“Aşıq Ələsgər 200 – Poeziya və Musiqi” adlı onlayn tədbir
“Aşıq Ələsgər 200 – Poeziya və Musiqi”
Abdulla Şaiqin Mənzil-Muzeyində tədbir
8 iyun 2021-ci ildə Abdulla Şaiqin Mənzil-Muzeyində Azərbaycan folklorunun görkəmli nümayəndəsi ustad aşıq Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünə həsr edilmiş “Aşıq Ələsgər 200 – Poeziya və Musiqi” adlı onlayn tədbir (ZOOM tətbiqi üzərindən) keçirildi. Ölkə Prezidentinin 2021-ci ilin fevral ayında imzaladığı Sərəncama əsasən, Aşıq Ələsgərin 200-cü ildönümü bütün ölkə üzrə qeyd olunur. Bu tədbir də həmin tədbirlər sırasına aiddir. Tədbirdə Azərbaycanın tanınmış ziyalıları və alimləri, bir sıra muzeylərin direktorları və əməkdaşları, habelə universitet tələbələri və Azərbaycan musiqi sənətinin bir sıra tanınmış simaları da iştirak etdilər. Alimlər öz maraqlı araşdırmaları, faktlarla dolu məruzələri ilə iştirakçıları məlumatlandırdılar. Tədbiri açıq elan etmək üçün ilk olaraq Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə çıxış etdi. Ülkər xanım Abdulla Şaiqin aşıq sənəti, xalq yaradıcılığı ilə bağlılığından danışdı. O, bildirdi ki, ilk dəfə Aşıq Ələsgərin şeirlərini araşdırmış və onun şeirlərini özünün “Azərbaycan aşıqları” (Bakı, 1929-cu il) kitabına daxil edən məhz Azərbaycanın tanınmış folklorşünası Hümmət Əlizadə olmuşdur. Kitabın “Bir neçə söz” adlı Müqəddiməsini Abdulla Şaiq yazmış, Aşıq Ələsgər yaradıcılığına da toxunmuşdur.
Mədəniyyət Nazirliyinin Muzeylərlə iş sektorunun müdiri Altun Mikayıllı öz növbəsində Aşıq Ələsgər yaradıcılığının, Azərbaycan aşıq sənətinin yüksək dəyərə malik olduğundan, sənətkarın əsərlərinin gənc nəslin tərbiyəsində, mənəviyyatının formalaşmasında oynadığı xüsusi roldan danışdı.
AMEA Memarlıq və İncəsənət İnstitutunun “Azərbaycan Xalq musiqisinin tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərli “Aşıq Ələsgərin sazlı, avazlı, musiqili misraları” mövzusunda çıxış etdi. O öz çıxışında Aşıq Ələsgər yaradıcılığının musiqi ilə sıx bağlılığından, şeirlərinin musiqililiyindən, söz və musiqinin qarşılıqlı əlaqəsindən geniş məlumat verdi, ustad sənətkarın yaradıcılığının xüsusiyyətlərindən danışdı. AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə “Aşıq Ələsgər yaradıcılığında Vahid Allah” mövzusunda maraqlı məruzə ilə çıxış etdi. O, əvvəlcə Azərbaycan folklor ədəbiyyatı ilə yazılı ədəbiyyatın müqayisəli təhlili baxımından Vahid Allah inancının tərənnümündən söhbət açdı. Daha sonra bu inancın Aşıq Ələsgərin bütün yaradıcılığı boyu əsas ana xətt olduğunu bildirdi. AMEA Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu isə “Aşıq Ələsgər yaradıcılığında “dağ” obrazı” mövzusu ilə çıxış etdi. Ustad aşığın yazdığı iki eyniadlı “Dağlar” şeirinin süjet xətti, əsası haqqında maraqlı məlumat verdi və bildirdi ki, “insan” obrazı aşığın yaradıcılığında “dağ” obrazı ilə ifadə olunub. Üzeyir Hacıbəylinin ev-muzeyinin Fond müdiri Aytən Heydərova dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycanda aşıq musiqisinin ilk tədqiqatçısı olduğunu, Üzeyir Hacıbəyli musiqisində aşıq sənətinin izlərindən danışdı.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair, naşir, dramaturq və böyük pedaqoq olan Abdulla Şaiq Talıbzadə həm ədəbiyyatşünaslıq fəaliyyətində, həm də bədii yaradıcılığında Azərbaycan xalq yaradıcılığından bəhrələnmiş, onu tədqiq etmiş, obraz və motivləri əsasında bir çox əsərlər yazmışdır. Elə bu faktı əsas tutaraq Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşı Fəridə Məmmədova maraqlı məruzə ilə çıxış etdi. Respublikanın Xalq artisti Gülyanaq Məmmədova, gənc və istedadlı aşıq Aşıq Ramin Qarayev isə gözəl ifaları ilə tədbirə bədiilik və rəngarənglik gətirdilər.
Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.