18 mart 2021-ci il tarixdə saat 11:00-da Türk dünyasının qüdrətli ədibi, Azərbaycan ədəbiyyatının klassiki, böyük maarif və ictimai-siyasi xadimi Abdulla Şaiqin 140 illik yubileyinə həsr edilmiş “Arazdan Turana” adlı Virtual konfrans (“Zoom” proqramı üzərindən) keçirildi. Konfrans Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirildi. Konfransın təşkilində Abdulla Şaiqin Mənzil-Muzeyi, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, Türk Ədəbiyyatı Vəqfi, Dünya Gənc Türk Yazarlar Birliyi və ADPU Quba filialı dəstək qurum qismində iştirak etmişlər. Konfransda Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov, MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, millət vəkili, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Darhan Kıdırali, TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı, Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi dos.dr Ülkər Talıbzadə, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin nümayəndəsi Arzu Bağırova, Türk Ocaqları İstanbul şöbəsinin Başqanı dr. Cezmi Bayram, Azərbaycan Türk Ocaqları Başqanı dr. Akif Aşırlı, ADPU Quba filialının direktoru Dos.dr. Yusif Alı Afşar iştirak etdilər. Konfransda Abdulla Şaiqin çoxşaxəli yardıcı fəaıiyyətinin müxtəlif istiqamətləri ilə bağlı alimlərimiz maraqlı məruzələr təqdim etdilər. “Abdulla Şaiq. Həyatı. Yaradıcılığı” mövzusunda filologiya elmləri doktoru Cavanşir Yusiflinin, “Abdulla Şaiq və Türkçülük” – filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Turan Rəhimlinin, “Abdulla Şaiq – ədəbiyyatşünas” – filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyevanın, “Abdulla Şaiq və teatr” – tarix elmləri doktoru Minaxanım Əsədovanın, “Abdulla Şaiqin uşaq yaradıcılığı” – filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının, “Abdulla Şaiqin pedaqoji fəaliyyəti” – pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun çıxışları dinlənildi. Əməkdar artist Azad Şükürov Şaiqin “Arazda Turana” əsərini səsləndirdi.