“Yaşıl Dünya Naminə Həmrəylik” adlı tədbir keçirildi

 

“Yaşıl Dünya Naminə Həmrəylik”

16 may 2024-cü il tarixdə Respublika Fizika-riyaziyyat və İnformatika təmayüllü liseyin akt zalında Abdulla Şaiqin Mənzil-Muzeyi ilə liseyin 8c sinfinin birgə təşkili ilə “Yaşıl dünya naminə həmrəylik” adlı tədbir baş tutdu.

Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına əsasən keçirildi.

Belə ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib.

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri isə ədəbi yaradıcılıqları boyu təbiətin tərənnümünə həsr olunmuş bədii nümunələr yaradıblar. Tanınmış şair, nasir, dramaturq, böyük pedaqoq Abdulla Şaiq də yaradıcılığı boyu təbiət təsvirlərinə geniş yer verərək “Gözəl Bahar” pyesi ilə uşaq dramaturgiyasının əsasını qoyub. Əsərdə ədib fəsilləri və təbiət hadisələrini dilə gətirərək bədii obrazlar vasitəsilə təbiəti tərənnüm edib.

Uşaqların ifasında səslənən “Gözəl Bahar”, “Bənövşə”, “Bülbül”, “Arı” və digər  nümunələr uşaq ədəbiyyatının inciləri sırasına daxildir.

Məclisdə Abdulla Şaiqin Mənzil-Muzeyininin rəhbərliyi, muzey əməkdaşları, Respublika Fizika-riyaziyyat və İnformatika təmayüllü liseyin  rəhbər və müəllim heyəti, valideyn və şagirdlər, həmçinin, FHN nümayəndəsi, “Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzi”nin metodistləri iştirak etdilər.

Tədbirdə bəşəriyyəti narahat edən iqlim dəyişiklikləri, onların ətraf mühitə mənfi təsiri, təbiətə qayğının vacibliyi və bu kimi ekoloji problemlər ətrafında söhbət aparıldı. Məktəblilər Abdulla Şaiqin və digər ədiblərin təbiətə, ətraf mühitə həsr edilmiş  müxtəlif bədii nümunələrlə çıxış etdilər. Tədbir boyu şagirdlər tərəfindən hazırlanan müxtəlif slayd-şoular arxa fonda nümayiş olundu. Daha sonra Abdulla Şaiqin Mənzil-Muzeyi ilə liseyin 8c sinfinin tədbiri birgə təşkilinin əsas təşəbbüskarlarından biri olan 8c sinfinin biologiya müəllimi Südabə Kərimova, liseyin Təlim-tərbiyə işləri üzrə müavini Valeh Bəyəliyev, Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzi metodistləri Elnarə Nəsirova və Mətanət  Məmmədova, “Uşaq Birliyi”nin rəhbəri Nərmin Hüseynzadə, Azərbaycan dili-ədəbiyyat müəllimi Dilarə Əliyeva, liseyin psixoloqu Sevda Nəbiyeva, FHN Nüvə və radioloji təhlükəsizliyin ekspert qiymətləndirilməsi və maarifləndirmə şöbəsinin müdiri Mətanət Qəhrəmanova və Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə qlobal problemlər, təbiətin qorunması, yaşıllıqların bərpası ilə bağlı öz fikirlərini səsləndirdilər.

FHN Nüvə və radioloji təhlükəsizliyin ekspert qiymətləndirilməsi və maarifləndirmə şöbəsinin müdiri Mətanət Qəhrəmanova öz çıxışında Fövqəladə Hallar Nazirliyinin gördüyü işlərə diqqət çəkdi. O, həmçinin radioaktiv tullantılarından, metro girişlərində qoyulan skaner cihazlarından xüsusi bəhs etdi.

Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə öz çıxışında tədbirin zəngin elmi, ədəbi, maarifləndirici, estetik tərkibindən, yüksək hazırlanma səviyyəsindən danışdı. Abdulla Şaiqin bir ömür vətənə xidmətindən, vətənin silahla keşiyində duran igidlərin sırasında həmçinin ədibin öz qələmini gənc nəslin maariflənməsi uğrunda sanki bir silaha çevirməsindən bəhs etdi və çıxışını Abdulla Şaiqin ifadəsi ilə tamamladı: “Mən yazıçılığımdan ziyadə müəllimliyimlə iftixar edirəm”.

Sonda Abdulla Şaiqin Mənzil-Muzeyinin kollektivi ilə liseyin 8c sinif şagirdləri, müəllim kollektivi və valideynləri birlikdə xatirə şəkli çəkdirdilər.

 

 

 



Dekabr 2024
BE ÇA Ç CA C Ş B
« Okt    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.