Abdulla Şaiqin Mənzil-Muzeyi ilə Hüseyn Cavidin Ev-Muzeyinin birgə təşkilatı ilənarkomaniya ilə mübarizə mövzusunda “Narkotik Asılılığına Son!” adlı tədbir keçirildi
25 aprel 2024-cü il tarixdə Abdulla Şaiqin Mənzil-Muzeyi ilə Hüseyn Cavidin Ev-Muzeyinin birgə təşkilatı ilə müasir dövrümüzdə bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda “Narkotik Asılılığına Son!” adlı tədbir keçirildi. Məclis Hüseyn Cavidin Ev-Muzeyinin akt zalında baş tutdu.
Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-cu il 22 iyul tarixli Sərəncamına əsasən həyata keçirildi. Cənab Prezidentin rəhbərliyi ilə ölkədə gerçəkləşdirilən sosial siyasətin önəmli istiqamətini əhalinin sağlamlığının, xalqın milli genefondunun qorunması sahəsində məqsədyönlü fəaliyyət təşkil edir.
Məclisin keçirilməsində məqsəd gənclərə əsrin bəlasını tanıtdırmaq, onları narkomaniya əleyhinə mübarizə və sağlam həyat tərzi mövzusunda maarifləndirməkdir.
Tədbirdə hər iki muzeyin direktoru və əməkdaşları, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun gənc alimləri, STEP Reabilitasiya Mərkəzinin rəhbəri, ADMİU-nun tələbələri iştirak etdilər. Məclisi Hüseyn Cavidin Ev-Muzeyinin direktoru Gülbəniz Babaxanlı giriş sözü ilə açıq elan etdi. O, tədbirin cənab Prezidentin sərəncamı əsasında keçirilməsinə diqqət çəkdi. Gülbəniz Babaxanlı gənclərə çox səmimi müraciət etdi və vurğuladı ki, valideynlər narkotik asılılığına qarşı mübarizədə ən mühüm rola malikdirlər. Onlar övladları ilə dost münasibəti qurmalıdırlar ki, övladlar qarşılaşdığı problemləri, üzləşdiyi çətinlikləri və öz ürək sirlərini ilk növbədə valideynlərinə açsınlar. O zaman bu bəladan uzaq olmaq, gəncləri qorumaq mümkündür.
Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Əzizağa Nəcəfzadə Qurani-Kərimdən ayə ilə sitat gətirdi və vurğuladı ki, asılılıq yaradan və insanın sağlamlığına zərər vuran istənilən vərdiş haram sayılır. O, dahi ədib Füzulinin “Bəngü-Badə” (Tiryək və Şərab) alleqorik və satirik əsərindən kiçik bir səhnəni misal gətirdi və bir gəncin faciəsindən söz açdı.
Abdulla Şaiqin Mənzil-Muzeyinin kiçik elmi işçisi Fəridə Məmmədova çıxışında canlı ünsiyyətin vacib əhəmiyyətindən bəhs etdi, narkotik asılılıqdan çıxış yollarından biri kimi maariflənmə və kommunikasiyanı göstərdi.
STEP Reabilitasiya Mərkəzinin rəhbəri İlqar Xəlilov öz çıxışında şəxsi təcrübəsindən misallar gətirtdi və mərkəzin müalicə yanaşmasından ətraflı şəkildə danışdı. O, göstərdi ki, narkotik asılılıq bir xəstəlikdir, xasiyyət deyil. Daha sonra İlqar Xəlilov qeyd etdi ki, müalicə zamanı əsas rol valideynlərin və ailənin üzərinə düşür və xəstələrin müalicəsi prosesində mənəvi dəstək mühüm əhəmiyyətə malikdir.
Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə gənclərə üz tutaraq qeyd etdi ki: “Siz bizim gələcəyimizsiniz! Özünüzü, yaxın çevrənizi pis vərdişlərdən qoruyun ki, gələcəyimiz də sağlam olsun, sağlam cəmiyyət yetişsin. Gələcəyimiz sizin əlinizdədir və sizə əmanətdir.”
Sonda tədbir sual-cavab və diskussiya formatında davam etdirildi. Gənclərin mövzuya göstərdiyi diqqət və həssaslıq hər iki muzeyin direktoru tərəfindən təqdir edildi.