Abdulla Şaiqin Mənzil-Muzeyində “Yaxşı arxa” adlı kukla-tamaşası oynanılacaq
17 may 2022-ci il tarixdə saat 14:00-da Abdulla Şaiqin Mənzil-Muzeyində ədibin eyniadlı mənzum-nağılı əsasında hazırlanmış “Yaxşı arxa” adlı kukla-tamaşası nümayiş olunacaq. 18 may Beynəlxalq Muzeylər Gününə həsr edilmiş kukla-tamaşası muzeyin əməkdaşları tərəfindən ifa olunacaq.
Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü dünyada hər il 18 may tarixində müəyyən deviz altında qeyd olunur. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında keçiriləcək. Tədbirlərin keçirilməsində üç nöqteyi-nəzər əsas tutulur:
– Dayanıqlılığa nail olmaq gücü
– Rəqəmsallaşdırma və əlçatanlıqda innovasiyaların gücü
– Təhsil vasitəsilə icma qurmaq gücü
Abdulla Şaiqin Mənzil-Muzeyi “Təhsil vasitəsilə icma qurmaq gücü” prinsipini əsas tutaraq, tamaşaçı auditoriyası azyaşlı izləyicilərdən ibarət olan “Yaxşı arxa” adlı kukla-tamaşası göstərəcək. Artıq illərdir tamaşaçılara xidmət edən, böyük izləyici marağına səbəb olan bu muzeydə silsilə kukla tamaşaları nümayiş olunur. Vaxtilə ədibin özünün rejissorluğu və rəssamlığı ilə baş tutan tamaşa göstərmək ənənəsi hazırda da muzeyin əməkdaşları tərəfindən davam etdirilir. Tamaşadan sonra əməkdaşlar əsərin müzakirəsini həyata keçirəcəklər. Bu yolla, personajların timsalında azyaşılarda vaxtilə ədibin öz şagird və tələbələrinə əsərləri vasitəsilə aşılamaq istədiyi müsbət insani keyfiyyətlər, pislədiyi mənfi xüsusiyyətlər müzakirə olunacaq.
Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.