Poeziya Gecəsi Abdulla Şaiqin Mənzil-Muzeyində poeziya gecəsi.
Noyabrın 24-də Abdulla Şaiqin Mənzil-Muzeyində ədibin bacısı Ruqiyə xanımın nəticəsi ədəbiyyat müəllimi, şairə, “Axund Uşaqları” adı ilə tanınan ziyalı və yaradıcı nəslin nümayəndəsi Afaq Rafiq qızının yaradıcılığına həsr olunmuş “Şairə Afaq Rafiq qızı ilə poeziya gecəsi” adlı tədbir keçirildi.Sultanova Afaq Rafiq qızı 1963-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Üç şeir toplusunun – “Ad günün mübarək, ruh!” (2000), “Təsadüfi xüsusiyyətləri sil…” (2003), “Ruhun simlərində” (2018) müəllifidir. Rus dili və ədəbiyyatı müəllimidir.
Muzeyin direktoru ədibin nəvəsi Ülkər Talıbzadə gecənin qonaqlarını salamlayaraq tədbiri açıq elan etdi. Ülkər xanım qeyd etdi ki, Şaiq ocağında – şeir və sənətlə sıx bağlı olan bu müqəddəs ocaqda belə bir tədbirin keçirilməsi rəmzi məna daşıyır. Maraqlıdır ki, Afaq xanımın anası professor, filologiya elmləri doktoru Gültəkin xanım Sultanova Abdulla Şaiqin bacısının nəvəsi olmaqla yanaşı, həm də Azərbaycan ədəbiyyatşünaslığı sahəsində töhfələr vermiş, pedaqoji fəaliyyətlə məşğul olmuş bir şəxsiyyət idi. Afaq xanım da müəllimlik fəaliyyəti və poetik yaradıcılığı ilə bu tanınmış ailənin ənənələrini uğurla davam etdirir.
Poeziya gecələrinin təşkil olunması muzeyimizdə artıq ənənəyə çevrilib. Afaq Rafiq qızının yaradıcılığı məhəbbət, ana, fəlsəfi mövzuları əhatə edir. Tədbirin əsas konsepsiyası da şairənin poeziyası ilə tanışlıq və onun təhlili idi. Bu mövzulu şeirləri dinləyən qonaqlar poetik nümunələr və şairənin sənət dünyası ilə bağlı maraqlı fikirlər söylədilər. Belə bir fikir də səsləndi ki, Afaq xanımlın xanımın şeirləri onun şəxsiyyətindən xəbər verir, şeirləri dinlədikcə biz onun daxili dünyası ilə tanış oluruq. Poeziya gecəsində müəllifin və qiraətçilərin ifasında şeirlər səsləndi, fikir mübadiləsi baş tutdu, slayd-şou nümayiş etdirildi.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru Alla Bayramova, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq doktoru Rəna Abdullayeva və b. müzakirələrdə iştirak etdilər.
Sonda gecənin səbəbkarı Afaq Rafiq qızının imzası ilə kitablar hədiyyə edildi və qonaqlarla birgə xatirə fotoşəkilləri çəkildi.
Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.