Abdulla Şaiqin Mənzil-Muzeyində “Yaxşı arxa” adlı kukla tamaşası nümayiş olundu
17 may 2022-ci il tarixdə Abdulla Şaiqin Mənzil-Muzeyində 18 may Beynəlxalq Muzeylər Gününə həsr edilmiş ədibin eyniadlı mənzum hekayəsi əsasında hazırlanmış “Yaxşı arxa” adlı kukla tamaşası nümayiş olundu. Kukla tamaşası muzeyin əməkdaşları tərəfindən ifa olundu.
Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü dünyada hər il 18 may tarixində müəyyən deviz altında qeyd olunur. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında keçirilir.
Abdulla Şaiqin Mənzil-Muzeyi “Təhsil vasitəsilə icma qurmaq gücü” prinsipini əsas tutaraq, azyaşlı izləyicilərdən ibarət olan tamaşaçı auditoriyası üçün “Yaxşı arxa” adlı kukla-tamaşasını göstərdi. Artıq illərdir tamaşaçılara xidmət edən, böyük izləyici marağına səbəb olan bu muzeydə silsilə kukla tamaşaları nümayiş olunur. Vaxtilə ədibin özünün rejissorluğu və rəssamlığı ilə baş tutan tamaşa göstərmək ənənəsi hazırda da muzeyin əməkdaşları tərəfindən davam etdirilir. Tamaşadan sonra uşaqlarla əsərin müzakirəsi keçirildi. Müzakirə əsnasında personajların timsalında vaxtilə ədibin öz şagird və tələbələrinə əsərləri vasitəsilə aşılamaq istədiyi müsbət insani keyfiyyətlər, pislədiyi mənfi xüsusiyyətlər azyaşlı izləyicilər üçün də izah edildi.
Sonda tədbir iştirakçılarına muzeyin ekspozisiyası nümayiş olundu və xatirə şəkilləri çəkildi.