Abdulla Şaiqin Mənzil-Muzeyində“Danışan eksponatlar – rəqəmsal təqdimatda” adlı tədbir keçirildi
18 may 2022-ci il tarixdə Abdulla Şaiqin Mənzil-Muzeyində 18 may Beynəlxalq Muzeylər gününə həsr edilmiş “Danışan eksponatlar – rəqəmsal təqdimatda” adlı tədbir keçirildi.
Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü dünyada hər il 18 may tarixində müəyyən deviz altında qeyd olunur. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında keçirildi. Abdulla Şaiqin Mənzil-Muzeyi bu devizin təhsil vasitəsilə icma qurmaq, rəqəmsallaşdırma və əlçatanlıqda innovasiyaların gücü müddəalarını əsas tutaraq “Danışan eksponatlar rəqəmsal təqdimatda” adlı tədbiri muzeyin qonaqlarına – Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin müəllim və tələbələrinə təqdim etdilər.
Artıq illərdir tamaşaçılara xidmət edən, böyük izləyici marağına səbəb olan bu muzeydə olduqca maraqlı tarixçələrə malik eksponatlar nümayiş olunur. Muzeyin əməkdaşları eksponatların maraqlı tarixçələrini Abdulla Şaiqin özünün qələmindən çıxan xatirələri ilə dilləndirdilər və həmin eksponatlar tədbir iştirakçılarına rəqəmsal təqdimatda nümayiş olundu. Ömrünün 34 ilini pedaqoji fəaliyyətə həsr edən Abdulla Şaiqin yaradıcı şəxsiyyətinin nəcib insani xüsusiyyətləri onun cansız əşyalara da səmimi, duyğulu və doğma yanaşmasına səbəb olub. Məhz buna görə də tamaşaçı auditoriyasına nümayiş etdirilən eksponatlar xatirələrlə vəhdətdə tədbir iştirakçılarına təqdim edildi. Belə bir təqdimat gənc nəslin formalaşması əsnasında yüksək insani keyfiyyətlər aşılamaq, formalaşdırmaq üçün pedaqoji prosesdə təlim, tərbiyə, təhsil və psixoloji inkişaf xüsusiyyətlərinin həyata keçirilməsinə səbəb ola bilər.