Abdulla Şaiqin Mənzil-Muzeyində Azərbaycanın Əməkdar incəsənət xadimi, şair, dramaturq Abdulla Şaiqin yaradıcılığına həsr olunmuş musiqili-poetik tədbir keçirildi
22 fevral 2024-cü il tarixdə Abdulla Şaiqin Mənzil-Muzeyində Azərbaycanın Əməkdar incəsənət xadimi, şair, dramaturq Abdulla Şaiqin yaradıcılığına həsr olunmuş musiqili-poetik tədbir keçirildi. Məclis şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Lalə Həsənovanın sədrliyi ilə Bakıdakı Rus Evinin Ədəbi Layihəsinin və Abdulla Şaiqin Mənzil-Muzeyinin təşkilatçılığı ilə baş tutdu.
Musiqili-poetik gecədə Bakıdakı Rus Evinin Ədəbi Layihəsinin üzvləri, ədəbiyyatsevərlər, şairlər, muzey əməkdaşları iştirak etdilər. Məclisi giriş sözü ilə Lalə Həsənova açıq elan etdi. Muzeyin direktoru Ülkər Talıbzadə qonaqları Şaiq ocağında salamlayıb, tədbirin iştirakçılarına uğurlar arzuladı.
Məclisdə gənc müəllim, şairə Lalə Həsənova, ədəbi layihənin üzvləri, gənc istedadlar Türkan Bayramzadə, Bayram Məhərrəmov, Günətay Hüseynova, Aytən Həsənzadə, Olqa Şalaeva, Lalə Muxtarova, Mariya Petrienko Abdulla Şaiqin şeir və qəzəllərini azərbaycan və rus dillərində səsləndirdilər. Onlar çıxışlarında eyni zamanda ədibin zəngin ədəbi yaradıcılığı, geniş poetik fəaliyyətindən söz açdılar, Şaiqin yaradıcılığı ilə bağlı uşaqlıq xatirələrini bölüşdülər. A.Şaiqin bacısı Ruqiyyə xanımın nəticəsi Afaq Rafiq qızı Sultanovanın rus dilində qələmə aldığı “Şaiq ocağı” şeiri və bu ocaqda uşaqlıq illərini keçirmiş anasının xatirələrindən ibarət söhbəti dinləyiciləri duyğulandırdı.
Şeirlərin deklamasiyası Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu Ləman Qulamovanın ifasında P.Çaykovski, T.Quliyev, Y.Vesnyak kimi bəstəkarların musiqi əsərləri ilə müşayiət olundu. Ləman Qulamovanın “Son yarpaq” adlı bəstəsi bütün qonaqları təsirləndirdi. Bakı Musiqi Akademiyasının baş müəllimi, Beynəlxalq müsabiqələr laureatı Lalə Muxtarova Şubertin məşhur “Serenada” əsərini ifa edib.
Tədbrin sonunda Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə Bakıdakı Rus Evinin Ədəbi Layihəsinin təşkilatçılarına, şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Lalə Həsənovaya və tədbirin təşkilində əməyi keçən hər bir kəsə öz təşəkkürünü bildirdi. Maraqlı, dərin məzmunlu səmimi çıxışlarına görə ədəbiyyatsevərlərə, musiqili-poetik gecənin qonaqlarına minnətdarlıq etdi.
Tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış oldular, ədibin həyat və yaradıcılığı ilə bağlı ətraflı məlumat aldılar. Muzeyin ekspozisiya zalında təşkil olunmuş Xocalı soyqırımın 32-ci il dönümünə və Abdulla Şaiqin vəfatının 65 illiyinə həsr edilmiş fotosərgilər ilə tanış oldular. Sonda ənənəyə uyğun xatirə foto-şəkilləri çəkildi.