Abdulla Şaiqin Mənzil-Muzeyində “Şuşa abidələri – tariximizin silinməz izləri” adlı tədbir keçirildi
15 aprel 2022-ci il tarixdə saat 14:00-da Abdulla Şaiqin Mənzil-Muzeyində “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi ilə birgə 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü və “Şuşa ili” çərçivəsində “Şuşa abidələri – tariximizin silinməz izləri” adlı tədbir keçirildi.
1752-ci ildə təməli Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş, zəngin inkişaf yolu keçmiş Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış Şuşa şəhərinin bu il 270 illiyi qeyd olunacaq. 12 noyabr 2020-ci ildə Azərbaycanın 28 illik həsrətinə son qoyuldu. Uzun müddət düşmən tapdağı altında qalan, xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan xarı bülbül ətirli Şuşa geri qaytarıldı. Bənzərsiz tarixi görkəmi, özünəməxsus mühiti, zəngin abidələri ilə həmişə seçilən bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb.
Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il 05 yanvar 2022 tarixində 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan edilməsi ilə bağlı xüsusi Sərəncam imzaladı.
Prezidentin Sərəncamını rəhbər tutaraq muzeyimizdə Şuşa ilinə həsr edilmiş tədbir keçirildi. “Şuşa abidələri – tariximizin silinməz izləri” adlı tədbir eyni zamanda 18 may Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edildi. Tədbirdə “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, birliyin üzvləri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü şairə-jurnalist Zərəngiz Dəmirçi Qayalı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının fəal üzvləri və ADMİU-nun muzeyimizdə istehsalat təcrübəsi keçən tələbələri iştirak etdilər.
Aparıcı Elgün Qulamov qonaqları salamladıqdan sonra qədim Azərbaycan torpağı olan Şuşa haqqında danışdı və sözü çıxışçılara verdi. Sonra isə Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşı Fəridə Məmmədova “Şuşa ili. İşğaldan azad olunmuş Şuşa tarixi-memarlıq abidələrinin təhlili” mövzusunda məruzə etdi. O, 18 aprel tarixinin xüsusiliyi ilə bağlı bildirdi ki, aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Şuşa – Qarabağın ürəyi xalqımız üçün əziz və müqəddəs məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz bir hissəsidir. Fəridə Məmmədova Şuşanın tarixi, Şuşa abidələrinin dünəni və bu günü, onların erməni vandallığına məruz qalması ilə bağlı məlumat verdi. Elgün Qulamov özünün müəllifi olduğu “Azərbaycan” poemasından hissələr səsləndirdi.
Rəngarəng bədii hissənin müşayiəti ilə davam edən tədbirdə təşkilatın üzvü Nəzrin Bağırlı “Qarabağ” və “Qələbə” rəqslərini, Ləman Vəliyeva isə “Tellərini yan dara, qız” rəqsini ifa etdi. Qonaqlar rəqs nümunəsini maraqla izlədilər və onları alqışladılar. Təşkilatın nümayəndəsi Teymur Vəliyev gitarada gözəl xalq mahnımız olan “Bu qala daşlı qala” mahnısını özünəməxsus bir tərzdə ifa etdi.
Tədbir şairə-jurnalist Zərəngiz Dəmirçi Qayalının çıxışı ilə davam etdi. Zərəngiz xanım Şuşa ilə yanaşı, Dərbənd, Borçalı və Göyçə kimi tarixi əzəli torpaqlarımız haqqında fikir bölüşdükdən sonra özünün yazdığı qələbə ruhlu “Şuşa” şeirini səsləndirdi. Zərəngiz xanım onu da əlavə etdi ki, vaxtilə o, 30 il bundan əvvəl Qarabağ məğlubiyyətinə şeir həsr etmişdi. Lakin indi səsləndirdiyi şeir məhz qalibiyyətimizə həsr olunub. Zərəngiz xanım belə bir tədbirin keçirilməsinə görə muzeyin direktoru Ülkər Talıbzadəyə, birliyin rəhbəri Aygün Zamanlıya və İATGT-nin istedadlı gənclərinə təşəkkür etdi.
Sonda muzeyin direktoru Ülkər Talıbzadə gələn qonaqlara iştiraklarına görə təşəkkürünü bildirdi. O dedi ki, bu günkü gün Abdulla Şaiqin ruhu şaddır. Çünki ədib ömrünün böyük bir hissəsini yeniyetmələrin, gənclərin məhz indi olduğu kimi vətənpərvər ruhda böyümələrinə, əsl şəxsiyyət kimi formalaşmaqlarına həsr edib. Ülkər xanım istedadlı gənclərə öz təşəkkürünü bildirdi. Onlara təşəkkürnamə və Fəxri Fərmanlar təqdim etdi.
Tədbirdə “Şuşa abidələri – tariximizin silinməz izləri” adlı slayd-şou nümayiş etdirildi. Sonda qonaqlarla xatirə foto-şəkilləri çəkildi.
Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.