əsərindən pantomim səhnə göstərildi
Bədii hissənin davamında Prezident təqaüdçüsü Leyla Muradzadənin ifasında,
Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Svetlana Əhmədovanın
Fortepiano müşayiəti ilə Cahangir Cahangirovun “Füzuli” kantatasından bir parça
dinlənildi. Aktyorların və gənc istedfadların canlı ifası qonaqlar tərəfindən maraq və
alqışla qarşılandı.
Sonda ümumrespublika müsabiqələr laureatı, gənc muğam ifaçısı Yusif
Cəfərbəyli Azərbaycan Milli Konservatoriyasının tələbələri – tarda Cavanşir
Rüstəmbəyli, kamançada Əli Rüstəmbəylinin müşayiəti ilə Məhəmməd Füzulinin
qəzəllərinə muğam dəstgahı ifa etdi. Qonaqlar musiqili tədbirə xüsusi ovqat qatan
muğam ifasını hərarətlə alqışladılar.
Sonda Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə tədbir
iştirakçılarına və ifaçılara təşəkkürünü bildirdi. Qonaqlarla xatirə foto-şəkilləri çəkildi.