Talıbzadələr və İslam

 

Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsini rəhbər tutaraq, İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2017-ci il Azərbaycan Respublikasında  “İslam  Həmrəyliyi  İli” elan edilmişdi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamını rəhbər tutaraq Talıbzadələr nəslinin də İslam sivilizasiyasında xidmətlərini və rolunu nəzərə alaraq 2018-ci il  yanvarın 25-də Abdulla Şaiqin Mənzil Muzeyində “Talıbzadələr və İslam” adlı tədbir keçirilmişdir.

Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.

Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir.

Tədbirin aparıcısı Günel Əsədova qonaqları salamlayaraq tədbiri açıq elan etməsi üçün ilk sözü muzeyin direktoru Ülkər Talıbzadəyə verdi. Daha sonra muzeyin əməkdaşı Elminaz Məmmədli İslamın Talıbzadələr soyunun həyatındakı rolundan, nəslin nümayəndələri ilə İslamın əlaqəsindən bəhs edən “Axund uşaqları və İslam” adlı məruzə ilə çıxış etdi. Tədbirdə tarix elmləri doktoru Minaxanım Əsədli Abdulla Şaiqin qardaşı Yusif Ziya Talıbzadənin İslam dini və şəriətlə bağlı fəaliyyətindən danışdı. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullah, İdarənin şöbə müdiri, BDU-nun baş müəllimi, fəlsəfə doktoru Aqil Şirinov, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Aslan Həbibov İslamın cəmiyyətdəki rolu, əhəmiyyəti, İslam və gənclik kimi mövzular ətrafında məruzələrlə çıxış etdilər.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Alxan Bayramoğlu, Milli Konservatoriyanın kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas-alim Firidun Qurbansoy, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Nəzakət Qafqazlı, “Qafqaz-Media İctimai Birliyi”nin sədri Hacı Azadə-Taleh Abbas qızı Talıbzadələr və İslam mövzusu ətrafında öz fikirlərini bölüşdülər. Çıxışçılar Axund Yusif  Talıbzadə, Abdulla Şaiq, Kamal Talıbzadənin dini görüşlərini müzakirə etdilər.

Tədbirdə  Nizami rayonu Uşaq və Gənclər Mərkəzinin Teatr dərnəyinin üzvü, gənc istedad Zeynalabdin Bağırzadə İslam dini ilə bağlı şeir söylədi, slayd-şou nümayiş etdirildi.

 

 



Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
 

 

 

 

Copyright © 2016 - 2019 - House museum of Abdulla Shaig

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.