Abdulla Şaiqin Mənzil-Muzeyində “Danışan eksponatlar” adlı tədbir keçiriləcək
18 may 2022-ci il tarixdə Abdulla Şaiqin Mənzil-Muzeyində 18 may Beynəlxalq muzeylər gününə həsr edilmiş “Danışan eksponatlar” adlı tədbir keçiriləcək.
Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü dünyada hər il 18 may tarixində müəyyən deviz altında qeyd olunur. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında keçiriləcək. Tədbirlərin keçirilməsində üç nöqteyi-nəzər əsas tutulur:
– Dayanıqlılığa nail olmaq gücü
– Rəqəmsallaşdırma və əlçatanlıqda innovasiyaların gücü
– Təhsil vasitəsilə icma qurmaq gücü
Abdulla Şaiqin Mənzil-Muzeyi ikinci və üçüncünü əsas tutaraq, “Danışan eksponatlar rəqəmsal təqdimatda” adlı tədbir hazırlayıb.
Artıq illərdir tamaşaçılara xidmət edən, böyük izləyici marağına səbəb olan bu muzeydə olduqca maraqlı tarixçələrə malik eksponatlar nümayiş olunur. Muzeyin əməkdaşları eksponatların maraqlı tarixçələrini Abdulla Şaiqin özünün qələmindən çıxan xatirələri ilə dilləndirəcək və həmin eksponatlar tədbir iştirakçılarına rəqəmsal təqdimatda nümayiş olunacaq. Ömrünün 34 ilini pedaqoji fəaliyyətə həsr edən Abdulla Şaiqin şəxsiyyətindən doğan təbii insani cəhətlər onun cansız əşyalara da səmimi, duyğulu və doğma yanaşmasına səbəb olub. Məhz elə buna görə də tamaşaçı auditoriyası əsasən yeniyetmələrdən ibarət olacaq tədbirdə nümayiş olunacaq eksponatların xatirələrlə vəhdətdə təqdim olunması onlarda şəxsiyyətin formalaşması ərəfəsində yüksək insani keyfiyyətləri aşılamaq, formalaşdırmaq üçün pedaqoji prosesdə təlim, tərbiyə, təhsil və psixoloji inkişaf xüsusiyyətlərinin həyata keçirilməsinə səbəb olacaq.
Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.