Ədəbiyyatın sabahına gedən yol

 

4 iyul 2019-cu il saat 14:00-da Abdulla Şaiqin Mənzil Muzeyində YUNESKO-nun  Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “Ədəbiyyatın sabahına gedən yol” mövzusunda Dəyirmi masa keçirildi. Tədbirə Abdulla Şaiqin Mənzil Muzeyi və Dünya Gənc Türk Yazarlar Birliyi təşkilatçılıq etdi.

Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər xanım Talıbzadə Dəyirmi masada iştirak edən qonaqları salamladı.

Ardınca iştirakçılar AŞMM-nin ekspozisiyasını ziyarət etdilər. Muzeyin bələdçisi Elminaz Məmmədli Abdulla Şaiqin həyat və yaradıcılığını əks etdirən eksponatlar haqqında məlumatlar verdi, ziyarətçiləri maraqlandıran sualları cavablandırdı.

Ülkər xanım Talıbzadə yenidən Dəyirmi masa ətrafına toplaşan qonaqları təqdim etdi və sözü ADPU və BDU-nun dosenti, AYB-nin və DGTYB-nin üzvü, şairə və ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Təranə Turan Rəhimliyə verdi. T.T.Rəhimli Dünya Gənc Türk Yazarlar Birliyinin yaranması, fəaliyyəti və nəşrləri barədə danışdı. O, türk yazarlarının Türk dünyasında tanınmaları baxımından Birliyin fəaliyyətinin əhəmiyyətini vurğuladı.T.T.Rəhimli turançılıq ideyalarının təbliği baxımından da müxtəlif layihələrə imza atan DGTYB-nin fəaliyyətini yüksək qiymətləndirdi. O, həmçinin, türk yazarlarının dünya ədəbiyyatına inteqrasiyasının gərəkliliyini də dilə gətirdi.

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar çıxışında tədbirin məhz bu məkanda keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu və bütün nəsillərin Abdulla Şaiqin əsərləri ilə böyüdüyünü, dil açdığını vurğuladı. Birliyin sədri gənc yazarların problemlərindən söz açdı; onların nəşr məsələlərində maddi dəstəyin, tanıtım tədbirlərinin təşkili, bu işdə sistemlilik prinsipinə riayət olunması kimi problemlərin mövcudluğundan və onların həlli yollarından danışdı.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva Abdulla Şaiqin ədəbi fikir tarixində xüsusi xidmətlərindən; onun nasir, şair, ədəbiyyatşünas, folklorşünas, tərcüməçi kimi fəaliyyətindən, əsərlərində barındığı türk simvolikasından söz açdı.

Diskussiyada DGTYB-nin üzvləri – Nicat Həşimzadə, Rəhim Teymurov, Nəcəf Əsgərzadə, Elvin Rizvangil, Anar Rəsul Nəzərov, Vüsal Yurdoğlu, Ramin Kolçak iştirak edirdi. Onlar gənc yazarların problemlərindən, gələcək planlarından söz açdılar. E.Rizvangil Azərbaycanda kitab industriyasının zəifliyindən danışdı və bu problemin köklərini araşdırdı: onun fikrincə, yazarlar arasında sağlam rəqabətin olmaması, dünyaya çıxmaq üçün dünya ədəbiyyatının meyarlarına uyğun əsərlərin yazılmaması əsas səbəblərdəndir.

Azərbaycanda daha çox xarici yazarların əsərlərinin oxunduğunu təəssüflə qeyd edən gənc yazar Ramin Kolçak bu işdə mütəşəkkil ideoloji iş aparılmasının zəruriliyini dilə gətirdi. O, mədəniyyətimizi kifayət qədər yaxşı təbliğ etməməyimizdən şikayətləndi və bu missiyanın ədəbiyyatçıların üzərinə düşdüyünü vurğuladı. Ülkər xanım Talıbzadə mədəniyyətin təbliği işində ədəbiyyatçılarla yanaşı KİV nümayəndələrinin fəaliyyətinin əhəmiyyətindən söz açdı və Dəyirmi masada Azərbaycan Dövlət Radiosunun müxbiri İlahə xanımın iştirakının çox vacib olduğunu bildirdi. Muzey rəhbərinin fikrincə, belə tədbirlər gənc yazarların tanıdılması, təbliğ olunması baxımından əhəmiyyətlidir.

Gənc şairlərin oxuduğu poeziya nümunələri tədbirin polemik ruhuna lirik çalar qatdı. Gənc şair Vüsal Yurdoğlu və muzeyin əməkdaşı Fəridə Məmmədova öz şeirlərini, Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının II kurs tələbəsi Murad Həsənxanlı Vaqif Səmədoğlunun “Sevgilim” şeirini səsləndirdilər.



Dekabr 2025
BE ÇA Ç CA C Ş B
« Okt    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.