Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Abdulla Şaiqin Mənzil-Muzeyi ilə birgə təşkil olunmuş “Həyatını məhv etmə!” adlı tədbir keçirildi
19 oktyabr 2022-ci il saat 12:00-da Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Abdulla Şaiqin Mənzil-Muzeyi ilə birgə təşkil olunmuş “Həyatını məhv etmə!” adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” proqramı çərçivəsində keçirilən, auditoriyası məktəblilər, müəllimlər, həkim və psixoloqdan ibarət olan tədbir maarifləndirmə xarakteri daşıyırdı.
Qonaqlar sırasında N.Tusi adına 173 saylı orta məktəb, Bakı şəhəri T.İsmayılov adına 6 saylı məktəb-liseyin, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagird və müəllimləri, Yaşam psixologiya və təlim mərkəzinin rəhbəri psixoloq dr.Könül Cəfərova, Step reabilitasiya mərkəzinin rəhbəri, kimyəvi asılılıqlar, narkomaniya və alkoqolizm üzrə mütəxəssis İlqar Xəlilov, mərkəzin digər nümayəndəsi, vaxtilə narkomaniya bəlasından əziyyət çəkmiş, lakin bu bəladan sağalmış gənc də var idi.
Muzey rəhbərləri Ülkər Talıbzadə və Günay Əliyeva tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdilər. İlk söz psixoloq dr. Könül Cəfərovaya verildi. Könül xanım olduqca dəyərli fikir və məsləhətlərini auditoriya ilə bölüşərək vurğuladı ki, narkotik maddələr elə bir zəhərləyici xarakter daşıyır ki, əvvəlcə insanı yüksək həzzə qaldırır, sonra isə ölümə çökdürür. O, determinizmdən söz açaraq qeyd etdi ki, səbəb-nəticə əlaqələrində nəticə dəyişdirilə bilməsə də, səbəbi dəyişmək mümkündür. O, məktəbliləri öz anaları ilə çox yaxın olmağa, valideynləri isə öz övladlarını etdiyi səhvə görə hər dəqiqə günahlandırmamağa çağıraraq bildirdi ki, valideynlər öz övladlarını bütün səhvləri, doğruları, bütöv bir xarakteri ilə sevməli və daim onların yanlarında olmalıdırlar. Könül xanımın sözlərinə əsasən, müasir dövrdə yeniyetmələr təhsil tələbləri ilə həddən artıq məhdudlaşdırılırlar. Buna görə də onların beynində boş sahə qalmır, həyatlarında asudə vaxta yer olmur. Onlar çox yorulurlar. Yorucu reallıqdan qaçmağa çalışan gənclər dəyişiklik axtarır, yeniliklər dalınca istiqamətlənirlər. Dəyişikliyin ən rahat yolunu narkotik vasitələrdə tapırlar. Bəzən narkotikə qurşanmağın yollarından biri də o olur ki, insanlar həyatında hər şey çox yerində olur, maddi təminatları olduqca yüksək olur, həyatın ləzzətini hər yolla çıxarmış olurlar, artıq həyatın onların gözündə bir marağı qalmır. Bununla da narkotik vasitələri sınaqdan keçirmək qərarına gəlirlər, bəlkə maraqlı olar deyə. Psixoloq insan şəxsiyyətinin inkişafında belə bir məsləhət də verdi ki, insan öz ətrafında olan insanların kim olduğunu düzgün seçməlidir. İnsan kimi seçirsə özü də odur. Yaxşı insanları seçərsə daxili də yaxşılıqlarla qidalanar, pis adamlar seçərsə daxili də pisliklərlə qidalanar. Son sözünü isə çox dəyərli bir məsəllə yekunlaşdırdı: bülbül ilə dostluq etsən yerin gülüstan, güllük olar, qarğa ilə dostluq etsən yerin zibillik olar.
Çıxış üçün növbəti söz həkim İlqar Xəlilova verildi. O da öz növbəsində insanları bu bəladan uzaq olmağa səsləyərək vurğuladı ki, insanları narkotik vasitələrə sövq edən səbəblərdən biri də onların uşaq yaşlarında aldıqları hər hansı bir travmadır. Həkim iştirakçılara dəyərli məsləhət verdi: mümkün olduqca problemlərini, sıxıntı və dərdlərini öz ailələri və ya ən yaxın bildikləri dostları ilə bölüşsünlər. Bu, çıxış yolunu narkotik vasitələrdə tapmaqdan yaxşıdır.
Tədbirdə vaxtilə bu bəladan əziyyət çəkmiş, lakin öz səbri, əzmi, iradəsi və ailəsinin, Step reabilitasiya mərkəzinin dəstəyi ilə yaxa qurtarmış bir gənc – Emin Mirzəyev danışdı. Emin Mirzəyev hal-hazırda həmin mərkəzin konsultantıdır. O, iştirakçıları bölüşməyə, pis vərdişlərdən uzaq olmağa çağırdı. Və sağlam həyat yaşamağa səslədi.
Sonda məktəblilər mövzuyla bağlı suallarını verdilər və mütəxəssislərin ətraflı cavablarını dinlədilər.
Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.