“Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyasının təqdimatı keçirildi

 

“Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyasının təqdimatı keçirildi.

2018-ci il oktyabrın 16-da Abdulla Şaiqin Mənzil Muzeyində filologiya üzrə elmlər doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qabaqcıl maarif xadimi, Qabaqcıl təhsil iççisi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Baba Babayevin “Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyasının təqdimat mərasimi keçirildi. Sözügedən monoqrafiyada müəllif görkəmli ədib Abdulla Şaiqin nəsr yaradıcılığını tədqiqata cəlb etmiş, onun ədəbi irsinin bu sahəsini konseptual şəkildə araşdırmışdır. Kitabda nəsr əsərlərinin müxtəlif nəşrləri arasındakı fərqlər üzə çıxarılmış, janr, metod və digər sənətkarlıq məsələlərinə aydınlıq gətirilmişdir. Filologiya üzrə elmlər doktoru Baba Babayevin “Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyası müəyyən əlavələrlə, 1999-cu il nəşri əsasında hazırlanaraq çap olunmuş, elmi ictimaiyyətə təqdim olunmuşdur.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri, Azərbaycan Menecment və Turizm Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər xanım Talıbzadə açdı. Ardınca söz Abdulla Şaiq irsinin tədqiqatçısı fil.ü.f.d. Arzu Hacıyevaya verildi. Məruzəçi çıxışında Abdulla Şaiqin yaradıcılığının tədqiqatçıları barədə söz açdıqdan sonra fil.e.d. Baba Babayevin “Abdulla Şaiqin nəsr yaradıcılığı” kitabının məziyyətlərindən danışdı. Tədqiqatçı fil.e.d. B.Babayevin Abdulla Şaiqin epik yaradıcılığını milli nəsr tariximizdə özünəməxsus mərhələ hesab etdiyini qeyd etdi, yazıçının epik irsini  iyirminci əsrin əvvəllərindən altmışıncı illərinədək  nəsrin bədii yaradıcılıq axtarışlarının inkişaf səciyyələri və istiqamətlərinin müəyyənləşməsi baxımından etibarlı məxəz hesab etdiyini dedi.

Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini fil.e.d., prof. Əlizadə Əsgərli çıxış etdi. Alim bütün nəsillərin müəllimi hesab etdiyi Abdulla Şaiqin yaradıcılığına və   münasibətini səsləndirdikdən sonra Baba Babayevin şəxsiyyəti və elmi fəaliyyəti barədə danışdı.

Tədbir  fil.e.d.,prof Alxan Bayramoğlunun çıxışı ilə davam etdirildi. A.Bayramoğlu B.Babayevin pedaqoji fəaliyyətindən söhbət açdıqdan sonra monoqrafiyanın əhəmiyyətindən danışdı, müəllifin tədqiqatı ilk mətnlər əsasında aparmasını işin məziyyəti kimi yüksək qiymətləndirdi.

Tədbir bədii hissə ilə davam etdi. Muzeyin könüllüsü Pərvin Niftəliyeva tədbir iştirakçıları üçün Abdulla Şaiqin “Köç” hekayəsindən “Məşğələlərim” parçasını səsləndirdi.

Təqdimat mərasimində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri fil.f.d., prof. İslam Qəribli də çıxış etdi. B.Babayevin “Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyasının hər iki – 1999-cu və 2018-ci il nəşrləri ilə tanış olduğunu, sonuncunun daha mükəmməl olduğunu qeyd etdi.

Pedaqoji Universitetin professoru Təyyar Salamoğlu “Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyası ilə tanışlıqdan sonra Abdulla Şaiqi  qüdrətli  nasir kimi kəşf etdiyini  bildirdi və müəllifin ədibi maarifçi kimi təqdim etməsini alqışladı.

Tədbirdə iştirak edən digər alimlər fil.e.d. N.Tağısoy, fil.e.d.E.Mehrəliyev, fil.f.d. Ş.Şamıoğlu, fil.f.d. G.Qocayeva, fil.f.d. Z.Bayramlı, “Kredo” qəzetinin baş redaktoru Ə.Xələfli və başqaları Baba Babayevin “Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyasının məziyyətlərindən danışdılar, səbəbkarı təbrik edib, yaradıcılıq uğurları arzuladılar.

Təqdimat mərasiminin sonunda fil.e.d. Baba Babayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

 

 



Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
 

 

 

 

http://abdullashaig.az/en/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2019 - House museum of Abdulla Shaig

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.