Abdulla Şaiqin Mənzil-Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş elmi seminar keçirildi

 

10 may 2022-ci il tarixdə Abdulla Şaiqin Mənzil-Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş elmi seminar keçirildi. Elmi konfransı muzeyin direktoru Ülkər Talıbzadə “Heydər Əliyev və mədəniyyət” mövzusunda məruzə ilə çıxış edərək növbəti fikirləri səsləndirdi:

Dünyada elə tarixi şəxsiyyətlər var ki, onlar üçün sahə və peşə məhdudiyyəti, ixtisas çərcivələri yoxdur, məşğul olduqları problemlərin dairəsi geniş və hüdudsuzdur. Azərbaycanın Ümummilli lideri Heydər Əliyev də öz istedadı, fitri, mənəvi keyfiyyətləri etibarilə belə şəxsiyyətlər sırasına daxildir. Görkəmli dövlət xadimi, mahir siyasətçi, müdrik insan olan Heydər Əliyev üçün də ictimai həyatın müxtəlif sahələri arasında sərhəd yox idi. O hansı mövzuda, hansı problemlə əlaqədar danışırdısa həmin mövzunun, həmin ixtisasın, həmin sahənin mahir bilicisi, mütəxəssisi kimi çıxış edirdi.

“Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər”[1] – deyən Heydər Əliyev şəxsiyyətlərin gördükləri böyük tarixi işi, xidməti yüksək qiymətləndirərək ictimai elmlərin aktual problemlərindən olan şəxsiyyət probleminə öz münasibətini bildirirdi.

“Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli keçərək, həmişə yaradacaq, həmişə inkişaf edəcəkdir.”[2] Heydər Əliyevin mədəniyyətin ictimai həyatda tutduğu mövqeyini, mahiyyətini, vəzifələrini izah edən bu fikirləri bütün mədəniyyət xadimləri kimi, musiqi xadimlərini də yeni yaradıcılıq axtarışlarına ruhlandırırdı.

Heydər Əliyev öz nitqlərində, çıxışlarında tarixdə şəxsiyyətin rolu probleminə xüsusi əhəmiyyət verir və müxtəlif mədəniyyət, incəsənət xadimləri haqqında dəyərli fikirlər söyləyirdi. Onun fikrincə, “görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər”.[3] Xalqımızın görkəmli ziyalılarını – məşhur şairlərini, incəsənət xadimlərini, adlı-sanlı alimlərini yüksək qiymətləndirərək, onları hər vəchlə təbliğ və himayə edən ulu öndər ictimai həyatımızda həmin şəxsiyyətlərin təntənəli yubiley tədbirlərinə xüsusi əhəmiyyət verirdi. Heydər Əliyev eyni zamanda belə təntənəli yubileylərin keçirilməsinin bilavasitə təşkilatçısı və təşəbbüskarı olmuşdur.

Heydər Əliyev müxtəlif xadimlərin yubileylərinə həsr edilmiş təntənəli yığıncaqlarda müntəzəm  olaraq şəxsən iştirak edib nitq söyləyir və özünün dərin musiqi biliyini, tədbirin səbəbkarının həyat və yaradıcılığına maraq və məhəbbətini bildirən fikirləri ilə dinləyicilərin diqqətini cəlb edirdi.

Müstəqillik dövründə milli mədəniyyətin geniş vüsət aldığı bir dövrdə, gənc dövlətimizin musiqi həyatında  Azərbaycan respublikasının ümummilli lideri Heydər Əliyev mədəniyyət və incəsənətin inkişaf proseslərinin parlaq təşkilatçısı, milli incəsənətin alovlu təbliğatçısı kimi musiqi xadimlərinə də dəstək olmuş, onların qarşısında geniş yaradıcılıq imkanları açmışdır.

Növbəti məruzə ilə Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşı Fəridə Məmmədova çıxış etdi. O bildirdi ki, ulu öndərin rəhbərliyi dövründə respublikamızda muzey işində yeni mərhələnin əsası qoyulub. Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə mədəniyyət və incəsənətə xüsusi diqqət və qayğı göstərirdi. Dahi rəhbər həmişə bu sahədə çalışanlara dayaq olur, mədəniyyət, o cümlədən, muzey işçilərinin fəaliyyətini yüksək dəyərləndirirdi.

Son illər yeni muzeylərin yaradılması, bir çox muzeylərdə əsaslı bərpa və yenidənqurma işlərinin aparılması və digər tədbirlər bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir.Muzeylər vasitəsilə Azərbaycanın mədəniyyəti, tarixi geniş təbliğ edilir. Azərbaycan mədəniyyətinin, incəsənətinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması istiqamətində gördüyü böyük işlər bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Seminar boyu muzeyin digər əməkdaşları Arzu Nuraliyeva, Səidə İsmayılova və Elminaz Məmmədli də Ümummilli liderlə bağlı fikir və xatirələrini bölüşdülər. Elmi seminarda ADMİU-nun Abdulla Şaiqin Mənzil-Muzeyində istehsalat təcrübəsi keçməkdə olan tələbələri də iştirak etdilər. Edilən məruzələrin, söylənən xatirələrin gənc tələblər üçün də olduqca böyük maraq kəsb etdiyi fikri seminarda öz ifadəsini tapdı. Sonda Heydər Əliyevə həsr edilmiş slayd-şou və sərgi nümayiş olundu.

[1] H.Əliyev. Müstəqillik yolu. – Bakı, 1997, s.124.

[2] H.Əliyev. Gənc istedadlara dövlət qayğısı gücləndirilməlidir //Azərbaycan. – 1995, 11 aprel.

[3] H.Əliyev. Müstəqillik yolu.- Bakı. – 1997, s.124.

 



Noyabr 2024
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.