“Məni Şaiqdən ayırmayın – Kamal Talıbzadə” adlı tədbir keçiriləcək.
“Məni Şaiqdən ayırmayın! – Kamal Talıbzadə”
10 yanvar 2024-cü ildə saat 15:00-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr edilmiş “Məni Şaiqdən ayırmayın! – Kamal Talıbzadə” adlı tədbir keçiriləcək. Tədbir Abdulla Şaiqin Mənzil-Muzeyinin təşkilatçılığı ilə baş tutacaq.
2023-cü il avqustun 14-də AMEA-nın həqiqi üzvü, görkəmli ədəbiyyatşünas alim, Azərbaycanın tanınmış ictimai və mədəniyyət xadimi akademik Kamal Abdulla Şaiq oğlu Talıbzadənin anadan olmasının 100-cü ildönümü qeyd edildi. Öz alim şəxsiyyətində ədəbiyyat tarixçisi, tənqidçi, mətnşünas, nəzəriyyəçi, istedadlı publisist, səriştəli elm təşkilatçısı, pedaqoq və maarifçini birləşdirən Kamal Talıbzadənin yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığı tarixində xüsusi bir mərhələ təşkil edir.
Azərbaycan ədəbiyyatşünaslığına qiymətli töhfələr vermiş Əməkdar Elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Talıbzadələr nəslinin layiqli davamçısı, Şöhrət ordenli akademik K.Talıbzadə XX əsr Azərbaycan bədii fikrinin öyrənilməsi istiqamətində mötəbər tədqiqatların müəllifi kimi milli ədəbi tənqidimizin bütöv bir mərhələsinin ilk elmi tarixinin yaradıcısı olub. Onun geniş, zəngin, xüsusi arxiv materialları əsasında yazdığı “Azərbaycan ədəbi tənqidinin tarixi” monoqrafiyası ədəbiyyatşünaslıq qarşısında duran çox mühüm bir vəzifəni yerinə yetirib, tənqidşünaslıq məktəbinin əsasını qoyub. Görkəmli alim, ilk dəfə olaraq, milli ədəbi prosesdə tənqidin yeri, onun tarixi varlığı haqqında birtərəfli, natamam münasibəti aradan qaldırıb, Azərbaycan ədəbiyyatında estetik və ictimai amil kimi tənqidin daim iştirak etdiyini, onun çox güclü tərəflərindən birini təşkil etdiyini isbat edib.
K.Talıbzadə eyni zamanda mədəniyyət sahəsində fəal çalışan bir şəxsiyyət olub. Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı və təbliği yolunda həyata keçirdiyi ən böyük layihələrdən biri də xalqımızın görkəmli şəxsiyyətlərinin xatirə muzeylərinin yaradılması idi. Həmin layihə çərçivəsində, dövlətin dəstəyi ilə 1990-cı ildə akademik K.Talıbzadə Abdulla Şaiqin Mənzil-Muzeyini yaradıb. Onun dərin elmi biliyi, bacarığı, səyi, zəhməti nəticəsində zəngin kolleksiyaya malik bir muzey ərsəyə gəlib. Bu muzey XX əsrin birinci yarısında baş verən bir çox mədəni, tarixi, ictimai hadisələri özündə əks etdirən mədəniyyət ocaqlarından biridir. Kamal Talıbzadə 15 il ərzində, ömrünün sonunadək bu muzeyə rəhbərlik edib, müxtəlif yönlü ədəbi-bədii tədbirlər keçirib, sərgilər təşkil edib, radio və televiziyada, mətbuatda muzeyin fəaliyyəti ilə bağlı müntəzəm çıxışlar edib. 1994-cü ildən YUNESKO-nun nəzdində Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin üzvü olub. 26 noyabr 2003-cü ildə 80 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı və Fəxri Nişanı ilə təltif edilib.
Muzeydə və muzeydən kənarda akademikin 100 iliyinə həsr olunmuş bir sıra silsilə tədbirlər həyata keçrilib. 2023-cü il oktyabrın 19-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Akademik Kamal Talıbzadə: ədəbi tənqid məktəbinin yaradıcısı” mövzusunda elmi sessiya, AYB-nin Natəvan klubunda yubiley tədbiri keçirilib, Azərbaycan Milli Kitabxanasında “Kamal Talıbzadə – 100” adlı virtual sərgi hazırlanıb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Akademik Kamal Talıbzadə” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub.
Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.