Abdulla Şaiqin Mənzil-Muzeyində 27 sentyabr Anım Günü tədbiri keçirildi

 

26 sentyabr 2023-cü il tarixdə Abdulla Şaiqin Mənzil-Muzeyində II Qarabağ müharibəsi şəhidlərinin Anım Gününə həsr olunmuş “Vətən müharibəsi xatirələrdə” adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcısı muzeyin əməkdaşı Arzu Nuraliyeva qonaqları salamlayaraq ilk sözü Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadəyə verdi. Qonaqları salamlayandan sonra Ülkər xanım dedi ki, bu gün həm çox hüznlü, həm də fəxr ediləsi bir gündür. Hüznlü gündür ona görə ki, bu gün biz şəhidləri anırıq. Fəxr edirik, ona görə ki, şəhidlərin qanı yerdə qalmadı. Torpaqlar azad olundu. Muzeyin direktoru görkəmli ədib Abdulla Şaiqi də anaraq vurğuladı ki, A.Şaiq də öz xidmətləri ilə vətənə qulluq edib. O, uşaqların milli ruhda, türkçülük və vətənpərvərlik hisslərilə yetişdirilməsində xüsusi rol oynayıb, onların əsl vətənsevər kimi formalaşmaqlarının güclü təməlini qoyub. Ədib ilk anadilli sinifləri yaradaraq milli məktəblərin əsasını qoyub. Həmin məktəblərin tələbələri də sonralar kökündə vətən eşqi dayanan A.Şaiq ideyalarını təbliğ edərək sonrakı və bugünkü nəsilləri yetişdiriblər. Ülkər xanım sonda onu da dedi ki, bu gün Azərbaycan xalqı qələbə tarixinə şahidlik etdi, tarix yaşadı.

Jurnalist Zərəngiz Dəmirçi Qayalı çıxışında öz şəhid bacısı Vəfa Dəmirçioğlu haqqında, onun qəhrəmanlıq şücaətlərindən danışaraq, bacısına həsr etdiyi şeiri səsləndirdi.

Jurnalist Tamilla Məmmədzadə I Qarabağ müharibəsi illərindəki xatirələrindən, 44 günlük müharibə dövründə bir jurnalist olaraq düşmənlə apardıqları informasiya müharibəsindən, Qarabağ müharibəsi şəhidi haqqında yazdığı kitabın iş prosesindən söhbət açdı.

Aparıcı qeyd etdi ki, 30 il yuxularımız ərşə  çəkildi. Dədə-baba torpaqlarımızı şirin yuxularımızda, xəyallarımızda canlandırdıq. I Qarabağ döyüşündə şəhid olan vətən oğullarının ruhu  qarşısında günahkar idik. Qarabağ deyəndə susuzluqdan çat-çat olmuş dilimiz torpaq kimi parçalandı, doqaqlarımız çatladı. Murov dağı bizə alınmaz bir qala oldu. Ən dəhşətli döyüşlərdən biri də  Murov dağ ətrafında oldu.

Tədbirin bədii hissəsində muzeyin əməkdaşı Arzu Nuraliyevanın rəhbərliyi ilə muzeyin nəzdində fəaliyyət göstərən “Vətən” yaradıcılıq dərnəyinin üzvləri Vətən şəhidlərinə, qəhrəmanlara həsr edilmiş şeirlər səsləndirdilər.  Uğur Nuraliyev “Ali Baş Komandan”, Nəzrin Bayramova Murov dağının alınmasında qəhrəmancasına şəhid olmuş Ceyhuna həsr olunmuş “Murov”, Nur Nuralizadə sinif yoldaşı, şəhid qızına həsr edilmiş şeir, Abbasova Nuranə “Naməlum şəhid məzarı”, Zəkəriyyə Nuri  şeirlərini səsləndirdilər.

Sonda 44 günlük zəfər yoluna və şəhidlik zirvəsinə həsr edilmiş video-çarx nümayiş etdirilidi.



Dekabr 2025
BE ÇA Ç CA C Ş B
« Okt    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/yaziya/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.